Nahidə Babaşlının yasına gülən tərbiyəsizlər...

Nahidə Babaşlının yasına gülən tərbiyəsizlər...
28 aprel 2022
# 12:00

Kulis.az Vüqar Babazadənin "Köpüklənməyən çirklilər" adlı yazısını təqdim edir.

Nəyə gülürsən başına gəlir. Nəyə lağ edirsən özün axırda o lağ etdiyin şeyin vəziyyətinə düşürsən. Bu belədir, belə davam edəcək. Gərək heç nəyə gülməyəsən, gərək heç nəyə lağ etməyəsən, əgər lağ etməsən, sənin başına gəlməz, əgər gülməsən, həmin güldüyün şeyin vəziyyətinə düşməzsən.

Bir neçə gün əvvəl müğənni Nahidə Babaşlı paylaşım etdi ki, bəs çox sevdiyim itim maşın qəzasında öldü, ölkədən gedirəm, tüpürüm mədəniyyətinizə də, mentalitetinizə də. Açığı, mən onu izləmədiyim və dinləmədiyim üçün fikir verməyib keçmişdim. Heç bir reaksiya verməmişdim. Amma...

Son bir-iki gündür özünə hörmət etməyən bəzi azərbaycanlılar başlayıblar onu ələ salmağa, lağ-lağı etməyə, ağırısı-acısı ilə zarafatlaşmağa və pis halda olarkən emosional davranıb hansısa addımını və dediyi sözləri məzə halına gətirməyə.

Ümumiyyətlə, bir insan kim olur, olsun, istər adi adam, istər məşhur, istər varlı, istər kasıb, istər qadın, istər kişi, yəni kim olur, olsun. Bir adam əgər sevdiyini itiribsə, üstəlik, bu itirmək ölüm halında baş veribsə, həmin insanın yası ilə zarafatlaşmaq çürümüş beyin, nevroz, xəstə təfəkkür səbəbilə baş verə bilər.

Ki, özünə hörmət etməyən, həyatda heç bir ciddi uğur sahibi olmayan, ancaq yemək-yatmaq-ixrac etmək triosunu yerinə yetirən, faydalı iş əmsalları sıfırın altında olan, mənəvi olaraq dərin aşağılıq kompleksindən əziyyət çəkən parazitlər (oxu: bəzi azərbaycanlılar) də bu cür edirlər. Onları da qınamalı deyil. Onları qınamağın heç bir mənası yoxdur. Onları gərək tutub, bir-bir güllələyəsən. (oxu: başa salasan) Onları başa salmasan, getdikcə daha iyrənc əməllərə imza atacaq, cəmiyyəti zəhərləyəcəklər.

Söhbətin məğzi Nahidə Babaşlının iti deyil. Söhbətin məğzi odur ki, azərbaycanlılar qulaqlarını tutub, ağızlarını bağlayıb hər şeyə susaraq və kar olaraq biganələşmələridir. Bu istər Nahidə Babaşlının iti olsun, istər hansısa uşağın xərçəng xəstəsi olması. Azərbaycan biganələşir və bu proses ədəbsiz, tərbiyəsiz şəkildə baş tutur. Sözlərini deyə bilməyən, aşağılıq və çarəsizlik kompleksindən əziyyət çəkən insanlar bu prosesi çox kobud şəkildə keçirir.

Və yaxud, söhbətin məğzi Nahidə Babaşlının itidir. Bir insan niyə hansısa insanın yası ilə əylənsin, zarafatlaşsın ki? Ümumiyyətlə, bu məsələni böyütməyə nə ehtiyac var?

Bu necə əclaf bir hərəkətdir ki, hansısa heyvanın ölümünə lağ edəsən, onun halı ilə məzələnəsən, sahibini ələ salasan?

Bu söhbəti etməyəcəkdim, amma siz adamı elə hər şeyə məcbur edirsiz. Dünən yolda yaralı bir quş tapdım. Bilmək olmurdu, maşın vurub, yoxsa pişik dişləyib, hər nəydisə qanadının altında yara vardı, qan gedirdi, quş ölə-ölə birtəhər nəfəs alırdı. Dostlarımla danışıb onu apardıq şəhərdə bir neçə zoo-mağazaya. Heç bir satıcı bizə kömək etmədi və elə bil zoo-mağazada işləmirmiş kimi bizi başlarından etdilər. Baytar tapa bilmədik. A kişi, baytar tapa bilmədik. Quşu karton qutunun içində mən aparırıdım. Yolda onun gözlərinə baxırdım, yazıq quş həm can verir, həm də ölmək istəmirdi. Başını da, gözlərini də elə kədərlə hərəkət etdirirdi ki, bir anlıq bütün insanlara nifrət edirdim ki, niyə heç kim bizə kömək etmir. Axırda quş öldü. Mən başa düşdüm ki, insan çarəsiz qalanda nələr hiss edir, nə başa düşür. İnsan çarəsiz olanda və bu çarəsizlik imtahanı ölümlə nəticələnə biləndə hər cür şeyə əl ata bilər.

İndi Nahidə xanım da depressiyadadır. Ola bilər ki, bir az emosional və əsəbi davranıb nəyəsə tüpürüb və çıxıb gedib. Amma bu o demək deyil ki, onun yası ilə zarafatlaşmaq, məzələnmək və linç etmək olar.

Əziz Azərbaycan xalqının bəzi özünə hörmət etməyən nümayəndələri: “Bəlkə, özünüzə yığışasız?”

Nahidə xanıma, dərin hüznmü çatdırıram. Ona səbir, Köpüyə isə rəhmət diləyirəm.

# 4518 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #