Bu, tərtəmiz riyakarlıqdır

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

7 iyul 2022
# 09:00

Kulis.az Zamin Hacınının "Efir avtobusunun sürücüsü" adlı yazısını təqdim edir.

“Rədd ol mənim qatarımdan!”
(1990-cı ildə çəkilən “Ruh” filmindən, rejissor Cerri Zuker)

Köhnə kişilər söhbətə uzaqdan başlayardılar, siz də hazır olun, qarpız doğrayın, qarğıdalı qaynadın, rahat əyləşin, başlayaq.

İllərdən 1990. O zaman uca millətimiz bütün SSRİ zəhmətkeşləri kimi erotika, sevgi, seks mövzularının sehrinə və selinə təzə düşmüşdü, önünə nə çıxsa, acgözlüklə gözünə təpirdi. Mişa Qorbaçov aşkarlıq siyasəti elan etmişdi. Jurnallarda çılpaq bədənlər, köhnə avtobuslarda, zirzəmilərdə pornofilmlərin nümayişi, sevişmə mətnləri dərc edən qəzetlər adi hal almışdı. SSRİ-də əsl seksual inqilab yaşanırdı və Allahverdi Eminov adlı bir müəllif zamanın nəbzini əla tutaraq bu mövzuda kitab yazmışdı. Yaddaşım məni aldatmırsa (bəzi vələdüzna cavanlar pis-pis qımışmasın, doğrudan, kitabın adını dəqiq xatırlamıram) “Payıza qədər” adlanan o kitabda kişi və qadının cinsi münasibətləri hərtərəfli, hətta deyərdim maarifləndirici formada verilmişdi. Məsələn, indiki gənclərə o kitabı göstərsən gülüb keçərlər, deyərlər burda cəlbedici nə var, az qala uşaq ədəbiyyatıdır.

Ancaq o dövrdə millətçi şüarlarla önə çıxan Azərbaycan Xalq Cəbhəsi hərəkatında bu kitabı pisləyən adamlar peyda olmuşdu. Guya Eminov xalqımızın əxlaqını pozur, qeyrət-namus əldən gedir, buna son qoymalıyıq və sairə. Təxminən, usta Roman Məmmədovun iki gün qabaq metroda qaşını alan oğlanlara yaraq-əsləhəli hücum çıxışları tipində söhbətlər idi. Sadəcə, cəbhəçilər “hara baxır mədəniyyət naziri” kimi dövlətçilik ruhunda danışmırdılar, “AXC buna münasibət bildirməlidir” deyərək hərəkatın iclasında məsələ qaldırmışdılar.

Tribunada xeyli cəbhəçi danışmış, əsasən Allahverdi Eminovu asıb-kəsmişdilər. Ancaq hamı sədr Əbülfəz Elçibəyin son, yekun sözünü gözləyirdi. Ümid eləyirdilər bəy AXC adından nəsə qərar verəcək, tərbiyəmizi pozan kitab yığılıb yandırılacaq, ya da Eminov Azadlıq meydanında şaqqalanacaqdır. Nəhayət bütün çıxışlar bitəndə Əblüfəz bəy demişdi: “Mən belə başa düşdüm ki, hamınız burda söysəniz də gecələr gizlicə o kitabı oxuyursunuz”. Salona gülüşmə düşmüşdü, gərginlik aradan qalxmışdı, Eminov və onun “əxlaqsız” kitabı xilas olmuşdu. Deyəsən sonralar AXC iclaslarında hansısa əsəri qadağan eləmək çağırışları daha olmadı.

Ümumiyyətlə, Əbülfəz Elçibəyin söz azadlığına inanılmaz müsbət münasibəti vardı, bunu şəxsən, öz başıma gələn bir əhvalatdan da bilirəm. 1990-cı illərdə AXC iclaslarından birində məni tənqid eləmiş, necə deyərlər, məsələmi partiya iclasında müzakirə etmək istəmişdilər, sonradan aldığım məlumata görə buna Elçibəy qarşı çıxmışdı. Uzun söhbətdir, bir gün yazarıq.

“Payıza qədər”in müzakirəsi son günlərin bəzi qadağan çağırışlarını görəndə yadıma düşdü. Məsələn, əksər adamlar Zaur Kamal (onlar iki dənədir, soyadını ümid edirəm düz yazdım) adlı aparıcını söyürlər. Deyirlər o, nə üçün Güney Azərbaycanlı müğənnini efirdən, verilişindən qovubdur.

Bəyin sözü olmasın, hamısı gecə səhərə qədər Zaurun verilişinə baxırmış... Şəxsən mən baxmıram, ancaq buna görə Zaurun verilişini qadağan etməyə çağıra bilmərəm axı! Demokratiya, plüralizm, tolerans harda qaldı?

İndi mən “Zaur hansı qanunu pozub?” soruşacağam, gülməşəkərlər “Xeyr, yazılmamış qanun-qaydalar, xalqımızın el adətləri var, qonağı qovmaq olmaz, Güney bizim canımızdır, Savalan dağı, Araz həsrəti” və sairə deyəcəkdir.

Mənim əzizlərim, yazılmamış qayda-qanunlar çox təhlükəli, min dənə başı olan baltadır. Bu gün siz o qanunlarla başqasını mühakimə edərsiniz, sabah da başqaları o “örf-ənənə” ilə sizin başınızı alar – qaşınızı aldığınız üçün.

Zaur Kamalın efirdən manıs qovalaması azadlığı şəxsən mənim azadlığıma heç bir təhlükə yaratmır, çünki yuxarıda yazdım – onun verilişinə baxmağa nə həvəsim, nə vaxtım var. Hətta istəsəm də baxa bilmərəm, texniki səbəbdən: televizorumuzda yerli kanallar yoxdur.

Üstəlik, hadisədən sonra rastıma çıxan bəzi detallara əsasən o manısın efirdən qovulmağı yüz faiz haqq etdiyini düşünürəm. Səhnə arxasında bir cür, efirdə başqa cür danışırmış. Və bunu ifşa edən aparıcıya “kişi arasında söhbət olar, bunu açmaq lazım deyildi” söyləmişdir. Bu ki, üzr istəyirəm, tərtəmiz riyakarlıqdır! Azərbaycan xalqı ikiüzlülüyə çəpik çalır? Heç gözləməzdim. O söhbəti ki, hamının yanında danışa bilmirsiniz, daldada niyə danışırsınız? Zəhmət çəkin, orda da danışmayın.

Maraqlıdır ki, eyni günlərdə bir avtobus sürücüsünün də sərnişin qadını maşından qovduğuna şahid olduq. Məntiq həmin məntiqdir: “avtobus mənimdir, özüm bilərəm”. Bundan sonra sürücünü işdən qovdular. Lakin avtobusun yiyəsi sürücü deyildi, şirkət xalqın etirazlarını nəzərə alıb onu geri qaytardı. Ardıcıllıqdakı harmoniyanı gördünüzmü? Hər kəs başqasını qovmağa, bayıra atmağa çalışır. Hərəmizin öz “avtobusumuz” var. (Bəzilərində lap KAMAZ-dır). Zaurun avtobusu da efirdir. Kimin günahı yoxdursa, buyursun, avtobusları daşlasın. Hələ avtobusa minən müxalifəti söyən qruplaşmalar da var. Biz bu cür aqressiya, dözümsüzlük şəraitində mənzil başına, xoşbəxt gələcəyə çata bilməyəcəyik.

Sonda bir ədəbi qeydə də ehtiyac var. Əgər sənin adını Zaur qoyublarsa, burda davranış öncədən proqramlaşdırılıb. Axı, hamıya məlumdur, Zaur da Təhminəni atmışdı.


# 4731 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #