Ronaldonun Quran oxumağına sevinən azərbaycanlılar

Ronaldonun Quran oxumağına sevinən azərbaycanlılar
10 mart 2022
# 10:25

Bir neçə il öncə Van Dammın müsəlman olduğu, Ayətullah Sistaninin yanında elm öyrəndiyi haqda şayiələr yayılmışdı. Düzdür, bu xəbər yalan idi, amma od olmayan yerdən də tüstü çıxmazmış. Görəsən, bu şayiəni yayan adam hardan bilmişdi ki, Van Damm bir azərbaycanlı ilə, bir müsəlman ilə quda olacaq?

Müsəlman şərqinə məxsus qəribə bir davranış var. Bizim müsəlmanlar qeyri-millətlərdən olan adamların İslamı qəbul etməsindən həzz alırlar. O qədər həzz alırlar ki, belə şey baş verməsə belə, özlərindən uydurur, zövqün zirvəsinə çatırlar. İslam mədəniyyətinin Avropa mədəniyyəti qarşısındakı məğlubiyyətini bu üsullarla kompensasiya etməyə çalışmaq məğlub şərqlilərin sevimli məşğuliyyətlərindəndir.

NATO şərqdə at oynadır, Suriya, İraq, Əfqanıstan poliqona çevrilib, nə olsun? Əsas odur ki, Maykl Cekson müsəlmandır!

İngilislər çayları ilə məşhurdurlar? Nə olsun? Əsas odur ki, ilk çayı hansısa müsəlman dəmləyib.

Futbol İngiltərədə yaranıb? Nə olsun? Əsas odur ki, ilk topu (qlobusu. bax: Əl-Biruni) müsəlman kəşf edib.

Amerikalılar Aya uçurlar? Nə olsun? Əsas odur ki, Ayı Allah yaradıb və sair və ilaxır.

Gecə “PSJ” ilə “Real Madrid”in Çempionlar Liqasındakı cavab oyununa baxırdım. Kərim Benzema het-trik edərək Realı növbəti mərhələyə keçirtdi. Yenə müsəlman! Messi “Ağlama divarının” qabağında şəkil çəkdirəndə belə olacağını bilmirdi?

Mbappenin qolundan sonra düşündüm ki, görəsən, “PSJ”nin baş məşqçisi Qurban Qurbanov olsaydı, bu qola etiraz edərdi? Axı Mbappe Kurtua ilə üz-üzə qalandan sonra sağ göstərib sol vurdu, onu aldatdı. Aldatmaq haramdır axı. Yəqin ki, etiraz edərdi. Əsl müsəlmana da bu yaraşar.

Kərim Benzemanın vəziyyəti “Real”ın xeyrinə çevirməsi, əslində, böyük müsəlman imanının bariz nümunəsi idi. Hələ Ronaldo da “Real”da oynasaydı, görün iman nələr edərdi. Ronaldo müsəlmanlara yardım edirdi, ona görə deyirəm. Hətta bir dəfə Ronaldonun Quranı başdan-ayağa oxuduğu haqda söz-söhbətlər gəzirdi.

Vəziyyətə baxın, Quranı oxumayan müsəlmanlar, müsəlman olmayan birinin Quran oxuması ilə fəxr edirlər. Nə vaxta qədər ki, siz öz axmaqlığınızı belə şeylərlə ört-basdır etməyə çalışacaqsınız, həmişə zəlil və gülünc vəziyyətdə qalacaqsınız.

Azərbaycanda futbol yoxdur? Niyə yoxdur? Çünki burda imanın gücü idmanın gücündən daha ciddi hesab olunur. Həmin imanın gücünə güvənən şəxslər tanışlıqla klublara adamlar götürür, istedadlı gənclərin önünü kəsirlər.

Azərbaycanda təhsil yoxdur. Niyə yoxdur? Çünki azərbaycanlı biologiya müəllimi şagirdlərə təkamül nəzəriyyəsini tədris edəndə insanın torpaqdan yarandığını deyir. Sonra bu imanlı müəllim rüşvət alır, balalarına çörək aparır. Bu siyahını uzatmaq istəmirəm. İstənilən sahədə belə nümunələrə rast gələ bilərsiniz.

Allah imanınızı bol eləsin!

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #