Çirkin qadınların gözəl qadınlara paxıllıq etməsi

Aytac Sahəd

Aytac Sahəd

12 aprel 2022
# 13:20

Kulis.az Aytac Sahədin “Həzrəti Yusifin qaranlığı” adlı yazısını təqdim edir.

Həmin məşhur aktrisamız teatra gələn gənc aktrisaların ayaqqabısına şüşə qırıqları doldururdu...


Bu faktı eşidəndə əvvəlcə inanmaq istəməmişdim. Axı o mənim ən sevimli aktrisam idi. Sonralar başa düşdüm ki, burda qeyri-adi heç nə yoxdur, çünki mənim yerə-göyə sığışdırmadığım aktrisam da insandır. O insan ki, mayasında həsəd var.


Qabili Habili öldürməyə məcbur edən paxıllıq deyildimi? Ya da Yusifi qaranlıq quyulara məhkum edən? Deməli, bəşər tarixinin ilk cinayəti qardaşın qardaşa paxıllığından başlayır. Deməli, bütün günahların sələfi paxıllıqdır.


Adına nə istəyirsinizsə deyin. Həsəd, qısqanclıq, qibtə və s. Nə dərəcədə olmağından asılı olmayaraq bu isimlər pislik şəklində təzahür edir.
Paxıllıq ona görə pisdir ki, bu insanın özünün özünə etirafıdır, sən paxıllıq edirsənsə, deməli, qarşındakının səndən yaxşı olduğunu qəbul edirsən. Asan deyil axı, zəif olduğunu qəbul etmək. Gərək yüz imama ağlayanda, bir kərə də Yezidə ağlayasan.


Sizin heç Göyçək Fatimənin çirkin bacısına yazığınız gəlibmi? Mənim gəlib. Uşaqkən nifrət etdiyim bu qəhrəmanı yalnız Şilleri oxuyanda başa düşmüşəm. Daha dəqiq desək, Frans Moorun monoqlarındakı üsyanda.


Həzrəti Yusifdən Karl Moora qədər çəkdiyim nümunələr qardaş qısqanclığı üzərində qurulub. Sizcə, bu qədər şey boşunamı yazılıb? Qardaşın belə doğma qardaşının xoşbəxtliyini həzm edə bilmədiyi dünyada ədalət gəzmək divanəlik deyilmi? Və ən əsası bu hekayədə sən Habil yox, Qabilsənsə? Səndən yaxşı olanın yanında hiss etdiyin duyğunun adını təkcə sən özün bilirsən. Gəl səmimi olaq heç o duyğu qulağına bir şey pıçıldamayıbmı? Səni pisliklərə sürükləməyibmi? Bax, hər şey o pıçıltıdan başlayır. O pıçıltıya qulaq verəndə sən olursan pis adam.


Qulaq asmayıb səsini kəsəndə isə bilmirəm necə adam olursan. Bəlkə yaxşı, bəlkə güclə bəlkə də zəif. Məsələn, bilirsən ki, o səndən daha savadlıdır. Onda pislik etmədən öncə oxuyub ona çatmağa çalışa bilərsən, daha dövlətlidirsə, bəlkə gecəni gündüzünə qatıb bir nəticə hasil edə bildin. Yox əgər o səndən daha gözəl ya da səndən daha istedadlıdırsa... paxıllıqdan özünü qorumaqdan başqa çarən qalmır.


Qadın qadının ən böyük düşmənidir deyirlər. Bu söz elə-belə yaranmayıb. Bəlkə yüzlərlə səbəbi var bu düşmənçiliyin. Ancaq mənim ən çox gördüyüm bir səbəb var: o da gözəllik. Çirkin qadının özündən gözəl qadını həzm etməsi asan məsələ deyil. Bu taledən, bu yaradılışdan, bu yaradandan incik düşməkdir. Çünki o səndən daha gözəl yaranıb və ən əsası bu taleyin ona hədiyyəsidir. Hətta qadının az qala özünü yenidən yarada bildiyi tibb əsrində belə adının qarşısında gözəl təyini yazdırmaq asan məsələ deyil. Bir də təsəvvür edin, orta əsrlərin çoxarvadlılıqla cəzalandırılan qadınlarını. Təxmin edin onlar nələr çəkib. Hökmdarların hərəmxana hekayələri elə-belə yazılmayıb ki.


Bir də istedad. Bax buna da paxıllıq etməkdən savayı əldən heç nə gəlməz. Ona görə də yaradıcı adamların həyatı faciələrlə zəngin olur. Yaradıcı adamların camiəsi də öz macəraları ilə hərəmxanalardan geri qalmır.


Bir dəfə Xalq rəssamı Ağaəli İbrahimovdan soruşdum ki, rəssam dostlarınızın uğurlarını həzm etməkdə çətinlik çəkirsiniz? Cavab olaraq masasının üzərində bir günəş çəkdi. Və günəşin şüalarını göstərib dedi ki, bax biz rəssamlar bu günəşin şüalarıyıq, günəşin özü isə sənətdir. Biz hamımız sənət üçün varıq.


Ağaəli müəllimin cavabı ağlıma batmışdı, sualımın qismən də olsa, cavablamışdı. Ancaq həmin aktrisamızın paxıllıq hekayəsi yenidən ağlımda suallar yaratmışdı. Axı teatrda hərənin bir kətanı yoxdur. Bir baş rol var, cəmi bir baş rol. Düzdür, ikinci dərəcəli rollarla da parlayanlar var, ancaq o baş qəhrəmanların heyranları daha çox olmalı. Teatr tarixinin elə dövrləri var ki, bir gözəl, bir istedadlı aktrisa teatrının bütün aktrisalarının qənimi olur, onların potensialını beşiyində qətl edir, çünki bütün əsas rollar onun olur. Gəl də ona paxıllıq etmə. Və ən əsası o özü özündən sonra gələnə paxıllıq etməsin. İllərlə səhnədə bərq vuran bu qadın yaşlananda özündən gözəl, özündən istedadlı birini nə qadın təbiəti ilə nə də səhnə qüruru ilə qəbul edə bilmir. Elə bilirsiniz ki, yaşından xeyli cavan rolları oynayan aktrisalar necə gülünc göründüklərinin fərqində deyil? Əlbəttə fərqindədirlər. Ancaq nə çarə? Boşuna teatra intriqalar yuvası demirlər, çünki orada bir baş rol var, çünki hər teatrın bir primadonnası var.


Heç nədən qorxmadığım qədər qorxuram paxıllıq etməkdən, heç kimdən ehtiyat etmədiyim qədər ehtiyat edirəm paxıl adamlardan. Çünki bilirəm ki, bu hiss insana nələr etdirə bilər.


Həmişə nədəsə kimsə səndən daha yaxşı olacaq. Bir Habil həmişə yanında görəcəksən, bəzən Habil özün olacaqsan, ən əsası isə bu hekayədə Qabil olmamaqdır. Bunun da tək yolu özünlə barışıq olub, əlindən gələnin ən yaxşısını etməkdir. Viktor Hüqonun da dediyi kimi “öz işığına güvənənlər başqasının parıltısından qorxmaz”


Tanrı sizi Yusifin quyusundakı qaranlıqdan qorusun.

# 4624 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #