Narkotik istifadəsinə nə üçün icazə verildi?

Narkotik istifadəsinə nə üçün icazə verildi?
29 aprel 2022
# 13:00

Kulis.az Vüqar Babazdənin “Balaca Vüqarın sərgüzəştləri” adlı yazısını təqdim edir.

Nəyə arxanı çevirdinsə, o sənin keçmişindir.
Nəyə üzünü tutdunsa, o sənin gələcəyindir.
Nəyə alnını qoydunsa, o müqəddəsdir.

Aqşin Yenisey

Gəlin sizə bir anekdot danışım. Bəziləriniz deyə bilər ki, ilin-günün bu vaxtı, durduq yerdə nə üçün anekdot danışırsan? Ona görə anekdot danışıram ki, həyat onsuz da mürəkkəbdir. Bu mürəkkəb həyatdan heç nə başa düşmək olmur. Şəxsən mən bu həyatdan heç nə başa düşə bilmirəm. Ola bilsin ki, hələ növrəstə bir cavanam. Hələ mənim həyatı başa düşməyimə ehtiyac yoxdur, yeyib, yatıb, birtəhər yaşamalıyam. Heç bunu da bilmirəm. Bu mürəkkəb həyatı bir az diqqətlə izləyəndə kədərlənirsən, bilmirsən necə yaşayasan. Ona görə də qərar verdim ki, sizə anekdot danışım.

Anekdotu danışmazdan qabaq isə vacib bir məsələyə toxunmaq istəyirəm. Qədim Şərq nağıllarındakı kimi bir sözü qoyub, başqa bir sözə keçirik. Hərf hərfi bağlayır, söz sözü gətirir, cümlə cümləyə bitişir. Qədim Şərq nağılları demişkən istərdim ki, sizə Qədim Şərq nağıllarından birini danışım, amma söz sözü gətirir, cümlə cümləyə calanır deyə, bu qalsın sonrakı yazıya. Sizə mütləq növbəti yazılarda Qədim Şərq nağıllarından birini danışaram.

İndi isə istəyirəm ki, bayaq dediyim vacib məsələyə toxunam. Hələlik anekdot qalsın, bir azdan danışaram.

Bildiyiniz kimi, bu yaxınlarda ölkəmizdə narkotik haqqında yeni bir qərar qəbul olundu. Belə ki, az miqdarda narkotikə görə cinayət məsuliyyəti aradan götürülür.

Vallah, açığı, mən bilmirəm buna nə münasibət bildirim. Müdafiə edib, desəm ki, bəs inkişaf etmiş ölkələrdə də bu cür leqal yollarla narkotik istifadəsinə icazə verilir. Bu həm istifadənin azalmasına, həm də digər pul-para, vergi-filan söhbətlərinə görə yaxşıdır. Başlayacaqlar söyməyə ki, “sən necə insansan, camaatın balaları bədbəxt olur, heç utanmırsan?”.

Yox, əgər tənqid etsəm, deyəcəklər ki, sənin xəbərin yoxdur? İnkişaf etmiş ölkələrdə bu hal normal qarşılanır, burada heç bir şişirdilməli vəziyyət yoxdur. İcazə verilsə, nə qədər qəribə olsa da, istifadə aşağı düşəcək. Tələb-təklif.

Ümumiyyətlə, mən daha bilmirəm camaatın xoşuna gəlmək üçün necə düşünüm? Necə edim ki, söyülməyim?

Ölkəmizdə elə adamlar var ki, onlara heç nə ilə yarınmaq olmur. Onlar hər şeyi müdafiə edə bilərlər. Gəlin sizə bir misal çəkim.

Tutaq ki, bu gün xəbər çıxdı ki, xərçəng xəstəliyinin tamamilə kökünü kəsəcək bir dərman tapılıb. Sizcə, normal adam bu xəbəri necə qarşılamalıdır? Təbii ki, sevinməlidir, deməlidir ki, ay nə gözəl xəbərdir, allah bu dərmanı çıxaran adamların canın sağ eləsin. Allah onu min budaq eləsin, və s. Şükür allaha, bu cür milli sevinclərimiz nə qədər istəsən. Ətraflı şəkildə öyrənmək istəyən, mənə müraciət edə bilər. Yenə söz-sözü gətirir, mövzudan çox uzaqlaşmayaq. Bəli, normal insan bu xəbərə sevinəcək.

Amma anormal insan nə edəcək? Onlar isə deyəcəklər ki, siz kimsiniz xərçəngin kökünü kəsirsiz? Xərçəng, ümumiyyətlə, təbii bir prosesdir, insan ona toxunmamalıdır. Xərçəngə təcavüzə son qoyulmağını tələb edirik. Xərçəng hələ uşaqdır. Ona necə qıya bilərsiz, ay insaf yoxsulları? Sizi inandırım ki, bu cür adamlar da tapılacaq. Mütləq tapılacaq. Mən bu boyda həyatımda belə adamlar çox görmüşəm.

Əlqərəz, sözümün canı odur ki, insan çox əndrəbadi varlıqdır. Hərə bir cür düşünür, hərə bir cür fikirləşir, hərə bir formada öz mənasız həyatını yaşayır. Hamı da elə bilir ki, ən doğrusunu o edir. Buna görə də mən indi, növrəstə bir cavan ikən, həyatın mürəkkəbliyini anlamağa başlamışam. Həyatın mürəkkəbliyi demişkən, sizə maraqlı bir fakt demək istəyirəm.

Bildiyiniz kimi “Onsuz da” sözü uzaqdakı bir əşyanı və yaxud insanı ifadə etmək üçün istifadə olunur. Misalçün, “Tutu topu tutdu. Onsuz da həmişə tuturdu”. Burada “onsuz da” sözü tutunun əllərinin olmasına və topu həmişə tutmağına işarədir. Amma tutunun əlləri və topu həmişə tutmağı yaxında baş verən hərəkətdir. Ona görə də bu cümlə yanlışdır.

Onun yerinə belə olmalıdır. “Tutu topu tutdu. Bunsuz da həmişə tuturdu”. “Onsuz da”nın yerinə “bunsuz da” işlənməlidir.

Belə-belə işlər. Belə belə işlər demişkən, bizim rayonda bir arvad vardı. Nikolayı taxtda, Şah Abbası qundaqda görmüşdü. Çox qədim bir arvad idi. Beli əyilmiş, ərəbcədəki “nun” hərfi kimi bükülüb, ikiqat olmuşdu. O həmişə uzun söhbətlərdən sonra dərin nəfəs alıb, deyərdi ki:

“Belə-belə işlər,
Qırılsın keşişlər.
Qalsın mollalar,
Lazım olarlar”.

Bu qədim arvadın ibtidai bir dördlüyünün altında, əslində, heç də yüngül məna yoxdur. Bu dördlüyə diqqətlə baxsanız orda çox mənalar aşkar edə bilərsiniz. Misalçün, xristianlığa qarşı mübarizə, islamın təbliği və digər ülvi məsələlər.

Könül istərdi ki, sizə gözəl bir anekdot danışam. Amma qalsın gələn dəfəyə, bunsuz da hələ yaşayırıq, yazacağıq, siz də əcəl aman versə, oxuyarsız.

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #