Səmra ilə Hissin yediyindən istəyirəm!

Səmra Rəhimli, Hiss

Səmra Rəhimli, Hiss

11 fevral 2022
# 10:17

Kulis.az Ayxan Ayvazın “Hip-hop” yazısını təqdim edir.

O günləri kafelərin birində nahar edirdim, hesabı ödəmək üçün qalxanda bir nəfər yaxınlaşdı və dedi ki, siz bizim fəxrimizsiniz, sizi çox istəyirik. Hesabı götürməyə gələn ofisiant üçün bu səhnə olduqca maraqlı gəldiyi üçün ayaq saxlayıb qulaq kəsildi. Mən də ağlımdan keçirirdim ki, görəsən, nə qədər hesab gəlib. Oxucumun yanında açıb baxmağa da utanırdım.

Adam məni tərifləyirdi və mən də o təriflədikcə kiçilməyə başlayırdım. Xasiyyətimdir, kimsə məni tərifləyəndə narahat oluram. Yəni narahat oluram deyəndə onu demək istəmirəm ki, xoşuma gəlmir. Xoşuma gəlir, özü də lap çox. Amma hamının içində təriflənəndə qəribə bir narahatlıq dolur içimə. Səbəbini bilmirəm. Heç araşdırmamışam da. Açığı, vaxtım yoxdur. Düzü isə, maraqsızdır. Guya səbəbini tapsam nə olacaq ki?

Hə, tərifləri eşidən ofisianta baxanda içimdə get-gedə böyüyən bir gülüşün qəfil partlayacağından qorxurdum. Çox güman ofisiant mənim çox böyük vəzifə sahibi, yaxud da məşhur bir insan olduğumu sanırdı. Sonra da öz-özünə deyirdi ki, bunun pulu olmasa, heç kim tərifləməz, yəqin cibində paçka-paçka pullarla gəzir. Bəs elədirsə, niyə o mənə “çayavoy” vermədi?

Mən isə düşünürdüm ki, görəsən, bu yoldaş varlıdırmı, maşını, evi, evləri varmı? Görəsən, heç olmasa, mənim yediyim yeməyin pulunu ödəyəcəkmi? O, dayanmadan mənim yazılarımdan danışır, birini başlayıb, o birinə keçirdi.

Danışığından hiss edirdim ki, kasıb adamdır. Kasıb adam olduğunu hiss edəndə isə qanım qaraldı. Oxucum mənimlə sağollaşıb uzaqlaşanda qanımın qaralığı bir az da artdı, ofisiant o an hesabçanı masaya çırpdı və tələsik uzaqlaşdı. Hesabı ödəyib çıxanda anladım ki, kasıb oxuculardan heç xoşum gəlmir. Ümumiyyətlə, kasıb adamlardan da.

Yaşımın elə bir vədəsindəyəm ki, kasıblıqda romantika axtaracaq qədər məzmunsuz xoşbəxtliyə bürünə bilmərəm. Bir manatlıq çayın başına yığışıb Füzuli, Pablo Neruda söhbətlərindən zövq alacaq çağda deyiləm.

İndi mən Günel Mövlud bacı demiş, pulların cibimə sığışmadığı yaşdayam. İçinə girəndə başımın hərlənəcəyi villalarım, parıltısı düşmən çartladan maşınlarım olmalıdır.

Son vaxtlar da dinlədiyim musiqilər də içimdəki kasıblıq nəğmələrini öldürməkdədir. Müğənni Hissə burdan təşəkkür edirəm, məni hər gün çox gözəl ovqatla qarşılayır. Bu şirin qızın mahnıları məndə elə duyğular oyadır ki, onu sözlə izah etmək mümkünsüzdür.

Rahatlıq, asudəlik, azadlıq, boşluq, heçsizlik və s. Üstəlik, hiss edirəm ki, Hiss xanım qapalı biridir, kliplərində daha çox aşağı baxır. Arzu edirəm ki, bu cür mütəvazilik – türkcə söz işlətdiyim üçün Seymur Baycandan dönə-dönə üzr istəyirəm, amma burda məhz bu söz yerinə düşürdü – şou-biznes aləmindəki bütün xanımlara qismət olsun. Ola bilsin, Hissin uşaq evində böyüməsi onun ruhuna bu cür qapalılıq hopdurub. Ancaq bu qapalılıq Hiss xanımı Kafka kimi bizə sevdirə bilir. Ona görə də onun bir mahnısına görə 60 min manat pul qazanması məni qıcıqlandırmadı. Halal xoşu olsun. Sağ əli mənim başıma.

Özü də Hiss deyir ki, soyunmağıma gərək yoxdur, istəmirəm, kimsə ayağıma baxıb desin, bu nə seksi qızdır. Hiss xanıma qatılıram. Ümumiyyətlə, soyunmaq şou-biznesin diktəsidir, lakin soyunmaq sənətdirmi, deyilmi, bunu müəyyənləşdirmək lazımdır. Mənim soyunmaqla problemim yoxdur. Lazım olsa, özüm də soyunaram. Tutaq ki, Səmra Rəhimli soyunanda da özümü pis hiss eləmirəm (Yoldaşım onun kliplərinə baxanda qısqanır, deyir mp3-də qulaq as). Soyunur, özü bilir. Soyunmağı elə də problemə çevirmək lazım deyil. Ancaq soyunmaq (nə qədər bu sözdən istifadə elədim e) sənət nümunəsi deyil, onun arxasında sənət dayanmalıdır. Tutaq ki, Röya soyundu, sonra da ortaya mahnıları çıxdı, vəssalam, qurbağa gölünə daş atıldı. Səmra Rəhimlidən bircə acizanə xahişim o ola bilər ki, arada bir qapalı geyinsin, görək nə olur. Eləcə geyinsin də. Yəni çox soyundu, indi də bir az geyinsin. Çünki Səmra Rəhimlini dinləyəndə genetikamın kasıb olduğunu xatırlayıb kədərlənirəm. Ümumiyyətlə, mən niyə kasıb olmalıydım? Mənim niyə fanatım kasıb olmalıdır? Mən də istəyirəm Səmra Rəhimlinin, Hissin yediyindən yeyim, onların mindiyi maşına minim.

Səmra Rəhimli “AZN” klipinə görə söyülmüşdü. Səbəb nə idi, bilirsiniz? Çünki hamı onun kimi varlı yaşamaq istəyir. Azərbaycanlılar varlı adam görəndə dəliyə dönürlər. Özümdən bilirəm bunu.

Anam həmişə filankəsin varlı olmağını özünə dərd eləyirdi. Bütün günü fikirləşirdi ki, görən, o necə varlanıb, o maşınları, o evləri necə alıb. Anam bu suala cavab tapmır, sonra da atamın yaxasına çökürdü.

Atam varlana bilərdi, ancaq özü istəmədi. Məncə, varlana bilən, ancaq bunu istəməyən adamlar səmimi deyillər. Azərbaycanlılar həmişə kasıb yaşamağın fəlsəfəsindən dəm vurub bu cür həyatın daha yaxşı və fəxr ediləsi olduğunu deyiblər. Halbuki heç biri səmimi deyil. Onlar varlı ola bilməyəcəklərini anlayıb kasıb olublar. Kasıblığa tale deyirlər. Kasıblığın taleyə nə dəxli? Fərasətsizsənsə, kasıb olacaqsan. Vəssalam.

O günləri Rüzgarın müsahibəsinə baxdım. Adamı battle çağırırlar, deyir ki, 50 min manat ortaya qoysunlar, problem deyil. Bizim Vüqar Babazadə deyir ki, biz də özümüzü reperlər kimi aparmalıyıq, çox pul tələb eləməyik. Metroda gedən bu əfsanəvi söhbət bu sözlərdən sonra mənim qəfil gülüşümlə yarımçıq qaldı, Vüqar da mənə qoşuldu. Bu, kafedə ofisiantın məndən “çayavoy” gözləməsi vaxtı içimdə saxladığım gülüş idi.

Güləndə Kəramət Böyükçölün reperlərə dediyi “bir-iki dəqiqəyə onların yazdıqlarını yazaram” deməsi yadıma düşdü. Bir partiya da buna görə güldüm – çünki xəyalımda Kəramətin reper kimi əlini-qolunu sallaması səhnəsi gəldi, buna da dözə bilmədim. Saqqalı da var, rəngli koftalar da geyinir. Bircə qalır yaxşı rep demək.

Ümumiyyətlə, mən də repə keçməliyəm. Mənim də saqqalım var, belə özümə görə sözüm də var, söhbətim də. Ayxan Hip-hop. Necədi?

Saqqal demişkən, burdan dəyərli yazarımız Zamin Hacıya deyəsi sözüm var. Oxucuların bir xahişi var və məndən rica etdilər ki, o xahişi Zamin bəyə çatdırım.

Zamin bəy, xahiş ondan ibarətdir ki, lütfən, saçınızın kəsildiyi, saqqalınızın təraş olunduğu bir fotonuzu bizə göndərin. Çünki oxucular yazının başını buraxıb, sizin başınızla maraqlanmağa başlayıblar. Ara yerdə yazı yaddan çıxır, xalq sizin saç-saqqalınızın müzakirəsinə çıxır. Mümkünsə, beş dəqiqəlik vaxtınızı ayırıb saç-saqqalınıza əl gəzdirib fotosunu ev əhlindən birinə çəkdirin və bu müzakirələrə də son qoyun.

Nəsə deyəcəkdim, yadımdan çıxdı...

# 8019 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #