Sifonu çəkmədiklərinə görə işdən çıxdım

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

10 yanvar 2023
# 12:00

Kulis.az Ulucay Akifin “Tualet mədəniyyətsizliyi” yazısını təqdim edir.

Şotlandiyalı alimlər tualet mədəniyyəti ilə bağlı maraqlı bir araşdırma aparıb. Araşdırmalar nəticəsində məlub olub ki, tualet mədəniyyətinin ən aşağı olduğu ölkələrdən biri bizim məmləkətimizdir.

150 ölkə arasında aparılan araşdırmada ölkəmiz 147-ci sırada yer alıb. Bu faktı görəndə, çox pis oldum, dərin sarsıntı keçirdim. Ən çox da ona pis oldum ki, bədxah qonşularımız bu siyahıda bizi qabaqlayıb. Onlar bu sıralamada bizdən düz 73 pillə irəlidədilər. İndi başa düşürəm ki, adamlar niyə Qarabağdan çıxanda unitazlarını da qucaqlarına alıb özləri ilə aparırmışlar. Biz də lağ edirdik.

Sən demə, lağ ediləsi vəziyyətdə biz imişik. Sən demə, yurdumun insanı hələ də bu mədəniyyətə tam yiyələnə bilməyibmiş.

Günü belə xəbərlə açmaq məni çox kədərləndirdi. Açığı, bu haqda özümün də bir xeyli şübhələrim var idi. Burnuma kötü kokular gəlirdi, amma bu qədər olacağını da düşünmürdüm.

Elə ötən gün, xətrinizə dəyməsin, şəhərin ən bahalı restoranlarından birində tualetə gedəsi oldum. Əlbəttə, mən də istəməzdim ki, belə bir zərurət yaransın, amma yarandı. İndi mən neyləyim ki, bu, baş verdi?

Dostlara “mən indi gəlirəm” deyib masadan qalxdım. Dostlarımdan birinin “tualetə gedirsəəəən?” deyib gülməyini anlamasam da, çox qəribçiliyə salmadım. Fikirləşdim ki, olur da belə şeylər. Ayağa qalxıb getdim işimin dalınca. Az getdim, üz getdim, dərə-təpə düz getdim, axır gəlib çatdım təyinat nöqtəsinə. Çox uzun çəkməyən işimi həll edəndən sonra sifona basdım, su gəlmədi. Yenə basdım, yenə gəlmədi. Fikirləşdim ki, yəqin, hələ su dolmayıb, təxminən 2 dəqiqə 37, ya 2 dəqiqə 38 saniyə əllərimi qoynumda birləşdirib dayandım və gözlədim. Yenə sifona basdım, yenə su gəlmədi. Əlimi yuyub tualetdən çıxdım.

Elə o məqam yanımdan keçən ofisiantı saxladım. Vəziyyəti ona izhar elədim, dedim ki, bəs başıma belə iş gəlib, unitazın sifonu işləmir. Gülə-gülə üzümə baxıb “bilirəm, müəllim. Hı hııı” deyib getdi. Dedim, yəqin, tualetdən məsul başqa bir şəxs tapmalıyam. Yaxınlaşdım restoranın administratoruna. Hündürboy, yaraşıqlı, şıq kostyumda olan, əqli yerində görünən cavan idi.
Yəni kənardan buna baxsan, deyərsən ki, maşallah, Allah hər şey verib.

Yaxınlaşdım, vəziyyəti ona da izhar elədim, dedim ki, bəs başıma belə iş gəlib, unitazın sifonu işləmir. O da eynilə bayaqkı ofisiantın dediyi cümləni eyni intonasiyada, eyni gülüşlə təkrarladı: “Bilirəm, müəllim. Hı hııııı”.

Bayaqdan gözümə hündürboy, yaraşıqlı dəyən bu administratorun, təxminən, 1.70 (bir yetmiş) boyunda və eybəcər, həm də əqli qüsurlu olduğunun fərqinə vardım. Yoxsa adam bu problemə niyə “bilirəm, müəllim. Hı hııııı” cümləsi ilə reaksiya versin?

Görünür, bu “hı hııııı” nədisə, bütün söhbət ordadı, mən tutmuram.

Bu, başıma gələn ilk belə problem idimi? Əlbəttə ki, yox. Ölkədə normal tualeti olan kafe, restoran görəndə, istəyirəm çıxan kimi ilk iş müdiriyyətə yaxınlaşıb təşəkkürlərimi çatdırım, məmnuniyyətimi bildirim.

Tək kafe və restoranlarda yox, elə digər ictimai iaşə obyektlərində də. Açığı, “ictimai iaşə obyektləri” ifadəsinin nə demək olduğunu mən də bilmirəm.

Nəysə. Bu yerdə oxuculara demək istəyirəm ki, yazı bir az uzun ola bilər, işiniz varsa, gedə bilərsiniz. Özünüzdən muğayat olun. Gününüz uğurlu olsun. Uzun yazacam, çünki bir də bu mövzuya qayıtmaq istəmirəm.

Yəqin, bir çoxunuz bilirsiniz ki, illər əvvəl “Ədalət” qəzetində çalışmışam. Düzdü, hər nə qədər indi Aqil Abbas məni gördüyü hər yerdə o vaxt qəzetdə düz-əməlli işləmədiyimi, özümə xurma yedirtdiyimi desə də, belə deyildi (əslində, düz deyir eeee). Nəysə. Başqa qonulara girməyək. (“qonu” nədi e, yazdım bura?!)

“Ədalət” qəzetinin redaksiyası Azərbaycan Nəşriyyatının binasında yerləşir. Bakı Dövlətin arxasında. Ümid edirəm ki, heç vaxt ora yolunuz düşməz. Birinci mərtəbəsində yeməkxanası var, düz 35 ildi oranın bufetçisi Anar adında oğlandı. Ah bu Anarlar, Anarlar. Bufetçi postundan da vaz keçə bilmirlər.

Hə, bilənlər bilir, Azərbaycan Nəşriyyatının binası bu ölkənin ən bərbad binalarından biridir. Təsəvvür edin ki, liftə minirsən, lifti 5 nəfər kəndirlə yuxarı qaldırır. Yəqin, belə binada tualetin nə vəziyyətdə olduğunu özünüz təsəvvür edirsiniz. Etiraf edirəm ki, “Ədalət” qəzetində işlədiyim vaxtlarda, demək olar, heç yemək yemir, çox az miqdarda da su içirdim ki, yolum “mədəniyyət evi”nə düşməsin.

Hə, bu arada, şotlandiyalı alimlər araşdırmaları nəticəsində azərbaycanlıların tualetə “mədəniyyət evi” deməyini öyrənib xeyli təəccübləniblərmiş. Hələ Con Skott adında alim Stiv Alfredə deyib ki, “bunlara bax e, həm tualetə mədəniyyət evi deyirlər, həm də tualet mədəniyyətləri yoxdu, hı hıııı”. Belə də deyib.

Hə, “Ədalət” qəzetində işlədiyim vaxtlar cəmi 2 dəfə tualetə yolum düşmüşdü. Bir dəfə də qapıdan qayıtmışdım. Tam içəri keçəcəkdim ki, gördüm içəridən vuran qoxu ilə təbii ehtiyacım qəfil yoxa çıxdı, sevinə-sevinə geri qayıtdım. O iki dəfədə də burnumu tutub nəfəsimi saxlamışdım.

Birində az qalsın, nəfəssizlikdən huşumu itirəcəkdim, son anda özümü çölə atdım. Qəzetdən də elə tualetə görə ayrılmışdım. Elə bir gün Aqil Abbasa dedim ki, bəs mən işdən çıxmaq istəyirəm. Soruşdu ki, niyə, a bala, nolub?

Dedim, tualetim gəlir.

Çox sağ olsun, anlayışla qarşıladı bu qərarımı.

Başınızı ağrıtmıram ki? Elədisə, üzrlü sayın. Bir-iki məqama da toxunum, yekunlaşdırıram.

O gün bir Nazirliyə getmişdim. Tələm-tələsik tualetə girdim ki, həm təbii ehtiyacımı ödəyim, həm də güzgüdə saçıma-başıma baxım. Tualetə girəndə hansı mənzərəylə qarşılaşsam yaxşıdı? Demək istəmirəm. Özünüz təsəvvür edin. Hı hıııı.

Ay qardaş, sən nazirliyin əməkdaşısan e, o boyda nazirlikdə işləyirsən, bəlkə də, hansısa şöbənin müdirisən. Heç utanmırsan? Bu sifonu çək də. Nə çətin məsələdi axı bu sifonu çəkmək? Sifonu özün çəkməlisən, bu işi səndən sonrakı adama saxlamamalısan.

İstifadə qaydasını bilmirsinizsə, kurslar açaq, təlimlər keçək, xarici mütəxəssisləri dəvət edək, bu mövzuda treyninqlər təşkil edək. Allah haqqı, düz deyirəm, əgər bunu bilmirsinizsə, eləyək də. Belə də tərbiyəsizlik olar? Belə də mədəniyyətsizlik olar?

Sonra deyirlər ki, Ulucay adamları təhqir edir. Kül olsun Ulucayın başına! İl olub 2023, camaat Marsda həyat, Yupiterdə su axtarır, bizimkilər hələ tualetdə işini bitirdikdən sonra sifonu çəkməyi öyrənməyib.

Şəhərin mərkəzindəki kafelərin, restoranların, pabların tualetinə girmisiniz də, yəqin. Yəqin, onu da görmüsünüz ki, həmin tualetlərdə xeyli yazılar və şəkillər olur.

Təxminən belə:

“Çalış həyatda səndən sonra iz qalsın, amma tualetdə yox”.

Böyründə də bir dənə smaylik işarəsi.

Ya da:

“Sifonu çəkin”, “Salfetkanı zibil qutusuna atın”.

Hələ birində yazılmışdı ki,

“Unitaza işəyin”.

Belə də yazılmışdı.

Ay camaat, o sözləri sizi güldürmək üçün yazmırlar. İşləri-gücləri qurtarıb, sizin tualetdə gülməyinizi istəyirlər? O sözləri yazırlar ki, sifonu çəkəsiniz, salfetkanı zibil qutusuna atasınız, unitaza işəyəsiniz. Sadəcə smaylik də qoyurlar ki, tərbiyəsizlik olmasın. Siz də gülüb sifonu çəkmirsiniz, salfetkanı zibil qutusuna atmırsınız, unitaza işəmirsiniz.

Mən nə deyim sizə? Nə deyim də? Hı hııı...

Bu yazı sizə vulqar görünə bilər, hələ axırda dözməyib “işəmək” sözünü işlətməyim sizi iyrəndirə də bilər, amma sizin sifonu çəkməməyiniz, salfetkanı zibil qutusuna atmamağınız, unitaza işəməməyiniz daha iyrəncdi.

Siz belə tərbiyəsiz, belə iyrənc olmasaz, mən də bu yazını yazmağa məcbur olmazdım. Xahiş edirəm, innən belə sifonu çəkin, salfetkanı zibil qutusuna atın, işəyəndə də unitaza işəyin. Hı hıııı.

Hə, bir də ki, şotlandiyalı alimlər araşdırma-zad aparmayıb, narahat olmayın. Şotlandiyalı alimlərin çox elə vecinədi azərbaycanlılar sifonu çəkmir, salfetkanı zibil qutusuna atmır, unitaza işəmir.

# 29344 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #