Qurani-Kərimə təpik atan şagirdə cəza verilməlidirmi?

Qurani-Kərimə təpik atan şagirdə cəza verilməlidirmi?
9 iyun 2022
# 12:40

Kulis.az Mehdi Dostəlizadənin "T.T.M: Qardaş" adlı yazısını təqdim edir.

Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir.

Viktor Hüqo

Türkiyədə sinifdə Quran kitabına təpik atan şagirdlər ömürlük məktəbdən uzaqlaşdırılıblar.

Məlum videonu izləyəndən sonra həmin şagirdin üzr videosu da qarşıma çıxdı. Sözün açığı, milli idman növümüz olan üzr videosu ənənəsinin Türkiyədə yayılmağa başlaması məndə xoş təəssürat yaratdı. Meyxanaçılar bir əsrdir özlərini ora-bura çırpırlar, ortada heç nə yoxdur, amma 2-3 ildir yaranmış üzr videosu ənənəsi artıq özünü geniş arealda göstərir. Belə-belə dünyaya çıxmaq yolunda inamla addımlayırıq.

Uşaq əlində Qurani-Kərimi tutub deyir ki, vallah, billah, peşmanam, heç bilmirdim bu kitab Qurandır, dostum onu atanda futbolçu reflekslərim oyandı və istəmədən belə bir hadisə baş verdi. Bütün müsəlmanlardan dönə-dönə üzr istəyən bu yeniyetmənin yalvarışlarının, peşmanlığının qarşısında Təhsil Nazirliyinin verdiyi qərar isə şagirdin təhsildən ömürlük uzaqlaşdırılması oldu.

Məsələnin dini tərəfini bir kənara qoyaq və sadəcə bununla kifayətlənək:

Qurani-Kərimə təpik atmaq hörmətsizlikdir.

Amma gəlin məsələnin nizam-intizam tərəfinə də baxaq. Əgər həmin şagird öz müəlliminə də təpik atsaydı, bunun Qurana təpik atmaqdan heç bir fərqi olmayacaqdı. Belə olduğu halda Təhsil Nazirliyinin həmin uşağa qarşı rəftarı necə olacaqdı? Yəqin ki, olmalı olanı edəcəkdilər, yəni “disiplin”ə göndərəcəkdilər. Cəzalandırma sistemi hüquqi əsaslara söykənməlidir və ciddi, hətta ən ciddi qurumun bu cür emosional rəftar etməsi ağlabatan deyil.

Əgər Təhsil Nazirliyi tərbiyəsiz bir uşağın mövcudluğuna görə narahatdırsa, bunun səbəblərini araşdırmalıdır. İlk növbədə özünü mühakimə etməlidir ki, bəs mən bu boyda Təhsil Nazirliyiyəm və mənim himayəmdə olan bir cocuq niyə belə hərəkət edir? Bəlkə, haradasa nəyisə düzgün etməmişəm? Daha sonra uşağın psixoloji vəziyyəti təftiş edilməlidir, yardıma ehtiyacı varsa, yardım göstərməlidir. Hansı yolla olursa, olsun, bu uşağı islah etmək üçün dəridən-qabıqdan çıxmalıdır.

Çünki Qurana təpik atan uşaq da Türkiyə Cümhuriyyətinin vətəndaşıdır və onu ilk səhvindən etibarən iqnor etmək olmaz. Lap ikinci, üçüncü, dördüncü, beşinci, altıncı səhvindən sonra da iqnor etmək olmaz. Ümumiyyətlə, iqnor etmək olmaz. Çünki Qurana təpik atan uşaq da Türkiyə Cümhuriyyətinin vətəndaşıdır.

Təhsildən uzaq düşmüş bu uşaq sabah hansısa terror təşkilatının üzvü ola bilər, ona qarşı edilmiş bu rəftarın qisasını almağa çalışa, cinayətkar ola bilər. Lap heç cinayətkar olmaya da bilər. Nəticədə təhsilsiz, savadsız, cəmiyyətdən kənarlaşdırılmış biri olaraq həyatını davam edəcək. Türkiyə Cümhuriyyətinin isə belə adama ehtiyacı yoxdur.

Yaxşı yadımdadır, altıncı sinifdə oxuyan vaxt məktəbimizdə Xocalı soyqırımı ilə bağlı bir tədbir keçirilirdi. Tədbirdə yanımda oturan sinif yoldaşımı gic gülmək tutdu. Mən də özümdən asılı olmayaraq gülməyə başladım. Gördük ki, özümüzü saxlaya bilmirik, akt zalından çıxıb tualetə qaçdıq, orda gülməyə davam etdik.

Tədbirdən sonra sinif rəhbərimiz bizi kənara çəkib başa saldı ki, belə etmək olmaz. Ancaq bunu dedi. Biz də ondan sonra elə etmədik. Məsələ həll olundu. Düşünün, əgər bizi o hərəkətimizə görə təhsildən ömürlük uzaqlaşdırsaydılar, hansı vəziyyətdə olardıq?

# 4095 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #