Düşük evlilik təklifi edən gənclərimiz

Düşük evlilik təklifi edən gənclərimiz
21 iyun 2024
# 12:00

Kulis.az Vüqar Vanın “Görəsən, nə etmək lazımdır?” adlı yeni yazısını təqdim edir.

Hər həftənin ikinci günü axşamüstü Qara Qarayev metro-stansiyası yaxınlığında mini futbol meydançasında futbol oynayıram. Keçən oyunda futbol ayaqqabılarım cırıldı və onları təmirə aparmalı oldum.

Qanım qaralmışdı. Ayaqqabıları təzə almışdım, alanda satıcı malını çox tərifləmişdi, üstəlik, mən Ronaldo da deyiləm ki, ayaqqabılara əziyyət verim. Həftədə bir dəfə cəmi-cümlətani bir saat o tərəf-bu tərəfə qaçıram, nə üçün təzə aldığım ayaqqabılarım cırılmalıdır? Bu suallara cavab axtara-axtara gəlib ayaqqabı təmirçisinin yanına çatdım.

Balaca dükanı kir-pas içində olan ayaqqabı təmirçisi yaşlı, bəstəboy, arıq, üzünün qanı çəkilmiş, xəstəhal bir kişidir. Onun üzünün sakit və açıq bir ifadəsi var. Hərəkətlərindəki sərbəstlik və sadəlik məni heyran elədi.

İçəridə ayaqqabı yapışqanlarının, köhnə əskilərin, sapların, ayaqqabı maketlərinin, bir tayı cırıq ayaqqabıların, paslanmış bəzi alətlərin əlindən əyləşməyə yer tapa bilmədim. O mənim ayaqqabılarımı alıb o tərəf-bu tərəfinə baxdı, dedi ki, “tikmək olar, vaxtın varsa, bir az gözlə, tikib verim”. Razılaşdım, vaxtım var idi, heç yerə tələsmirdim. Ayaqqabı ustası qapının ağzına balaca, hay-hayı gedib, vay-vayı qalmış bir plastik stol qoydu. Oturub gözləməyə başladım.

Ustanın dükanından vaxtı keçmiş, yekə kağız təqvimlər asılmışdı. Görəsən, o, bu təqvimləri nə üçün öz köhnə dükanından hələ də cırıb atmırdı? Gözümə 2003-cü ilin bir təqvimi sataşdı. Təqvimin rəngi solmuşdu. Üstündə kök, xeyli makiyaj etmiş bir qadının şəkli vardı. Qadın yəqin ki, həmin illərin ən populyar müğənnilərindən biri idi. Nə qədər diqqətlə baxsam da, qadını tanımadım. Bu qadın mənə başqa bir adamı xatırlatdı.

Elə, təxminən, o illərdə, yəni mən uşaq ikən, rayonda Arifə adlı bir müğənni vardı. Arifə kök, hündürboy, klassik bir arvad idi. Rayonda və kəndlərdə bütün toylara onu aparırdılar. Mən də kənddə hansı toya gedirdimsə, onu görürdüm. Arifə “palatka” toylarının əvəzedilməz siması idi. Hər kəs istəyirdi ki, toyuna onu çağırsın. Qara saçlarını başının üstünə top kimi yığır, “palatka”nın ümumi ab-havasına uyğun olmayan, həddindən artıq zərli, göz qamaşdıran paltar geyinir, üzünə artıqlaması ilə makiyaj çəkirdi. Kəndin yolları palçıqlı olduğu üçün bəzən əyninə kənd arvadlarından aldığı qaloşları keçirir, palçığa batmasın deyə rəngli dikdabanlarını da çıxarıb əlində tuturdu. Ayağındakı qaloşla zərli paltarı heç cür düz gəlmirdi. “Palatka”ya çatanda isə qaloşları çıxarıb, rəngli dikdabanları geyinirdi.

Arifə danışanda səsi elə də qalın çıxmırdı, amma mahnı oxumağa başlayanda səsi qalınlaşırdı. Bunu necə edirdi, heç cür başa aça bilmirdim. Hətta hərdən mənə elə gəlirdi ki, onun səsi kişi səsidir. Onun ən məşhur mahnısı “Ey nazlı dilbərim” idi. Toy boyu “Ey nazlı dilbərim” mahnısını beş dəfə, altı dəfə oxuyurdu. Toya yığışan adamlar bu mahnıdan doymaq bilmirdilər. Hamı istəyirdi ki, Arifə “Ey nazlı dilbərim” mahnısını oxusun. O da böyük məmnuniyyətlə, sevə-sevə bu mahnını oxuyurdu.

Onun Məmmədtağı adında bir əri də var idi. Məmmədtağı heç yerdə işləmir, bütün gün araq içirdi. Arifə nə qədər kök, sağlam, enerjili, gözəl bir qadın idisə, Məmmədtağı da o qədər cılız, balacaboy, əyriayaq, raxid bir kişi idi. Onlar yan-yana gələndə çox gülməli görünürdülər. Məmmədtağı gecələr içib sərxoş olan kimi küçəyə çıxıb “Ey nazlı dilbərim” mahnısı oxuyur, qışqırır, oynayır, özünü hörmətdən salırdı. Arifə də Məmmədtağıdan qorxurdu. Halbuki Məmmədtağının bir qapazlıq canı vardı. Arifə istəsəydi, ona bir qapaz vurub, canını alardı. Amma Arifə ona hörmət edir, heç nədən özünə bir ər düzəltməyə çalışırdı. Hamı Arifəyə görə Məmmədtağıya hörmət edirdi. Bu da yəqin, onun kişilik qürurunu sıxır, arvadının şöhrəti, məşhurluğunun altında əzilirdi.

İllər keçdikcə Arifənin şöhrəti azaldı, ortaya daha cavan, daha gözəl, səsi daha yaxşı olan qadın müğənnilər çıxdı. Arifə onlarla rəqabət apara bilmədi. “Palatka” toylarının yerini büllur çilçıraqları, böyük salonu, geniş stolları, qalstuklu ofisiantları olan restoranlar əvəz etmişdi. Daha heç kim həmin restoranlara Arifəni çağırmırdı. Düzdür, onu haçan küçədə görürdümsə, sanki yerişi ilə bunları deyirdi: “Nə qədər qoca olsam da, dəyərəm min cavana”. Amma bu ədası, sadəcə, gözdən pərdə asmağa xidmət edirdi. Arifənin vaxtı keçmiş, dövrü bitmişdi. Özü də bunu başa düşürdü. O, zamanın sınağından çıxa bilməmişdi.

Ürəyim sıxıldı. Gör, adi bir təqvim adamın yadına hansı mənasız xatirələri salır. Bu şeyləri xatırlayan vaxt usta eynəyinin altından mənə baxıb soruşdu:

– Futbolçusan?

– Yox, elə-belə hərdən oynayıram – cavab verdim.

– Solaxaysan? – Ətrafına baxıb, balaca burğacını götürdü, ayaqqabının cırılan yerindən deşdi.

– Yox, sağ.

– Bəs niyə sol ayağın da cırılıb?

Buyur. Daha bir ağır sual. Bu qoca ayaqqabı ustasına bir cavab tapıb verə bilmədim. Doğrudan, sağı başa düşdük. Bəs sol? Sol ayaqla nəinki zərbə, heç pas da vermirəm. Nə üçün ayaqqabımın sol tayı da cırılıb.

Usta işini bitirib, ayaqqabılarımı tikdi. İndi ayaqqabılarım əvvəlkindən də yaxşı görünürdü. Onun haqqını artıqlaması ilə ödəyib evə qayıtdım. Yolda fikirləşdim ki, rejissor dostumdan təzə bir rejissor adı soruşub, gecə bir-iki kinoya baxaram.

Sən saydığını say, gör fələk nə sayır. Evə çatdım, dostumdan yaxşı bir rejissor adı öyrənib kinoya baxmağa hazırlaşan vaxt internetdə qabağıma belə bir xəbər sərlövhəsi çıxdı:

“Bakıda elə bir evlilik təklifi edildi ki, hamı şoka düşdü – Video”

Dözə bilməyib, xəbərə girdim. Videoda təxminən əlliyə yaxın gəncin (bilmirəm, onlar harada idilər və nə üçün bir yerə yığışmışdılar) arasında bir oğlan əlində üzük tutub, diz üstə oturmuşdu və bunları deyirdi:

“Sevgi dünyanın ən gözəl hissidir. Bu hissi yaşamadan heç kim ölməsin. Bu qədər insanın içində səni ömrümün sonuna qədər sevəcəm. Sən də məni sevməyə söz verirsənsə, benimlə evlenirmisin?”.

Alqış, gurultu sədaları qopdu. Ətrafdakı gənc qızlar həyəcanlanıb baş verən hadisəni videoya çəkə-çəkə “ay daaaa, offff, nə bombaaaa, supeeer” nidalarını səsləndirirdilər.

Evlilik təklifi alan qız isə oğlanın qabağına gəlib dedi:

“Ömrümün sonuna kadar “evet” deyirəm”.

Ömrümdə belə səviyyəsiz, düşük video görməmişdim. Bu müdrik fikri çoxdan yadımda saxlamışam: “Adamı özündən başqa heç kim alçalda bilməz”. Bunu bilə-bilə yenə də təəccübləndim, axı adamlar necə olur ki, özlərini bu qədər alçalda bilirlər? Axı bir adam nə üçün özünü bu səviyyəyə endirsin, özünə bu pisliyi eləsin? Hansı səbəb adamları vadar edir ki, onlar camaatın qabağında “evlilik təklifi” eləsinlər? Özlərini müxtəlif vasitələrlə alçaldan, gözdən salan adamları çox görmüşəm, haqqında çox oxumuşam. Amma beləsini birinci dəfə idi görürdüm.

Adamdan soruşarlar ki, axı sən kimsən? Sənə nə üçün elə gəlir ki, çoxalma arzunu necə və harada gəldi həyasızcasına el-aləmə car çəkə bilərsən?

Bunların ətrafında bir ağıllı, bir normal adam yoxdu ki, desin, “ay balam, yekə adamlarsız, özünüzə bir az hörmət edin, ayıbdı, belə şeylər insana yaraşmaz, nə deməkdir bu? Özünüzü kimə göstərirsiz? Evlənmək istəyirsən, get evlən. Bunu niyə reklam edib, klip çəkirsən? Bəsdirin, özünüzü ələ alın, adam özünü bu qədər alçaltmaz”.

Görünür ətraflarında bir ağıllı, bir başbilən adam olmayıb. Ən dəhşətlisi o idi ki, ətrafdakı gənc qızlar da bu evlilik təklifini eşidib ürəklərində alışıb-yanırdılar, əriyib yox olurdular. İstəyirdilər ki, onlara da kimsə belə bəh-bəhlə evlənmə təklifi eləsin. Yalandan sevinib, gülürdülər, amma evlilik təklifi alan qıza paxıllıqları tuturdu, imkanları olsaydı, qızın saçını yolar, onu sürüyər, evlilik təklifi edən oğlanı qapıb qaçardılar.

Oğlanın sondakı “benimle evlenirmisin?” sözündən belə başa düşmək olar ki, bu və bu kimi adamlar bayağı, düşük, iyrənc türk seriallarının təsirindədirlər. Bizdə belə söhbət heç vaxt olmayıb. Heç bizim dildə bu təklifi eləmək də olmur, çox qəribə, eybəcər formada çıxır.

Bu evlilik təklifi fetişi “Yasak elma”lar, “Hayatımın aşk”ları, “Kırmızı oda”lar, “Fatmagülün suçu nə”lər vasitəsilə bizə keçdi. Türk seriallarında mütləq kimsə kiməsə belə bir gurultulu evlilik təklifi edir. Bu gurultulu səhnələrdən qidalanan azərbaycanlılar da həmin serialları, həmin klipləri öz mənasız həyatlarına tətbiq etməyə qərar verirlər. Özü də təklif nə qədər qeyri-adi olursa, deməli sevgi də o qədər böyükdür.

Məsələn, “Mən səni sevirəm, gəl evlənək” deyən oğlanın sevgisi ilə camaatın qabağında diz çöküb “ben seni ömrümün sonuna kadar sevmeye yemin ederim. Benimle evlenirmisin?” deyən oğlanın sevgisi müqayisəyə etsək, təbii ki, üstün tərəf “benimle evlenirmisin” deyən oğlan olacaq.

Hələ bu nədir ki? Türk seriallarında evlilik təklifli elanları gəmilərin, təyyarələrin, nə bilim, binaların üstünə yazılır. Çox yaxında bizdə də belə şeylər olacaq. Onların sevgisi, ümumiyyətlə, başqa səviyyədir. Bu haqda heç danışmağa da dəyməz. Rəhmətlik Nizami Gəncəvi yaşasaydı, belə sevgilərdən bir poema yazardı. Yoxsa ki, Məcnun elə gəldi, Leyli belə getdi.

Məşhur filosof Senekanın bir dostuna yazdığı məktub var. Məktubun məzmunu belədir:

“Evimdəki xadimə çox qoca olduğu üçün gözləri tutulub. Ailəmizin yanında çoxdan işləyir deyə, onu evdən çıxarmıram. Çox qəribədir ki, bu kor qadın kor olduğu qəbul eləmir. Mənə deyir ki, “sənin evin qaranlıqdır”. Əslində, ona yazığım gəlir. Çünki hamımız aşağı-yuxarı bu qadın kimiyik. Heç kim öz pis xasiyyətini qəbul etmək istəmir və cürbəcür bəhanələr uydurub, özünü aldadır”.

Senekanın bu məktubu məni düşündürür. Bəlkə, videoda gördüyüm adamların da gözləri tutulub? Onlar, bəlkə, hamılıqla kor olublar?

# 4080 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #