Polad Bülbüloğlunu söyən cahil adamlar

Polad Bülbüloğlunu söyən cahil adamlar
16 may 2022
# 16:20

Kulis.az Vüqar Babazadənin "Mühakimə haqqında traktat" adlı yazısını təqdim edir.

Azərbaycanlı olmaq nə deməkdir?

“Azərbaycanlı” etnik yox, siyasi və milli kimlikdir. Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan adamlara “azərbaycanlı” deyilir. “Azərbaycanlılar necə yaşayırlar?” sualına John Rawlsın dili ilə desək, “hər kəsin durumu, öncəkinə baxanda daha yaxşıdır”.

Əgər bir azərbaycanlı əsəbi, hərzə, hirsli, deyingən, narazıdırsa, bunun səbəbi sosial-iqtisadi bərabərsizlikdədir. Əslində, azərbaycanlının narazılığı və hirsi bir tərəfdən yaxşıdır. Çünki bu hirs və mənfi enerji çeşidli haqsızlıqlara qarşı qalxandır. Əgər azərbaycanlı hikkəsini və nifrətini sosial şəbəkələrdə, cəmiyyətdə, avtobusda qusmasa, dözə bilməz və ürəyi partlayıb ölər. Yalnız belə olan halda toplum sosial-iqtisadi bərabərsizlikdən faydalanır, özünə nəsə götürür. Bizdə hazırkı vəziyyət belədir. Xalq dözmür, faydalanır.

Azərbaycanlı peşəkar deyil. Azərbaycanlı hər şeyə hazırdır. Münasibətləri soyuyan, öz içlərinə qapanan, tənqidə dözümlü olmayan, küskün və kövrək, təhqir əmsalı və təhqirolunma ehtimalı çox olan, keyfiyyətcə ucuz, bir-birindən faydalana bilməyən insanlar ortaya çıxır. Qapalı cəmiyyətlərə də bu cür adamlar lazımdır.

Azərbaycanlını haçan dindirsən “Heyf deyildi Sovetin vaxtı? Sovet bizi adam elədi” deyəcək. O, həqiqətən, elə bilir ki, Sovetin dövründə ucuz qiymətə 1 kilo ət almaq olurdusa, deməli, hər şey zor idi. Sovet bir buz kimi, əridi getdi. Onun ağrısını indiyə kimi çəkirik. Korrupsiya, qadın-kişi bərabərisizliyi, söyüş, ləyaqət, kişilik və bu kimi yüzlərlə şey – hamısı Sovetin zibilləridir.

Hər bir cəmiyyətdə müxtəlif “davranış modelləri” var. Davranış modeli nə qədər hərəkətli və canlıdırsa, enerji mübadiləsi də o qədər sürətli və dinamik gedir. Təbiətdə də hər şey hərəkətdədir. Elektronlar, atomlar-filan. Hamı hərəkət edir və irəli can atır. Amma tipik bir azərbaycanlı qapalıdır. İnkişafa meylli deyil, kitab oxumur, paxıllıq içini gəmirir, çox danışır və zövqsüzdür. O, gedənin arxasına, gələnin qabağına baxır, lülə-kababdan basır, gedir eyş-işrət çəkir, bütün ömrü boyu pul yığır, vicdanın qırmızı xəttini nəinki keçmək, onu, ümumiyyətlə, silir və durub gəlir sosial şəbəkələrə. Bu cür hərəkətsizlikdən də insanın ağlına gəlməyəcək absurd arqumentlər, yalnız bir azərbaycanlının ağlına gələ bilir.


Azərbaycanlının sosial şəbəkələrə birinci böyük köçü

Hansısa bir degeneratın əlinə pul düşür. Və o, öz balaca beyni ilə düşünür: “Hər kəsin telefonu var. Mənim niyə telefonum yoxdur? Mən niyə öz ictimai-sosial mövqeyimi bildirməyim, camaatı söyməyim və bildiyim doğruları insanlara aşılamayım?”. Beləliklə, həmin degenerat gəlir çıxır bir telefon mağazasına. Bir telefon seçir, kreditlə 12 aya bölüb, ayda 25 manata itələyirlər telefonu ona. O özünə sosial media hesabları açır, şükür allaha, ibtidai sinfə qədər məktəbə də gedib, hərfləri də tanıyır, türk seriallarından bir az türkcəsi də var. Beləliklə, azərbaycanlı degeneratın sosial media macəraları başlayır.

Yazının əvvəlində sizə göstərdiyim mənzərəyə burdan daha yaxşı baxmaq olar. Qapalı, nifrətli, deyingən, narazı və xəstə cəmiyyətin nevroz nümayəndəsi başlayır sosial mediada qusmağa. Hərəkətsizlik və faydalı iş əmsalının yox dərəcədə olması səbəbi ilə klaviaturanı özünə həmdəm seçən azərbaycanlı, ondan yalnız başqalarını alçaltmaq, əzmək, ifşa etmək və söymək üçün istifadə edir.

Bu yaxınlarda Polad Bülbüloğlu Şuşada baxil geyinmişdi deyə degeneratlar özlərinə əl qatmışdılar ki, “kül senin bashina. Ay bedbax, o torpaglarda bizim nece-nece oqullarimiz orda helak oldi. Sen kimsen orda baxil geyinirsen, o torpaqi opmelisen, qucaqlamalisan”-filan. (Sözlərin düzgün yazılşını bilirəm. Sadəcə natamam təhsilli bir neandertalın yaza bildiyi Azərbaycan dili bu qədərdir. Günah məndə deyil)

Dərs 1: Baxil nədir?

Təkamülünü tamamlaya bilməyən həmin neandertallar üçün Azərbaycan dilinin izahlı lüğətində “Baxil” sözünün mənası belədir:

“Gigiyenik məqsədlə ayaqqabı üzərindən geyilən polietilen çexol”

Dərs 2: Baxildən istifadə qaydaları

Baxili ayaqqabı çirklənməsin deyə yox, ayaqqabın əgər kirlidirsə, təmiz yeri çirkləndirməmək üçün istifadə edirlər. Misalçün, diş həkiminə, xəstəxanaya və yaxud bu kimi gigiyenanın vacib olduğu yerlərə girəndə çöldən gəldiyin üçün baxil geyinirsən ki, gigiyenik ərazini bulamayasan. Çünki ayaqqabıda mikrob ola bilər. Baxildən istifadə qaydasını başa düşməyi asanlaşdırmaq üçün kiçik bir nümunə:

Evdə corab geyinirlər. Corab təkcə ayağı isti saxlamaq üçün yox, həm də əgər döşəmə tozludursa, ayaq çirklənməsin deyə istifadə olunur. Çölə, həyətə-bacaya düşəndə isə ayaqqabı geyinirlər, əziz degeneratlar. Ayaqqabını da təkcə ayağı müxtəlif kəsici, deşici şeylərdən qorumaq üçün yox, həm də natəmiz, mikrob çox olan yerlərdən rahat keçmək üçün istifadə edirlər. Baxili də həmçinin. Natəmiz, çirkli yerlərdən keçib, xəstəxanaya yalınayaq girmək olmaz. Gərək baxil geyinəsən. Çıxanda da baxili çıxarıb atasan. Gördüyünüz kimi bu sadə həqiqəti sizə ifadə etmək üçün düz bir abzas yazı yazmalı oldum. Sizdə günah yoxdur, əgər heç yerdə bu tərbiyəni mənimsəməmisinizsə, mən sizə öyrədərəm. İşimizin-gücümüzün adı nədir?

Dərs 3: Söyüş və ləyaqət

Əziz degeneratlar, yazıb sizə bildirmək istəyirəm ki...

Elə fikirləşirsiniz ki, söyüş söyərkən, həqiqətən də, kiminsə şərəf və ləyaqətini alçaltmış olursuz? Ləyaqət hər kəsin öz-özünə verdiyi dəyərdir. Bu cümləni bir daha təkrarlamaq istəyirəm. Ləyaqət hər kəsin öz-özünə verdiyi dəyərdir. Bu mənada, kiminsə başqasının ləyaqətini alçaltması mümkün deyil. İnsan özü alçala bilər, amma başqasının onu alçaltması imkansızdır.

Təkamülünü yarımçıq qoymuş bir çox azərbaycanlılar, Polad Bülbüloğlunu qınamaqla, söyməklə ona görə orqazm olurlar ki, həyatları çox çətindir. Ayıq başla, hazırkı ağılları və mədəni səviyyələri, imkanları ilə böyük bir ümidsizlik içindədirlər. Sosial və iqtisadi bərabərsizliklərə səslərini çıxara bilmirlər. Kişiləri işdə müdir sıxır, evdə arvad, cəmiyyətdə üstlərinə yapışdırılmış “əsl Azərbaycan kişisi” qəlibi. Qadınları da cinsi ayrıseçkilik, uşaq, yemək, gözəllik və s. Necəsə bu çətin və məşəqqətli həyatlarının qisasını “yuxarıdan” kimdənsə almalıdırlar. Buna ən yaxşı namizəd isə təbii ki, Bülbülün oğlu Poladdır.


Dərs 4: Təmizliyə riayət edin

Bülbülün oğlunu “quşladığına” görə əvvəllər də sərt tənqid və təhqir ediblər. Bu, başqa məsələdir. Ümumiyyətlə, Azərbaycanda bəzi müğənnilər gərək heç ağzını açmasın, səsini çıxarmasın. Həqiqətən, çox qəribədir. Azərbaycanda yaxşı müğənni olmaq istəyirsənsə, gərək səsin olmasın, daha doğrusu, səsin çıxmasın. Səsin çıxmırsa, demək yaxşı müğənnisən. Polad müəllim bu qaydaya riayət eləməmişdi. Çünki o həm də Rusiyadakı səfirimizdir. Buna görə də səsini çıxarmaq məcburiyyətindədir, hər səsini çıxaranda da azı bir həftə söyülür.

Amma adamın Allahı var. Yüz dəfə imam üçün ağlayanda, gərək bir dəfə də yezid üçün ağlayasan. Bu məsələni də sizə açıqlayacağam.

Şuşa həmişəki kimi dumanlı və yağışlıdır. Polad müəllim səhnəyə çıxmalıdır. Amma əvvəlcə, prezidentlə görüşməlidir. Zəmin palçıqlıdır. Prezidentin qabağında səhnəyə palçıqlı ayaqqabılarla çıxmaq həm etik deyil, həm də bir sənət adamına yaraşmayan haldır. Təbii ki, səhnənin təmizliyini də qorumaq lazımdır. Bu halda, Polad Bülbüloğlu nə etməlidir?

Elə etməlidir ki, ayaqqabıları batmasın.

Qaldı ki, neandertal adamların, sənin ayaqların o torpağa dəyməlidir, o torpaq dəyərlidir-filan söhbətləri burda avtomatik olaraq səhv çıxır. Ona görə səhv çıxır ki, həmin tədbirdə hər kəs ayaqqabı geyinib, Prezidentin özü belə. Ayaqqabı geyiniblərsə, istər-istəməz ayaq torpağa dəymir. Bir də ki, ayaq nə üçün torpağa dəyməlidir axı? Bu da, məncə, düşük molla rejimindən bizə miras qalan mənasız adət-ənənədir. O vaxtlar əhd edirdilər ki, müqəddəs yerlərə ayaqyalın getmək lazımdır. Əgər müqəddəs ocaqlara ayaqyalın, payi-piyada getsən, daha çox savab qazanarsan. Danabaş kəndindəki Məhəmmədhəsən əmi kimi.

Dərs 5: Torpağın müqəddəsləşdirilməsi

Gəlin belə bir şey fikirləşək. Bir ailədə iki uşaq doğulur. Bu uşaqların biri çox sağlam və gümrah, digəri isə şikəst və xəstə olaraq dünyaya gəlir. Valideynlər uşaqlara fərqli münasibət göstərirlər. Xəstə uşağı hamı əzizləyir, hər kəs onu sevir, qeydinə qalır. Sağlam uşağı isə heç kim sevmir, hamının ondan zəhləsi gedir, valideynlərinin vecinə olmur, hətta bəzən uşaq özünə qarşı nifrət hiss edir. Onun tək günahı odur ki, həyata sağlam olaraq gəlib. O da şikəst, xəstə olmağı arzulayır və beləcə depressiyaya düşür, daima öz taleyindən gileylənir, şikayətlənir. Xəstə uşağa daha çox sevildiyi üçün, xəstə olduğu üçün ona nifrət edir.

Analogiya nə qədər doğrudur, bu qalıb oxucunun vicdanına. Amma sizin Şuşanı, Laçını, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqları sevməyiniz də təxminən bayaqkı misala bənzəyir.

Qarabağ xəstə idi və artıq sağalıb. Ona normal torpaq kimi münasibət göstərin. Eyforiyadan və pafosdan qurtulun. Lerik, Şahbuz, Gəncə, İmişli, Kürdəmir, Bakı necə yerdirsə, Şuşa, Laçın, Kəlbəcər də elə yer olmalıdır hər bir azərbaycanlı üçün. Polad Bülbüloğlu Kürdəmirdə baxil geyinsəydi, yenə də onu söyərdinizmi? Təbii ki, yox. Nədir bu Şuşa sevgisi? Torpaq özbaşına müqəddəs, dəyərli olmur, torpağın üstündəkilər, uğrunda canından keçənlər onu müqəddəs edir. Bəzi adamlar hələ də müharibə eyforiyasındadır. Bundan sonra Şuşa artıq bizdədir, biz Şuşaya qovuşmuşuq, bunu qəbul edin, buna alışıb, yuxudan ayılın.


# 13732 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #