Aparıcının səhvinə gülənlər...

Aparıcının səhvinə gülənlər...
6 may 2022
# 18:15

Yenə hamı çay görməmiş çırmanıb. Yenə Feysbuk, İnstaqram, Tik-tok dağılır, od tutub yanır. Aləm qarışıb bir-birinə ki, bəs aparıcı Zümrüd Bədəlova efirdə 37-ci ildə repressiyaya məruz qalmış azərbaycanlı şair Əhməd Cavadın nəvəsinə “babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Əlbəttə, kobud səhvdir. Bir aparıcı efirə dəvət etdiyi qonaq haqqında kimliyindən asılı olmayaraq araşdırma aparmalıdır.

Üstəlik, bu qonaq Əhməd Cavadın nəvəsidirsə, bu aparıcıdan daha ciddi araşdırma tələb edir. Verilişin gedişatından hiss olunur ki, Zümrüd xanım Əhməd Cavadın kimliyi haqqında, 37-ci il hadisələri barədə yetərli qədər məlumatlı deyil. Hərçənd hər bir verilişin hazırlanma prosesi var. Bu proses zamanı aparıcı istəməsə belə məlumatlanır, öyrənir. Amma məsələnin başqa bir tərəfi də var.

Ola bilməz ki, Zümrüd Bədəlova həyəcanlansın? Mexaniki səhvə yol versin? Bütün hallarda hamı hər gün Əhməd Cavadın nəvəsi ilə üz-üzə gəlmir axı.

Bu günə qədər 100-dən çox müsahibim olub. Bunların böyük hissəsi tanınmış adamlar və yaxud da onların övladları, nəvələri olub. Amma etiraf edirəm ki, müsahibələrə başlayanda, istər-istəməz həyəcan hissi yaranıb. Mənim köməyimə müsahiblə görüşə gedərkən az-çox araşdırma aparmağım, hazırlıqlı olmağım gəlib.

Məlum əhvalatda aparıcı hazırlıqlı olub, olmayıb bu məsələnin başqa tərəfidir. Ancaq niyə hərə əlinə bir qılınc götürüb? Və yaxud da başqa nə gözləyirdiniz ki? Zümrüd Bədəlova söhbətin hələ abırlı tərəfidir. Bildiyimə görə xanım aparıcı İncəsənət universitetinin aktyorluq fakültəsini bitirib. Ən azı on ildən çoxdur ki, televiziya məkanında aparıcı kimi fəaliyyət göstərir. Ortaya çıxardığı verilişlər də insafən pis baxılmır. Kino, teatr, ədəbiyyat və musiqi sahəsindən qonaqlar dəvət edir. Yəni Azərbaycan televiziya məkanında daha yaxşı nə etmək lazımdırsa, onu etməyə çalışır.

Əgər onun və digər aparıcıların idarə etdikləri verilişlərin səviyyəsi pisdirsə, yenə də bunun günahı onlarla yanaşı, həm də cəmiyyətdədir. Cəmiyyətin tərkib hissəsi olan təhsil sistemindədir. Xanımın məzun olduğu İncəsənət universitetinin verdiyi təhsil göz önündədir. Kitab oxuyan, ciddi filmə, verilişlərə baxan, dünya praktikasından bəhrələnən, öz üzərində işləyən aktyorlarımız, müğənnilərimiz nə qədərdirsə, aparıcılarımız da o qədərdir.

Hər kəsdən də fərdi özünü inkişaf etdirmə tələb oluna bilməz. Hər kəsə al, bu kitabı oxu, Bela Tarrın filmlərinə bax, Mariya Kallası dinlə demək də doğru deyil. Ancaq bütün bəlalarımızın fonunda məhz oxumamaq, savadsızlıq dayanır axı. İnsanları bayağılığa, savadsızlığa aparıb çıxaranlar, onları mütaliəyə də rahatlıqla gətirə bilərlər. Etmirlər. Daha doğrusu istəmirlər.

Bu yaxınlarda Mirmehdi (Mirmehdi Ağaoğlu. red) ilə söhbət edirdim. Qəfildən mənə dedi ki, Samirə, indiki sürət və internet dövründə kitab oxuya bilmək, mütaliə etmək müharibəyə getmək kimidir. Bir neçə gün onun bu sözləri barədə düşündüm və müəyyən mənada dostumu haqlı hesab etdim. İndi hər dəfə kitab oxumaq istəyəndə, bu sözləri xatırlayıram. Bir tərəfdən televizordan müxtəlif kanallardan gələn səslər, bir tərəfdən əlimin altındakı daimi internet təchizatı olan telefon və rəngarəng sosial şəbəkələr, platformalar... Bunların hamısını əlinin arxası ilə bir kənara atıb kitab oxumaq, doğurdan da, qəribə gəlir. İnsandan özü ilə müharibə olmasa da, mübarizə tələb edir. Ona görə də müasir nəsil bizə ağıllı adam kimi münasibət bəsləmir. Biz onları cahil, onlar bizə oxumaqdan başı xarab olan dəli kimi baxırlar. Onlar düşünürlər ki, Tik-toku, Feysbuku bir kənara qoyub necə vərəqləri saralmış kitabları oxumaq olar? Bəli, belə ağrılı bir təzadın qarşısında, bu boyda problemlərin önündə bir qadının yaxasından yapışmaq, onu linç etmək əlbəttə asandır.

Bir məqamı da nəzərinizə çatdırıb yazını xətm etməyə çalışacam. Televizora xeyli vaxtdır baxmıram. Çünki televizora baxmaq mərhələsini çoxdan keçmişəm. Mən də on il əvvəl həvəslə maraqlı bildiyim verilişlərin, serialların vaxtını gözləmişəm. Amma müəyyən yaşdan sonra bu mərhələ bitdi. İndi nə xarici, nə də yerli kanallarda zövqümə cavab verəcək nə isə olacağına inanmıram.

Bir neçə gün əvvəl Tolikin verilişlərindən birinin qulaq müsafiri oldum. İnanın səmimiyyətimə ki, gözüm heç nə görmürdü, ancaq səs eşidirdim. Aparıcı Tolikin qonaqları ilə danışıq tərzi, onlara müraciəti, qonaqların da eyni intonasiya, tövr ilə ona cavab verməsi, fikirlərinə münasibət bildirməsi yumşaq desəm, ürəyimi bulandırdı. Efirin belə bir vəziyyətə düşməsində səbəbkar olan insanlara ürəyimdən keçən allı-güllü qarğışları etdim. İndi Tolik kimilərini aparıcı adı ilə efirə dolduran adamların cəmiyyətində yaşadığımızı insanları unudub, Zümrüd Bədəlovanın üstünə düşmüşük. Sizə elə gəlmir ki, xeyli ağ edirik və nəyi əkmişiksə, onu da biçirik?

# 17322 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #