Niyyətin fabulası ətrafında

Niyyətin fabulası ətrafında
14 noyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Niyyətin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Səndən yenə qar yağır,
Yenə sazaq dolu sinəndən
Şaxtalı sözlər,
Qırovlu ahlar
Buz bağlamış gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.

Vaqif Səmədoğlu

Bu yazını Zamin Hacıya ithaf edirəm

Bu yaxınlarda bir məclisdə kimsə tost deyərkən belə bir ifadə işlətdi.

“Niyyətin hara, mənzilin ora”. Bu ifadəni işlədən adam həyatdan aldığını almış, verdiyi vermiş adam idi. Bu ifadəni işlədən adamın sifətinə diqqətlə baxdım və əmin oldum ki, o bu ifadəni boş yerə, elə-belə, söz xətrinə işlətmədi.

“Niyyətin hara, mənzilin ora” ifadəsi məhz özünün gəldiyi qənaət idi. Şükür Allaha, az-maz insanları tanıyıram, bilirəm, danışan adam özü danışır, ya başqasının dediyini təkrarlayır. Bu adam “Niyyətin hara, mənzilin ora” ifadəsini şövqlə dedi. Başa düşdüm ki, bu ifadəni işlətmək üçün o çox şeylər yaşayıb, xeyli əzab çəkib, kifayət qədər təcrübə yığıb.

Son vaxtlar “Niyyətin hara, mənzilin ora” ifadəsi haqqında düşünürəm. Tez-tez bu haqda fikirləşirəm. Bir az ağıllı adam bu ifadənin enerjisini dərhal tuta, onun nə boyda ifadə olduğunu dərhal başa düşə bilər. “Niyyətin hara, mənzilin ora” elə-belə ifadə deyil. Çox ciddi, kifayət qədər ağır ifadədir.

“Niyyət” nədir?

Niyyət ağlın yox, ürəyin arzusudur. Niyyət beynin yox, qəlbin planıdır. Əgər insan nəyəsə niyyət edirsə, bu niyyəti könlü ilə edir. İnsan niyyət etdiyi şeyi zehni ilə yox, ürəyi ilə başa düşür. Hələ “Niyyətin hara, mənzilin ora” ifadəsini bir qırağa qoyub, əvvəlcə “niyyət” haqqında bir az danışaq.

Misalçün, kitab oxumaq istəyirsən. Əməl olaraq çox yaxşı əməldir. Amma baxır sən kitab oxumaqla qəlbində hansı niyyəti tutursan? Doğrudan da, saf və səmimi istəklə kitab oxumaq, nəsə öyrənmək, öz bildiklərini başqalarına da asan yolla çatdırmaq istəyirsən, yoxsa kitabın orasından-burasından öyrəndiklərinlə özünü ağıllı göstərmək, savadsız adamların yanında savadlı görünmək, kimisə əzmək, alçaltmaq üçün oxumaq istəyirsən?

Əgər niyyətin birincidirsə, deməli, əməlin gözəldir. Get nə qədər istəyirsən kitab oxu. Amma niyyətin ikincidirsə, əməlin murdardır. Əməlin naqis əməldir. Ona görə də sən kitab oxumasan, yaxşıdır.

Niyyət saflıq, səmimilikdir. İnsan həm də niyyətlərindən ibarət bir varlıqdır. Niyyəti çox asanlıqla anlamaq olur. Tutalım bir bahalı maşın yanından keçir və sən ona baxırsan. İlk baxışdan, “baxmaq” pis əməl deyil. Adi bir hərəkətdir. Amma sən bahalı maşına hansı niyyətlə baxırsan? Həsədlə baxırsan, yoxsa gözəl olduğu üçün baxırsan? Həsədlə baxırsansa, heç. Həsəd öldürür. Amma gözəl olduğu üçün baxırsansa, artıq sən müdrik bir adamsan.

Niyyət əməlin arabasıdır. Niyyəti hara sürürsənsə, əməl də ora gedir.

Hansı hərəkəti ediriksə, hansı sözü danışırıqsa, həmin şeylər bizi niyyətimizə doğru aparır. İxtiyari və ya qeyri-ixtiyari. Hər kəs öz niyyətinə doğru gedir. Ən kiçik əməldən, ən böyük əmələ, ən xırda hərəkətdən, çox böyük bir hadisəyə, ən mənasız sözdən, ən mənalı fikrə qədər, hər şey, hər şey bizi niyyətimizə sarı aparır. Bu baxımdan, insanın niyyəti yaxşı, düzgün olsa, gördüyü işlər də, danışdığı sözlər də, elədiyi əməllər də gözəl olar.

“Nə yaxşı adamdır” desinlər deyə yaxşılıq eləməkdən, “nə ağıllı adamdır” desinlər deyə kitab oxumaqdan, “nə güclü adamdır” desinlər deyə idman eləməkdən, “nə mədəni adamdır” desinlər deyə gəzməkdən, “nə savadlı adamdır” desinlər deyə oxumaqdan, “nə mömin adamdır” desinlər deyə namaz qılmaqdansa, bu əməlləri etməmək daha yaxşıdır. Əgər niyyət pozulubsa, həmin adamı apar tulla.

Səhranın bir qanunu var: “Quyudan su içdin, çəkil başqası da içsin”.

Əgər niyyət pis oldusa, bu pislik dərhal özünü əməldə də büruzə verəcək. Əgər su içib, çəkilmədinsə, daha çox, daha çox, daha çox içdin, sənə lazım olandan daha çox arzuladınsa, vəssalam, deməli qəlb pozulub, ürək naqisləşib.

Bu mənada “Niyyətin hara, mənzilin ora” ifadəsi də həddindən artıq təsirli bir ifadədir. Hansı işlə məşğul olursansa, ol, əgər həmin işin peşəkarı olmaq niyyətin yoxdursa, həyatı “aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı” janrında yaşayacaqsan.

Əgər gördüyün işə yalnızca pul qazanmaq üçün vasitə kimi yanaşırsansa, həyatın sənə cəhənnəm olacaq. Gördüyün işə pul qazanmaq üçün vasitə kimi baxdınsa, həmin işi boş yerə görmüş olursan.

Əgər gördüyün işdə peşəkarlaşmaq, gördüyün işlə kiməsə faydalı olmaq, gördüyün işi yola vermədən, başdan eləmədən yaxşı niyyətlə etmək niyyətin yoxdursa, bu fani dünyada robot kimi yaşayacaqsan. Hisslərin öləcək. Hər şeydən nəsə bir xeyir güdmək niyyətin oldusa, nəyəsə özünü həsr etmədinsə, nəyinsə uğrunda özünü, vaxtını fəda etmədinsə nə sevinc səni tapacaq, nə də uğur. Boş yerə külüng döyəcəksən. Qayda belədir: Nəsə qazanmaq istəyirsənsə, nəsə qurban verməlisən.

Peyğəmbər bir hədisində “şəhid olmağı ürəkdən istəyənlərin, yataqda ölsələr belə, şəhidlər zümrəsinə daxil olacağı”nı bildirir.

Fəlsəfədə Kant müəllimin “əxlaq qanunu” var. Kanta görə, əxlaqın mənbəyi nə insanı aşan zahiri prinsipdir, nə də Tanrı. Əxlaqın mənbəyi insandır. İnsan əxlaqi prinsipləri özü qoyur və bu prinsipə könüllü surətdə tabe olur. Bu da onun azadlığıdır. Başqa sözlə, mənəvi dəyərlərin mənbəyi insan ağlı və ya ağıllı insandır.

Kantın bu fikrinin bir az orasını-burasını təhrif edəndə, dərinə gedəndə görürsən ki, yenə də hər hərəkət niyyətlə əlaqəlidir.

***

Yekə-yekə danışmaq kimi çıxmasın, istəyirəm Nəsiminin bir qəzəlini kiçik izahla sizə təqdim edəm, görün necə gözəl, hikmətli fikirlər var. Əlbəttə, gözünün ucu ilə görənlər bu qəzəldən özünə yaxşı dərs götürər:

Əya, mömin, gər istərsən səadət,
Özünə peşə qıl daim sə adət.

Möminə müraciət edən Nəsimi deyir ki, ay insan, əgər xoşbəxt olmaq istəyirsənsə, bu 3 şeyi etməlisən:

Əvvəl, təbi-lətifü xülqi-niku,
İkinci, həm kərəm, cudü səxavət.
Üçüncü, olma hərgiz bivüzu sən,

Əvvəl çalış xoşxasiyyət ol. Ətrafındakılar səndən mənəvi zövq, xoş enerji alsınlar. Daha sonra səxavəti, əliaçıq ol. Sənə gələn müəyyən məbləği dostlarının, ailənin ətrafında payla. Üçüncü də, çalış təmiz, səliqəli ol.

Xoşa ol mö’mini-pakü müvəhhid
Ki, ola anda həm bu üç xəsalət.

Bayaq saydığımız xasiyyətlər yaxşıdır. Amma bu üç şey də olsa, lap yaxşı olar. Onlar nədir bəs?

Həyadır birisi, biri ədəbdür,
Biri dəxi nədir: xövfi-qiyamət.

Biri həyalı olmaqdır, biri ədəbli olmaqdır, biri də qiyamət günündən qorxmaq.

Dəxi üç nəsnə könlü rövşən eylər,
Həqiqət bil sən əz ruyi-iradət.

Üç dənə nəsnə var ki, insan qəlbini işıqlı edir. Bunlar nədir bəs?

Biri müshəf, biri axar su derlər,
Bu iki nəsnəyə baxsan kifayət.

Biri kitabdır, biri axar sudur.

Üçüncü, sün’i-həqdi hüsni-ziba,
Təsərrüfsüz təfərrüc qıl fərağət.

Üçüncüsü də odur ki, təbiətdə olan hər şeydən zövq almaq. Ağacdan, dağdan, heyvandan, güldən, çiçəkdən. Hamısına baxıb onları hiss etmək.

Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.

Üç şey də var ki, qəm gətirər, adamı depressiyaya salar.

Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətdir, siyasət.

Pis qonşu, pis dost, pis həyat yoldaşı adamı bədbəxt edir.

Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.

Üç şey də var ki, adamın ürəyini xəstələndirir.

Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.

Bir böhtandır, biri tərs, yəni heç nəylə razılaşmayan, heç nəyə qane olmayan, biri də sırtıq, şit zarafat edən adamdır.

# 3541 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #