Damla adında sənətçi ola bilməz

Damla adında sənətçi ola bilməz
6 iyun 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Damla-damla” adlı yazısını təqdim edir.

Konsertlər, tamaşalar qədim Yunanıstanda adamlar bikarlıqdan ölməsinlər, dövlətə qarşı çevriliş etməsinlər, başlarını qatsınlar deyə, xalqı uyutmaq üçün yaradılmış bir şey idi. Çörək və tamaşa varsa, yaşamağa dəyər.

Bayaq Damlanın konsertini gördüm. Dəqiq bilmirəm, Damla harada konsert verirdi. Amma ünvanın elə də bir əhəmiyyəti yoxdur. İzləyiciləri, tamaşaçıları onu yalayır, öpür, ağlayır, qışqırırdılar. Əslində, bu, normaldır. Konsertdə izdiham olur, konsertdə qışqırırlar, ağlayırlar, əylənirlər. Misalçün, aşağıdakı şəkil 1985-ci ildə, məşhur rok qrupu “Queen”in konsertindəndir.

Amma “normal”ı rədd eləyin, getsin. Nə qədər humanist, liberal, mədəni olsan da, bunu Damlanın konsertinə, Damla üçün ağlamağa, Damlanı yalamağa heç bir aidiyyəti yoxdur. Damlanın konsertinə getmək və orda Damla üçün ağlamaq dünyanın ən zövqsüz, ən mənasız məşğələsidir. Yaxşı, bəs niyə Damlaya mənasız, bayağı və səviyyəsiz deyirik? Gəlin, bunu arqumentlərlə göstərim. Sonradan Damlanın fanatları gəlib mənə “ham-ham-ham” eləməsinlər.

1. Sənətçi (?) ən birinci geyimi ilə diqqət çəkməli, izləyicilərinin, medianın gözünü qamaşdırmalıdır. Ya çox bər-bəzəkli, rəhmətlik İlhamə Quliyevafason geyinməlisən – bu cür geyim konsertlərdə az istifadə olunur, ya da rahat, sadə bir şey. Misalçün, gəlin Damlanın geyindiyi paltara baxaq.

Soldakı Billi Aylişdir. Sağdakını da tanıyırsınız. Damlanın dünən konsertinə geyindiyi paltarıdır. Səviyyəsiz, zövqsüzcəsinə tikilmiş bir paltardır. Bilinmir bu nədir? Şortiklə kostyum pencəyini nə üçün geyinəsən? Lap kostyum pencəyini geyindin, utanmadın. Pencəyin ortasını nə üçün ürək formasında kəsib, büsqalterini nümayiş etdirəsən? Bu, zövqsüzlüyün zirvəsidir. Adam istəsə də, belə zövqsüz, bayağı ola bilməz.

2. Damlanın adı çox lokaldır. Damla adında bəşəri bir sənətçi ola bilməz. Misalçün, Billi Ayliş adına baxın, bir də Damla adına. Damla adında dünya səviyyəli sənətçi ola bilməz. Sənət və sənətçi də əgər lokallaşdısa, deməli, bayağılaşır, zövqsüzləşir. Bu səbəbə görə də, Damla banal olur. Burda bir haşiyə çıxım. Bu yaxınlarda mən də adımı dəyişib Cekdən, Mekdən qoyacağam. Vüqar Babazadə də çox lokaldır. Vüqar Babazadə adında bəşəri yazıçı ola bilməz. Gərək başqa bir şey tapam.

3. Damlanın musiqisi də bayağıdır, çünki:

Aşağıdakı sözlər Damlanın ən çox dinlənilən (14 milyon) “Yara” adlı mahnısındandır:

Belə böyük sevgilər bitərmi sandın,
Mən nə yanğılar gördüm, keçərmi sandın.
Səni görüm, nəfəsini çəkim canıma,
İnan qoxun çöküb yastığıma, yorğanıma
Gəl yanıma...

Nəq:

Axı mən inan olsun belə istəmədim,
Çıx get bir də gəlmə demədim.
Mən səni unutmaq üçün sevmədim,
Kor olar gözlərim baxsa birinə.
Hər keçən gün bir az daha dərinə,
Endim, sevdim ikimizin yerinə

Beyni olan adam sözlərə qulaq asanda belə düşünür: Bir dəqiqə, axı burda heç nə yoxdur, lənət şeytana, burda, həqiqətən, heç nə yoxdur. Bu ki, zibilliyə tullanmalıdır. Yox, yox, mən buna dəyərli vaxtımı ayırmacağam. Rədd olsun! (Arada Stiven Kinq kimi danışmağı sevirəm)

4. Üstəlik, klipində də Damla aciz bir qadın rolundadır. Həmin bu qadının əri daima təzyiq edir, xoş davranmır, şiddət göstərir-zad. Qadının, onsuz da, əzildiyi, lənətləndiyi bir coğrafiyada hansısa “sənətçi”, üstəlik, “qadın sənətçi” durub qadına şiddət meylli klip çəkirsə, deməli, o, sənətçi deyil.

5. Ümumiyyətlə, Damla özünə nə qədər xərc tökür, töksün, nə qədər pul qoyursa, qoysun, əgər təfəkkürü yenilənməsə və izləyicilərinin təfəkkürü ilə hərəkət etsə, heç vaxt uğur qazana bilməyəcək. Bu konsertlər-filan gəlib-keçici şeylərdir. Damla özü də başa düşür ki, Pərviz Bülbülə və Aqşin Fateh inkubatorları yeni-yeni yüzlərlə Damla yetişdirilər. Elə Damla da Pərviz Bülbülənin sənayəsindən çıxmışdı. Damla fərqindədir ki, yeni gələn Damlalar ondan daha yaxşı, daha çox səviyyəsiz, daha çox bayağılıq edə bilmək iqtidarındadırlar. Əsas Damlanın işi isə bundan sonra öz beyni və sənəti ilə məşğul olmaqdır.

Beş bənddə və arqumentlərlə Damlanın bayağı və aşağı səviyyəli bir sənətçi olduğunu sizə nümayiş elədim. Xahiş edirəm, mənə “ham-ham-ham” etməyin.

Damlanın konsertinə gedən, Damla üçün ağlayan və Damlanı yalayan insanlar isə sadəcə fəlakətdir. Onlardan danışsam, gərək burda dastan açam. Onlara həm bir az yazığım da gəlir, həm də bir az nifrət edirəm.

Proporsiya pozulub. Zövqsüzlük, bayağılıq meydan sulayır. Səviyyəsizlik at oynadır. Heç kim sadə olmaq, sadə görünmək istəmir. Milli-mənəvi dəyərlər adamın içini gəmirir. Təhsilsizliyin nəticəsi faciəvidir. Hər şey nə qədər “fuflo”dur. Səhrada qışqıran adam kimiyəm. Boş yerə özümü yoruram.

Azərbaycanlıların dərdi məni öldürəcək.


Peçat sözlərdən sonra qışqıranlar – Seymur Baycan

Bir daha təkrar edirəm bütün dövrlərdə zövqsüz adamların sayı zövqlü adamların sayından qat-qat çox olub. Bu müstəvidə hər hansı formada qadağadan da söhbət gedə bilməz. Əgər qadağaların hökm sürdüyü, qapalı sovet hökumətinin zamanında adamlar o dövrün məhdud imkanları ilə ara mahnılarına qulaq asa bilirdilərsə, indiki, bu qədər imkanların olduğu zamanda hər hansı qadağa çox mənasız, yersiz görünər. Bütün bunları, xüsusən hər dövrdə zövqsüz adamların sayının zövqlü adamlarla müqayisədə qat-qat çox olduğunu nəzərə almaqla bərabər, yenə də deyə bilərik ki, öz aramızdır, dəyəsən elə bil proporsiya pozulmuş kimi görünür. Nəsə elə bil apokaliptik sifətlər çox görsənir. Bu da heç… Ola bilsin mövqeyimdə yanılıram (çox istərdim belə olsun), amma mənə elə gəlir ki, bu gün zövqsüzlükdən kəskin əziyyət çəkən adamlar həm də cəmiyyət, ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.

Yutubda meyxana deyişmələrinə baxın. Peçat söz eşitdikdə adamların etdikləri hərəkətləri diqqətlə müşahidə edin. Yutubdakı meyxana deyişmələrinin baxış sayı, peçat söz eşitdikdə adamların çıxardıqları səslər, etdikləri hərəkətlər, kriminal məzmunlu, aqressiya yağan sifətlər Azərbaycanda təhsilin öldüyünün, zövqsüzlüyün, səviyyəsizliyin meydan sulamasının bariz şəkildə göstəricisidir. Bir gün bu adamlar küçələrə tökülüşüb qarşılarına çıxan hər şeyi darmadağın edəcəklər.

# 29453 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #