Sizin nəinki ədəbiyyata, heç meyxanaya da dəxliniz yoxdur...

Mehdi Dostəlizadə, Pərviz Arif, Kərim Abi

Mehdi Dostəlizadə, Pərviz Arif, Kərim Abi

27 may 2022
# 15:00

Bir gün Fateh Sultan Mehmetin yanına bir adam gətirib deyirlər ki, bu adam sapı iynənin deşiyindən 10 metrdən atıb keçirə bilir. Adamı gətirirlər, həqiqətən, 10 metrdən sapı iynənin deşiyindən keçirir. Sultan bu adama 100 qızıl verir, gedəndə əmr verir ki, ona 100 qamçı vurulsun. Vəzir-vəkil soruşurlar ki, niyə həm qızıl verdin, həm də cəzalandırdın? Sultan deyir, qızıl məharətinə görə idi, qamçı isə bu cür mənasız və gic-gic işlərlə məşğul olduğuna görə.

İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində dünən meyxanadan danışırdılar. Yenə eyni söhbətlər, “meyxana sənətdirmi, yoxsa sənət deyilmi?”, “meyxana zərərlidirmi?”, “meyxana Azərbaycana aid bir şeydirmi?” və s.

Mən başa düşə bilmirəm, bu fantomların mənası nədir? Niyə hər dəfə bu mənasız söhbətləri açıb-ağardılar, danışırlar?

Meyxana haqqında heç vaxt yazmamışam, bu yazı istisna olmaqla, bundan sonra da heç vaxt yazmaq fikrim yoxdur. Bu yazıda da, əsasən, meyxana yox, həmişə olduğu kimi, konkret ad çəkərək, bəzi adamlar haqqında danışacağam.

Çırtma çalmaq və sənət

Təəccüblüdür ki, meyxana deyənlər bu işin durmadan sənət olduğunu iddia edirlər, dəlicəsinə sübut etməklər, polemikalar, dava-şava. Ümumiyyətlə, durub “mən sənətçiyəm, ay camaat. Mən sənətlə məşğulam” deyən adam natamamlıq kompleksindən əziyyət çəkən bir adamdır. Heç bir sənətçi durub deməz ki, mən sənətçiyəm.

Meyxana nəinki ciddi sənət deyil, heç ümumiyyətlə, sənət deyil. Mənə görə, bir şeyin sənət olması üçün, həmin işdə insan əməyi və zəhməti olmalıdır. Sənətin birbaşa faydası yoxdur. Bir sənətçi deyə bilər ki, mənim çəkdiyim rəsm, yaxud tikdiyim bina 1000 il sonra işə yarayacaq. Sənəti parça-parça tədqiq etmək mümkün deyil. Sənət holistik bir şeydir. Meyxana isə an söhbətidir, gəlir, deyirsən və itir.

Qərəz, mənim çox da vecimə deyil, kimlər meyxanaya sənət deyir və yaxud kimlər demir. Bu mənim düşüncələrimdir. Bəhrlərdən, bölgülərdən də başım çıxmır. Başınızdan tüstü çıxsa da, çıxmasa da, deyirəm ki, meyxana sənət deyil.

“Sabaha saxlamayaq” verilişində ölkənin ən intellektual meyxanaçısı Kərim Abi və ən yaxşı şair-aparıcı meyxanaçısı Pərviz Arif vardı. (Cahangeşt də orda idi, sadəcə onun söhbətə dəxli yoxdur, səhvən düşmüşdü ora, adam doğrudan da əla meyxana deyir, verilişdə nə işi var idi, bilmirəm).

Əvvəla, mənə görə, “Abi” təxəllüslü bir adam ciddi nəsə yarada bilməz. Burda söhbət Kərimdən getmir, tutaq ki, adı “Tolstoy Abi”, “Vüqar Abi” olan bir adamı da ciddi qəbul edə bilmərəm. Kərim ən birinci, məncə, təxəllüsdə uduzub. Kərim və Pərviz, demək olar ki, meyxanaya dəxli olan və olmayan bütün verilişlərdə iştirak edirlər. Pərviz Arif verilişdə də deyir ki, mənim əsas qazancım meyxanadan gəlmir. Bəli, çünki sən heç yaxşı meyxana da deyə bilmirsən. Rəşad Dağlı, Orxan Lökbatanlı, Ruslan isə ancaq meyxanadan qazanırlar. Niyə? Çünki onları toya çağırırlar. Pərviz Arif və Kərim Abi ortada qalıblar. Nə meyxanaçı kimi meyxanaçıdırlar, nə şair kimi, nə də aparıcı kimi. Feysbukda psevdo-intellektual bir balaca dünyaları var, verilişlərə çıxırlar, özləri veriliş yazır, çəkirlər, arada kitab yazırlar. Bu adamların meyxananı müdafiə etməyi də həyatın ironiyasıdır.

Seymur Baycan demiş, yaxşı bişirilmiş kartof, yarımçıq dəmlənmiş aşdan min dəfə yaxşıdır. Mən Rəşad Dağlının yanında 6 ay hərlənim, bütün toylara onunla gedim, bir az dərs alım, yüksək səviyyəli meyxana deyə biləcəyimə tam əminəm.

Yəni brendlər qalıb bir qıraqda, onlar belə ucuz söhbətlərlə məşğul olmurlar. Rəşad Dağlı niyə İctimai TV-ə çıxıb, meyxananı pisləyən adamlarla mübahisə etmir? Çünki Rəşad Dağlıya İctimai TV lazım deyil, amma İctimai-yə Rəşad lazımdır. O, öz işi ilə məşğuldur. Adamın balaca bir misrasını bütün ölkə bir həftə müzakirə etdi. Pasterlə duet oxudu. Meyxanaya yeni nəfəs verir, bütün gün toylardadır, kim nə deyir, kim nə danışır, heç vecinə deyil. Və Kərim Abi ilə Pərviz Arifdən fərqli olaraq, Rəşad Dağlının ciddi sənət iddiası yoxdur. Toylarına gedir, işini görür. Bəlkə də, ömründə heç bir kitab oxumayıb. Bəlkə də, Kərim Abi ondan daha “intellektual”dır. Amma bunun söhbətə heç bir dəxli yoxdur. Kitab oxumamağı Rəşad Dağlının üstünlüyüdür. Kərim Abi kimi oxumaqdansa, oxumamaq yaxşıdır.

Hətta mən Rəşad Dağlıdan qorxuram. Deyirəm, birdən gəlib döyər məni. Elədi-elədi də. Hər kəs Kərim Abi kimi Kafkanın “Metamorfoz” əsərini oxumayıb ki...

Kərim Abi və Kafka Abi

Verilişdə Mehdi Dostəlizadə də iştirak edirdi. Ümumiyyətlə, digər qonaqlar haqqında danışmayacam, hamısı türklər demiş, “hayal kırıklığı”dır. Mehdiyə cəmi-cümlətani iki dəfə söz verilir və o öz həyasına, abrına bürünərək mədəni şəkildə öz iradlarını bildirir. Tənqidini düzgün edir, hədəfə vurur. Çox əla çıxış edir.

Amma di gəl ki, əvvəlcə Kərim Abi, daha sonra Pərviz Arif başlayırlar ki, bəs Mehdi uşaqdır, Mehdinin 20 yaşı var, Mehdi bəbədir. Onun hələ öyrənməli olduğu çox şey var, onun düşüncələri dəyişəcək-zad. Ümumiyyətlə, Mehdinin əsaslı arqumentlərinə başdansovdu cavab verirlər, tənqidlərindən yaşını arqument göstərib boyun qaçırırlar. Başdan-ayağa diskriminativ (arada belə sözlərdən istifadə edirəm ki, Kərim Abinin xoşuna gəlsin. Kafka aşiqi dostumuzun intellektual olmayan söhbətlərdən acığı gəlir) bir münasibət mövcuddur Mehdiyə qarşı. Niyə? Hansı əsasla bunu etmək ixtiyarları var? Mehdi də tərbiyəsinə sığışdırıb artıq heç nə cavab vermir. Beləmi olmalıdır? Bəs axı Kafka deyir ki, özünüzdən balacalara normal davranın.

Bu necə əsassız bir arqumentdir ki? Mehdinin yaşının bu söhbətə nə dəxli var? Tutaq ki, Mehdinin danışdıqlarını 40 yaşlı bir adam desəydi, o halda, səhvinizi boynunuza alacaqdınız? Kafkanın “Metamorfoz” əsərində belə şey harda yazılıb?

Ümumiyyətlə, Mehdinin orda bir səhvi oldu. Səlim Babullaoğlu Pərviz Arifə ciddi şair deyən an gərək durub sakit-sakit verilişi tərk edəydi. Deyirlər ki, sözünə qulaq asmırlarsa, gərək yerini dəyişəsən. Əgər yerini dəyişməsən hörmətdən düşəcəksən.

Lirik geriləmə:

Mehdi deyir ki, mən publisistik yazılar yazıram. Kərim Abi də deyir ki, istəyirsən mən də publisistik meyxana deyim. Ölmüşük gülməkdən.

Lirik geriləmənin sonu.

Ümumiyyətlə, meyxananın qayəsində, mayasında intellekt yoxdur. Kərim Abi özünü nə qədər intellektual göstərməyə çalışsa da, alınmır. Bunun iki səbəbi var.

Birincisi, Kərim, doğrudan da, intellektual deyil. Nə vaxt dindirirlər deyir ki, rus dilini bilirəm, ali təhsilliyəm, heç bir kriminal bağlılığım yoxdur. Daha sonra da o hissələri kəsib “peçat” sözlər kimi paylaşır.

İkinci səbəb isə meyxananın intellektuallığa dəxli yoxdur. Meyxana çırtma çalınaraq, ritm tutularaq, dindən, qazilərdən, imamlardan, hicabdan, Paşinyanın arvadından deyilən cümlələrdən ibarətdir. Kərimin özünün dediyi kimi meyxanaya qulaq asan adamlar Kafkanı tanımır. Buna ehtiyacları yoxdur.

Əgər o “heç kim məni başa düşmür” hallarındadırsa, yaxşı olar ki, bundan qurtulsun. Çünki “sənət”də öz gücünü müəyyən etmək ən birinci şərtdir. Əgər Kərim abimiz bundan sonra dediyi meyxanalarda Kafkanın, Dostoyevskinin, Tolstoyun adını çəkmək istəyirsə, buna ehtiyac yoxdur. Belə olanda heç şabaş da ala bilməyəcək. Gərək mütləq Paşinyanın arvadından desin. Çətin seçimdir, başa düşürəm. Bir tərəfdə yalançı patriotizm, Paşinyan, şabaş, bir tərəfdə də həqiqi intellektuallığa olan sevgi, Kafka, Çevrilmə, metamorfoz və şabaş yoxdur, “peçat” sözlərdən sonra qışqıran kütlə bir anda puç olub, ortadan itir. Qəribədir. Həm də maraqlı.

Əslində, Mehdinin mənim müdafiəmə ehtiyacı yoxdur. O özünü müdafiə edə bilər. Yaşı az olmasına baxmayaraq həm də. Kafkanı da oxuyub.

Pərviz Arif isə ciddi şairdir. Ona gərək ilişməyək, bir veriliş də bizim haqqımızda çəkər. Sonra rüsvayi-cahan olarıq.

Kərim Abi və Pərviz Arifə yaşım çatmasa da, ərklə bir məsləhət vermək istəyirəm.

Qoyun, meyxana toyxanada qalsın. Onun marağı və “undegraund”luğu ordadır. Meyxananı TV-lərə, verilişlərə, sosial şəbəkələrə çıxarmaq lazım deyil. Meyxanaçı da Rəşad Dağlı kimi olar. Özünüzü bir az baha qiymətə təqdim edin. Hər yerdə görünəndə, adam gözdən düşür. Çalışın hər yerdə olmayın. Sizi axtaraq. Görək onlar necə yaşayır, nə oxuyur, nə izləyirlər. Psevdo-intellektuallığa gərək yoxdur. Kərim Abi, məsələn, çıxıb desə ki, mən indiyə kimi heç vaxt kitab oxumamışam, bunu çox müsbət qarşılayaram. Çünki həqiqət belədir. Yaxud Pərviz Arif desə ki, mən meyxana deyə bilmirəm. Bu da çox müsbət hal olar. Zərərin yarısından dönmək də qənimətdir.

Zamanın sınağından pis çıxan şeylər, məhv olmağa məhkumdur. Mehdi kimi uşaqlarla hesablaşmaq məcburiyyətindəsiniz! Yaşımız az olsa da və Kafkanı sevməsək də...

# 13368 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #