Manaf Ağayevin halal puluna göz dikən yazarlar

Manaf Ağayevin halal puluna göz dikən yazarlar
21 fevral 2022
# 15:10

Ötən həftənin son günlərində baş verən bir hadisə məni dərindən sarsıtdı.

Azərbaycanın dəyərli müğənnisi, qiymətli sənətkar, Zamin Hacı və Seymur Baycanın həmyerlisi, “toylar kralı”, Füzulinin fəxri (rayonu nəzərdə tuturam) Manaf Ağayev 15 sutkalıq həbs olundu. Allah qapısını açsın!

Məni sarsıdan isə bu yox, Manaf Ağayevin həbs edilməsinə səbəb olan həmin məsum və məşum video idi. Bahalı, yox, çooox bahalı maşınları ilə Füzuliyə səfər etməsini deyirəm. Füzuli aeroportunda maşınından düşüb böyük əda ilə ətrafı seyr edirdi.

Bir anlıq mənə elə gəldi ki, Manaf Ağayev aeroportu öz pulu ilə tikib, indi də görülən işlərlə tanış olur. Əhvalım təlx oldu, qanım qaraldı.

Nə yalan deyim, beynimdə yalnız bir sual var-gəl eləyirdi: “Hardandı e bunda bu qədər pul?!”

Kompüteri söndürüb paltomu geyindim. İş yoldaşlarıma heç nə demədən otaqdan çıxdım. Tək qalmağa ehtiyacım var idi.

Evə çatıb yemək yemədən birbaşa otağıma keçdim. Elə paltarlı-paltarlı çarpayıma uzanıb tavana baxmağa başladım.

Görəsən, Manaf Ağayev toylara neçəyə gedir?

Sonra qəfil vərəq, qələm götürüb hesablamağa çalışdım.

Toyun birinə 5 min manata getsə, ayda maksimum 10 toydan hesablasaq... Hələ hamı da 5 min verəsi deyil ha, yəqin kiminsə xətrinə endirim də eləyir, 4 min, lap 3 min... İki saatlıq gedəndə 2 min...

Vurdum-böldüm, üstə gəldim, çıxdım, əlimdəki vərəqdə sıfırlar artır, sıfırlar artdıqca qanım lap qaralırdı...

Telefonuma zəng gəldi, açdım:

– Hə, Vüqar. Nolub?

– Yaxşısan, abi?

– Hə, yaxşıyam.

– Manafa görə pis oldun?

– Hə, nə bildin?

– Mən də ona dilxor olmuşam səhərdən.

Qısa söhbətimiz yekunlaşır. Bol sıfırlı məbləğlərin olduğu vərəqi ən kiçik hissələrə kimi parçalayıb yenidən yerimə uzanıram.

Adamları düşünməyə başlayıram. Manaf Ağayevə, digər belə müğənnilərə həmin pulları verən adamları düşünürəm. Görəsən, doğrudanmı bu qədər varlıdırlar? Axı niyə bir adamın arzusu oğlunun toyunda Şəbnəm Tovuzlunu, Damlanı oxutmaq olsun? Belə arzu, belə niyyət olar?

“Filankəs qızının toyunda Vəfa Şərifovanı gətirtmişdi...”

Azərbaycanlıların həsədlə dediyi cümlələr arasında ən əzəmətlisi.

“Filankəs oğlunun sünnətində 10 min verib Mətanət Əsədovanı gətirtmişdi...”

Bol sıfırlı rəqəmlər yenə gözümün qabağından sürətlə keçir. Rəqəmlərin arasında Cəlil Cavanşirin, Ayxan Ayvazın, Rəvan Cavidin və digər yazıçı dostlarımın siması da canlanır...

Elə bir-iki gün qabaq Cəlil Cavanşir status paylaşıb kitabını çap etmək üçün sponsor axtardığını yazmışdı. Sizə deyim də, Cəlilə kitab çapı üçün nə qədər pul lazımdı. Təxminən Manafa toyunuzda bir saat mahnı oxuması üçün nə qədər pul verirsinizsə, ondan iki-üç dəfə az.

Ayxan yeni romanı üçün qonorar istəyir. O, bir az daha çoxdu. Təxminən Damlanın toyunuzda iki mahnı oxuması üçün verdiyiniz pulun yarısı.

Rəvan Cavid də nəşriyyatları boğaza yığıb ki, qonorar verin, sizin üçün bestseller roman yazım. Rəvan bestseller romanı lap ucuz qiymətə yazır, təxminən Vasif Məhərrəmlinin izləyicini “Ay çuşka, bu kəmər Stefano Ricidir” deyib təhqir etdiyi kəmər qiymətinə.

Amma bu müğənnilərə həmin məbləğləri verən adamları nə Cəlilin yeni kitabı, nə Ayxanın çap olunmayan romanı, nə də Rəvanın yazmayacağı bestseller narahat edir.

O adamlara gənc yazarlara dəstək olmağı təklif etsən, sənə dəli kimi baxacaqlar. Manafı oğlunun toyunda oxutmaq üçün 5 min manatından keçən adamdan gənc yazara dəstək olmağını xahiş etsən, utanmaz-utanmaz sənə sual verəcək: “Niyə?!”

Sən də heç bir cavab verə bilməyəcəksən.

Deyə bilməyəksən ki, ay debil, sən kitab oxumayıb belə debil olmusan, heç olmasa övladların oxuyub bu debillik bəlasına düçar olmazlar, ona görə. Heç olmasa oğlun öz oğlunun toyunda özünü qonum-qonşuya, qohum-əqrəbaya göstərmək üçün Şəbnəm Tovuzlunun, Damlanın fonoqram ifalarına möhtac qalmaz.

O adama deyə bilməyəcəksən ki, sən bu dünyada “niyə?” sualını verməyə haqqı olan ən axırıncı adamsan.

Nəinki bu məsələdə, sənin heç bir məsələdə bu sualı verməyə haqqın yoxdur. Çörəyin qiymətini lap 10 qat artırsalar da, gəlib evinin damını, qapısını söküb aparsalar da, yolla yeridiyin vaxt səbəbsiz yerə gəlib başına yaxşıca bir qapaz vursalar da, sənin çönüb “niyə?” deməyə haqqın yoxdur.

Bütün bunları o adama deyə bilməyəcəksən, çünki desən də başa düşməyəcək.

Bütün həftəsonunu bu fikirlərlə keçirdim. Dünən də dostumun toyunda idim. “Bəyin, bəyin dostları, tazə bəyin dostları” mahnısının sədaları altında rəqs edəndə də bunları düşünürdüm.

Toyun əvvəlində bir səhv edib özümə tərxun duşesi süzdüm, sağ olsun ofisiant qardaş, toyun axırına kimi mənə 3 butulka tərxun soku içirtdi, imkan vermədi başqa nəsə içim. Axırda cibinə “çayavoy” qoyub xahiş elədim ki, mənə xidmət eləməsin, ümumiyyətlə, mənə heç nə eləməsin. Sonra “staliçni” salatdan yeyib adını bilmədiyim müğənninin bəy-gəlin əyləşən masaya baxıb oxuduğu mahnının fəlsəfi qatlarına varmağa çalışdım:

“Qardaş, bu ceyranı hardan almısan?
Aldadıb-aldadıb tora salmısan...”

Yandırdığım siqaretdən son qullabı alıb, siqaretin kötüyünü külqabıya basdım, əzə bildiyim qədər əzdim.

Telefonuma zəng gəldi.

Dahi Vüqar Babazadə arıyor...

Zəngi açdım:

– Hə, Vüqar...

– Toydasan, abi? Həmişə toyda!

– Sağ ol. Nəsə olmuşdu?

– Yox e, zəng elədim ki, görüm necə oldun.

– Yaxşıyam.

– Bilirsən adamı nə yandırır? Manaf o pulları halal yolnan qazanır ee... Rüşvətlə, oğurluqla qazansa, yenə adam özünə təsəlli verər ki, haramdı da...

– Həəə... deyib telefonu söndürdüm. Bayaqdan içimdə saxladığım tüstünü havaya buraxdım.

Toyxanada mahnıların ardı-arası kəsilmirdi:

– Can-canadır, can-cana, urfalısan urfalı...

# 6289 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #