Vəzifədən və “dahilik”dən qovulma

Rahid Ulusel, filosof

Rahid Ulusel, filosof

16 fevral 2022
# 10:10

Kulis.az Rahid Uluselin “Vəzifədən və “dahilik”dən qovulma” adlı yazısını təqdim edir.

Bilirdiniz? Sən demə, Ramiz Mehdiyev həm də dahi imiş! – Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Ramiz Mehdiyevə Azərbaycanın bütün tarixində yetirdiyi dahi alimlərinin – Nəsirəddin Tusi, Lev Landau, Lütfi Zadə, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə və s.-in sırasında yer verib. Yəqin, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən bayıra atılan Ramiz Mehdiyevi bugün-sabah bu siyahıdan da çıxaracaqlar.

Vaxtilə yazmışdım:

Dünyaya canavar dişləri əksən,
Süd dişləri kimi töküləcəksən.

Ancaq indi siz deyin, XX əsrin sonlarından XXI əsrin bugününə kimi Prezident Administrasiyasının, sonra da AMEA-nın rəhbəri olaraq Azərbaycan elminin və aliminin qarşısına kötük kimi diyirlənmiş, geydirmə akademik olduğuna heç kimin şübhə etmədiyi, yalnız vəzifəsindən sui-istifadə edərək hər şeyi qamarlamağa çalışdığı kimi, elmin də başında tac olmağa can atan bir adamı necə “DAHİ” adlandırmaq olar?!

Belə bir meyarlandırma prinsipinə sahib olan bir təsisatın – Elmin İnkişafı Fondunun alimlərin yazdığı əsərləri, tədqiqatları elmi dəyərləndirmə obyektivliyinə inanmaq, güvənmək olarmı?! Təkcə elə bu fakt göstərir ki, Ramiz Mehdiyev həm də elmin inkişafına dəstək olsun deyə dövlətimizin etimad bəslədiyi bu qurumun ağası imiş.

Təsəvvür edin, fəlsəfə üzrə sonuncu akademikimiz Fuad Qasımzadə vəfat etdikdən sonra (2010) Azərbaycanın yeganə və müstəsna akademiki Ramiz Mehdiyev olmuşdur! Və Azərbaycan humanitariyasının bu cəlladı əlindəki bütün fürsətlərdən istifadə edib ölkəmizdə bu mühüm elm sahəsi üzrə bircə akademikin yetişməsinə imkan verməmişdir.

Halbuki təkcə elə Akademiyada bu mötəbər statusa layiq alimlər var. Fəqət “fəlsəfə akademiki” Ramiz Mehdiyevin həndəvərində özgə bir fəlsəfə akademiki ola bilməzdi! Ona görə də AMEA-da keçirilən bütün müxbir üzv və həqiqi üzvlüyə seçkilər məhz onun kobud və bilərəkli müdaxiləsi ilə heçə-puça çıxarılırdı.

Əsl Azərbaycan tragikomediyası: generallar yetişdirən bir ölkə bircə dənə fəlsəfə üzrə akademik yetişdirə bilmirmiş! Ancaq bu tragikomediyanın məntiqi təməli var: ideologiyalar, əsasən, fəlsəfi ideyalar zəminində hazırlanır. Ramiz Mehdiyevin başlıca “vəzifələrindən” biri bu idi: Azərbaycanda milli humanitar elmlərin fundamental əsasları yaranmamalı, buna cəhd edən alimlər korlanmalı, fəlsəfədən dövlətçilik ideologiyasına alimlərin yolu bağlanmalı idi. Kişi yetərincə bu istəyinə də nail olmuşdu. Elə özü həmin yolun baş məmur-nəzarətçisinə çevrilməklə. Məhz buna görə də o, Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunu gözüqıpıq vəziyyətə gətirmişdi.

Məqsəd də, əslində, xəyanət: Azərbaycan humanitar təfəkkürü müstəqil şəkildə elmi paradiqma irəli sürə bilməsin – Rusiyada istehsal edilən və bilavasitə bu imperialist dövlətin maraqlarına xidmət edən “ideya layihələrinin” idxalçısına çevrilsin.

Ramiz Mehdiyevin hər addımı Azərbaycan üçün təhlükəli olan və indiyə qədər bizə əngəllər törədən bu strategiyaya hesablanmışdı. Məgər o təsadüfənmi demişdi?! – “Dünya siyasətçiləri Putinin əlinə su tökməyə belə layiq deyil!”

“Yıxılana balta çalmazlar” – deyiblər. Ancaq bu yıxılan – elə-belə ağac (kötük) deyil, onun kökləri, əmici telləri çox dərinlərə işləyib. Biz alimlər bunu vaxtında görür və deyirdik. Səsimizi isə cınqır ikən boğurdular. 2010-cu illərin əvvəllərində – Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt mən onun bütün elmi əsərlərini alt-üst edən bir məqalə yazmışdım: “Baş ideoloqun boş ideologiyası”.

Onu Azərbaycan mediası heç yaxına buraxmadı. Ramiz Mehdiyev bütün kitabları kimi, qondarma bir konsepsiya hazırlamışdı: “milli demokratiya”. İçi avtokratiya və hətta diktaturadan ibarət olan bu “konsepsiya” bütün post-sovet respublikalarını təxminən indiki əkə Türkmənistan modelində bir ölkəyə çevirmək niyyəti daşıyırdı. Ramiz Mehdiyevə də elə bu lazım idi. Çünki bu proses Azərbaycanı da daim Rusiyanın yedəyində sürünən bir vassala çevirəcəkdi...

Bu gün sağlam düşüncəli Azərbaycan mediası Ramiz Mehdiyevi – əslində, Rusiyanın Azərbaycanda yeritdiyi siyasətin flaqmanını darmadağın etdi. Bu böyük qələbədir. Ramiz Mehdiyevin darmadağın edilmə prosesi – Rusiyanın Ermənistana verdiyi hərbi texnikanın Zəfər Paradında nümayişi ilə rüsvay edilməsinə bənzədi.

Vətən Müharibəsində qalib gəldik. Ancaq ən böyük savaşımızın nəticəsi – hələ də içində boğulduğumuz naqislikləri yenməyimiz olacaq.

Azərbaycanı İnsan Dövlətinə çevirmək, vətəndaş üzərində məmur səltənətinə son qoymaq, Millət və Respublikaçılıq dəyərlərini məbədə çevirmək – bax, bu olsun Vətən uğrunda savaşımızın yeni dalğası!

# 2757 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #