Əgər cibində bir qutu siqaret varsa

Əgər cibində bir qutu siqaret varsa
15 avqust 2020
# 16:30

Bu gün Viktor Soyun anım günüdür.

Mənə rus rokunu sevdirən insanın.

Uzun müddət onun ifalarını dinləmişəm, mahnıları ilə nəfəs almışam.

Baxmayaraq ki, ağlım kəsəndə Soy artıq faciəvi şəkildə həyatını başa vurmuşdu, ancaq uşaq vaxtı gördüyüm filmləri, ifaları dumanlı da olsa yaddaşımda ilişib qalmışdı, mən böyüyəndən sonra təzədən cücərdilər.

Yəni Soy təkcə 80-ci illərdə yetişən gənclərin deyil, 80-ci illərdə doğulanların da sevimlisi olub.

Düzdür, çoxdandı gənclik havası başımdan sovrulub, buna baxmayaraq yenə də arabir özüm üçün “Soy gecələri” təşkil edirəm, yenə də eyni həvəslə dinləyirəm.

Onun ifaca sadə, məzmunca dərin mahnıları hər zaman mənim üçün enerji mənbəyi olub.

Əsgərlikdə Nabatəliyev soyadlı rusdilli bir yoldaşım vardı. Bizi bir-birimizə bağlayan təkcə ikimizin də Neftçaladan olmağımız və hazırda doğulduğumuz rayondakı hərbi hissədə karantin keçməyimiz deyildi. O, həm də yaxşı həmsöbhət, dünyagörüşlü oğlan idi. Axşamlar yeməkdən sonra fasilə veriləndə hərə bir tərəfə çəkilib öz işi ilə məşğul olardı. Biz də hərbi hissənin qurtaracağındakı idman meydançasına gələr, orda özümüzə bir söykənəcək tapıb gözümüzü zilləyərdik tikanlı məftillərin, sıx böyürtkən kollarının o üzündə qalan adi həyata. Günəş Neftçalanın şoran düzlərinin uzaq bir yerində özünə sığıncaq axtardığı vaxt hərbi hissəmizdə hay-küy get-gedə çoxalar, tikanlı məftillərin, sıx böyürtkən kollarının o üzündəsə səs-küy yavaş-yavaş həyətlərdən sovuşardı. Qarşımızdakı binaların pəncərələri bizə acıqla göz vururmuş kimi bir-bir işıqlandıqca biz də Nabatəliyevlə “astav” edə-edə çəkdiyimiz siqaretin tüstüsündə mülki həyatda qoyub gəldiyimiz həyatımızın, xoşbəxt günlərimizin xatirələrini bölüşərdik. Xəyalən tikanlı məftillərin o üzündəki, nə vaxtsa ayrı-ayrılıqda gəzdiyimiz tanış küçələri, məhlələri dolaşardıq... İşə bax, bizi azadlıqdan, asudəlikdən bircə tikanlı məftillər, sıx böyürtkən kolları ayırardı, amma cəsarət tapıb o üzə addaya bilməzdik.

Sonra yenə bir siqaret...

Qaranlıq çökərdi.

Qarşıdakı binanın pəncərlərində işıqlar gurladıqca içimizdəki can sıxıntısı da korun-korun sızıldayardı. Lap çarəsizləşərdik. Bəlkə tək olsaydıq ağlayardıq da, amma bir-birimizdən utanırdıq deyə o həddə çatmazdıq. Onda Nabatəliyevlə qoşalaşıb Soyun mahnılarına güc verərdik. Ovunardıq. İnsafən, o məndən yaxşı oxuyardı, necə deyərlər, mən daha çox züy tutardım.

Əsgərlikdən qayıdandan sonra da uzun müddət işsiz olanda, gələcək barədə dumanlı planlarla baş-başa qalanda və cibimdə bir qutu siqaretdən başqa heç nə tapılmayanda yenə Soyu dinləyib təsəlli tapardım, gümanım, güvənim artardı.

Soy mahnılarında insanlara ən çox lazım olan nəsnəni xatırladırdı – ÜMİDi.

...əgər cibində bir qutu siqaret varsa, hələ heç nə bitməyib...

Bir də dəyişiklikdən oxuyardı.

Əminəm ki, o mahnı çox insanın həyatını dəyişdirib.

Bu günlərdə Belarusda etirazların simvoluna çevrilib həmən mahnı.

Ruhun şad olsun.

Sağ ol ki, bu dünyada yaşamısan, sağ ol ki, KİNO kimi gözümünüz qabağından-həyatmızdan keçmisən, gözləri qıyıq oğlan

# 5977 dəfə oxunub

Oxşar xəbərlər

Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
# # #