İnsanları aldadan saxtakar motivatorlar

İnsanları aldadan saxtakar motivatorlar
13 may 2022
# 15:00

Kulis.az Mirzə Alikin "Ağıllı azlıq və yaxud Gənc motivatorlar" adlı yazısını təqdim edir.

Son zamanlarda bir çox insan, xüsusən də Z generasiyasından olan gənclər orta əsrlərdə olan bir sıra hadisəni, ənənəni, şəxsi böyük şok hissi ilə təhlil və tənqid edir. Xüsusən də bu hadisələrdən birinə kilsə institutu tərəfindən paylanan cənnət qəbzlərini misal verə bilərik.

Bu hadisə hələ də gənclər üçün çox gülməli, eyni zamanda da, sirli bir hadisədir. Necə ola bilər ki, mistik bir proses üçün insanları belə aldada, maddiyyatından istifadə edə bilərlər? Demək ki, olurmuş, insanı illərlə bu şəkildə bəzi ağıllı azlıqlar aldadıb, mədəni şəkildə təhqir edib.

Məncə, çox uzağa getmək, araşdırma aparmaq lazım deyil, qardaş Türkiyədə gözəl, göyçək, ağappaq bir oğlan minlərlə insanı "Çiftlik bankası” adı altında aldatdı. İlk illərdə bu oğlanı tənqid edənləri döyəcək, hansısa qaranlıq məhəllədə bıçaqlayacaq, böyük tikəsini qulağı boyda edəcək bir kütlə yaranmışdı. Sonda nə oldu, o boyda insan aldandı, ağlaşmaya start verildi, “biz haradan biləydik?” sualı durmadan verilməyə başladı.

Azərbaycana gəldikdə isə vəziyyət elə də fərqli deyil, əksinə belə ağıllı azlıqlar üçün 9 iqlim qurşağından 8-i bizdə olan, maddi-mənəvi sərvətlərlə zəngin ölkəmiz çox ideal bir məkandır. Bu xəbərləri çox tez-tez görürük, yəqin:

"Özünə peyğəmbər dedi, 10 qızla yatdı, özünə Seyid dedi, yüzlərlə adama pul atdı, biznes plan satırdı insanları müflis etdi və s."

Kütləni mahir səkildə manipulyasiya edən, bu prosesdən yaxşıca pul qazanan şarlatanlar ordusunun içində ən güclü şəxsi heyətə malik qüvvə isə "Gənc motivatorlardır". Bu insanlar üçün hər şey çox asandır. Hamının bildiyi, mütləq, gün kimi aydın, süd kimi ağappaq olan həqiqətləri ilk növbədə sosial şəbəkələrdə insanlarla paylaşırlar.

Məsələn:

"Dostum, hər şey yaxşı olacaq, qorxma, həyata başla".

"Ayağa dur və su iç, günəşə bax, unutma, hər şey yaxşı olacaq"

"İşlərin pisdirsə, səhərlər qaç və portağal suyu iç".

Bax belə banal, primitiv sözləri günəşli, dəniz mənzərəsi olan şəkillərlə paylaşırlar. Bəzən 10-15 saniyəlik videolar da paylaşırlar, çox vaxt bu gənc motivatorlar nədənsə rusdilli olur. Azərbaycan dilində isə Norveçdən gəlmiş bir turistdən daha pis danışırlar. Zamanla bu paylaşımlar artıq öz yerini pullu, özü də çox ciddi pullu seminarların posterləri ilə əvəz olunur.

Bir müddətdən sonra bunları izləyən, problemli (maddi və yaxud mənəvi, fərq etməz) insanlar artıq bu gənc motivatorların müridinə, davamçısına çevrilir. Əsas olan da budur, belə ehtiyacı olan insanları öz müridinə çevirdikdən sonra ondan o ki var istifadə edə bilərsən. Bu mürid kütləsini istədiyin yüksək məbləğdə olan seminara çağıra, onlardan istədiyin məbləği əldə edə bilərsən. Onlara istədiyin absurd, ehtiyacına adekvat olmayan məsləhəti ver, yenə də bəh-bəhlə bu məsləhəti yeyəcəklər. Buna bir misal da verə bilərik.

– Müəllim, sizi izləyirəm, insanlara motivasiya verirsiniz, mənim də atam ölüb, işsizəm, sevgilim ayrılıb pulum olmadığına görə, dişlərim tökülüb, bir otaqlı uçuq sökük yerdə yaşayıram nə edim?

– Dostum səhərlər günəşi seyr et, portağal suyu iç, yürüş elə və avokado yağı ilə salat edib həyatdan zövq al, unutma həyat təkcə maddiyyat deyil, unutmadan bir də çoxlu “camping” elə dostum. Məsələn, biz dostlarla Qubada “camping” edirik çox gözəl təsir edir mənə.

– Müəllim axı onlar üçün də pul la...

– Sakit, həyatdan zövq al dedim sənə axmaq insan, get başla portağal suyunu içməyə, avokado yağını yeməyə! Hər şey pul deyil, bir az həyata bağlanmaq lazımdır! Bunların etsən Kapital bank səni işə götürəcək, inan və davam et!

– Yaxşı müəllim, nə deyim, siz bilərsiniz hər şeyi, portağal suyu içim, sonra da inanım...

Nəticə etibarilə bu ağıllı azlığın da özünün cənnət qəbzləri var. Bunlar hal-hazırda müqəddəs dəyərə malik sertifikatlardır. Bunlar həddən artıq dəyərli və müqəddəs vərəqlərdir. Gənc motivatorların təlimlərindən aldığınız bu sertifikatla siz bütün açılmayan qapıları da aça, bütün supergücləri əldə edə bilərsiniz.

Biz, buradan hansı nəticəni əldə edə bilərik? İnformasiya bolluğunun, sosial şəbəkələrin hakim olduğu bir dövrdə necə olur ki belə şarlatanlar hələ də bu qədər insanı motivasiya, özünəinam adı altında aldadıb pul qazanır, axı bu necə baş verir? Deməli olurmuş, bəlkə də, transhumanizm, dördüncü sənaye inqilabı insanları daha da tənhalığa qərq edir deyə, onlar belə absurd məsləhətlərə ehtiyac duyurlar.

Lakin vacib bir məsələ var ki, insan cənnət qəbzlərini bir müddətdən sonra rahatlıqla cırıb tulladı, bu qəbzin sadəcə kağız parçası olduğunu reallığını qəbul etdi. Siz isə bir kiçik reallığı qəbul etməlisiniz, o sertifikatlar sizə heç vaxt lazım olmayacaq, ikinci acı reallıq isə budur ki, onların sizə mütləq həqiqət kimi diktə etdiyi söhbətləri evdə bir saat tək qalıb düşünsəniz özünüz də başa düşəcəksiniz. Bir saata hasil edəcəyiniz nəticələr üçün kimlərəsə bu qədər pul tökmək məhz absurdun özüdür.

Yəni insanın özündən uzaqlaşması, elə bu həqiqətlərə də yadlaşmasına gətirib çıxarır, belə ekzistensial anlarda isə ağıllı azlıqların elit dəstələri işə düşür, pullar qazanır, sizin mənəvi problemləriniz üzərindən öz komfortlu həyatını qurur, sonra belini bu komfortlu, bağlı-bağçalı həyata söykəyib, sizə rahat-rahat öz "dəyərli" məsləhətlərini verir.

Ümid edirəm ki belə baltalayıcı yazılarla da insanlar elə şarlatanların seminarlarına, sertifikatlarına tonlarla pul tökmək əvəzinə, yerli yazıçılara, yaradıcı insanlara dəstək olub kitablarını alarlar. Əks təqdirdə belə ağıllı azlıqlar sizi daima məyus edəcək, dəyərli oxucular.

# 5907 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #