War, yoxsa No War?

War, yoxsa No War?
6 noyabr 2020
# 10:30

Bəri başdan deyim: bizim sülh tərəfdarlarımız artıq məni boğaza yığmaqda. Dinmədim, dinmədim, nəhayət cuşa gəldim.

Sülh... Nə göyçək arzu, nə şirin yuxu, nə qanadlı xəyal. Bu yerdə evin damına çıxıb göydəki göyərçinlərə ağız-burnumu əymək istərdim.

Amma Ermənistanın Azərbaycana basqını ilə yaranmış konkret reallıq, konkret müharibə var axı. Bu halda əminaman dünya barədə şüar bağıranlar gərək bu sülhün yol-yolağını də qulağımıza pıçıldasınlar. Yəni gərək xülyalar aləmindən gerçəkliyin həndəvərinə enib desinlər: sülhün olması üçün Ermənistan işğal elədiyi torpaqlardan çıxmalıdı. Bunu demirsənsə, sülh indi yalnız düşmənə sərf eləyir deyə onun əlinə oynamış olursan: sadəlövhcəsinə, mağmıncasına.

Ya da, ən zərərsiz variantda, reallıq hissini itirmiş boşboğaza çevrilirsən.

Məntiq inadkarcasına qışqırır: başqa ölkənin vətənimizə təcavüzünə görə başlamış müharibədə havaya sülh şüarları uçurmaq dərin şüurun altında da, dayaz ağılın səthində də düşmənə yaltaqlanmaqdı. Həmin məntiq mərdüməzar görünməkdən çəkinməyərək bir az da uzağa gedir: bu davranış mələk cildində casusluqdu hətta.

İndi baş alıb gedək mətləbin alt qatlarına... Ay ellər, belə baxanda müharibəni insan başlamır. Müharibə də zəlzələ kimi təbii fəlakətdi: bəşərin gen-damar məsələsidi, insan ağlının-arzusunun tənzimləyə bilmədiyi məqamdı.

Tarixin odlu müharibəsiz bircə əsri də olmayıb, soyuq müharibəsiz bircə anı da. Elə gündəlik vurnuxmalarımızda da müharibənin içindəyik: həyat mübarizə-zad deyil, həyat əməlli-başlı müharibədi. Filosof Hobsun dövlət nəzəriyyəsindəki ana müddəanın uzaq keçmişdən göz vurub qımışmasını görmürsənmi: insan insanın canavarıdı.

Hərbi büdcələrin mədəniyyət və təhsil büdcələrindən artıq olması hökmü-zərdi.

Heç lələk ürəkli yazıçı olmaq da bu sülh boşboğazlığına haqq qazandıra bilməz. Çün mən indiyə qədər bədii mətnin içində doğulan, bədii mətnin içində orta məktəbə gedən, bədii mətnin içində qazan asıb borş bişirən, bədii mətnin əlvan qonaqlığında qırmızı çaxır içən yazıçı görməmişəm.

Bizim sülh tərəfdarlarımız varlığın mahiyyətini dişinə vurmayan, tarixi gedişatın sərt qanunauyğunluğu barədə düşünməyə ərinən adamlardı. Məsələyə başdansovdu münasibətləri məişət-mətbəx səviyyəsində. Onlar üçün sülh – gecə saat üçə qədər filmə baxandan sonra rahatca yatmaq, sabahısı isə ləzzətlə gərnəşə-gərnəşə yuxudan durmaq imkanıdı: təki hansısa atəş səsi onların bu təkəbbürlü, ərköyün, dəymədüşər rejimlərini pozmasın.

Onlar parçanı qırışsız, şüşəni çatlaqsız, insan əlini qabarsız, insan qəlbini yarasız idrak eləyən düşüncə müftəxorlarıdı. Məsələn, adamı bir ayağı kəsilmiş görmək bizim sülh tərəfdarlarımızın fiquralı, ütülü, təntənəli dünyagörüşlərinin yaraşığını pozur axı.

Təbiətdə tikanların da olduğunun fərqində olmayan bu nərmənaziklər üçün dünya başdan-başa gül-çiçəyə bürünmüş, hər tərəfi xoş qoxulu bir yerdi. Gülməlisi də burası: bizim sülh tərafdarlarımızın içində cənnəti uydurma sayan ateistlər də var və onlar… özləri üçün bu dünyada üst-üstə sərilmiş yeddi yaşıl döşəyin üstündə xumarlanmağın mümkün olduğu bir aləm uydurublar.

Yoxdu belə cənnət, olmayıb, olmayacaq. Bu dünya dərəli-dağlı, qaralı-ağlı, ölülü-sağlı dünyadı. Əskikliklər və əksliklər dünyasıdı. Binar ziddiyyətlər dünyasıdı. Antonimlər dünyasıdı. Dilini ancaq təmtəraqlı sinonimlərə öyrətsən, uzaqbaşı, rəvan təbli çəmənlik şairi, vəsf aşığı olacaqsan: elə hey gül gülü çağıracaq, bülbül bülbülü.

Bizim sülh tərəfdarlarımız qollarına qonan ağcaqanadı ani instinktlə şapalaqlayıb öldürən, ancaq insanın dəyər uğrunda həlak olmasına xor baxan məntiqsizlərdi.

Bizim sülh tərəfdarlarımızın fikrincə insan hər şeydən qiymətlidi deyə torpaq uğrunda ölməyə dəyməz. Beşcə qarış aldanış. Düzü, mən insanın hər şeydən dəyərli olmasını – qaba təkəbbürümüzün uydurması olan bu cəfəngiyatı dilə gətirənlərdən qorxuram. Məsələn, ağacdan nəyin artıqdı, ay adam?

Ümumən, onların qırımlarından və düşüncə qrimlərindən dolayısı ilə belə çıxır ki, heç kəs ölməməlidi. Lakin bu əbədiyyət eşqinin ən ehtiraslı vaxtında birdən-birə sülh dövrünün koronovirusu minlərlə adamı qırmağa başlayır. Di get. Di hünərin var o sülhpərvər və sülhpərvaz qanadlarını qorumaqçün maska taxma, xəyal dumanı kimi ağ əllərini spirtləmə. Axı sən üstünə yeriyən düşmən qarşısında geri çəkilməyi tərcih edən sülh tərəfdarısan. Axı sən hər mövzuda skeptiksən, asisən: axı sən dövrümüzün həzrəti-İsasisən.

Bizim sülh tərəfdarlarımızın başını bir az da Budda xarab eləyib. İnsana iztirabsız həyat bəxş eləmək istəyən Budda. Nağıldı, nağıl. Həyat elə məhz ağrılarla toxtaqlıqların bir-birini əvəzləməsi halında həyatdı. Qalan hallarda dekorasiya-skeletdi, səksən kilo ətdi, əttökən əbədiyyətdi, yeknəsəq yerüstü cənnətdi.

Oppa, kosmopolitizm. Nə göyçək arzu, nə şirin yuxu, nə qanadlı xəyal... Tarixin dərinliklərindən – antik yunan fəlsəfəsinin kiniklərindən, stoiklərindən gələn çərənçilik. “Mən dünya vətəndaşıyam” deyən Aristippin zamanından min illər keçsə də, dünyaya zərrəcə faydası dəyməyən ideya. Boşboğazlqdı axı, işlək sistem deyil axı. Belə sərsəm tezislərlə insan nə özünü dəyişə bilər, nə də dünyanı. Gözəl insan, bu gərdişi-dövran bir necə qatdan ibarət lokal sərhədlərlə qurulmuş. Gözəl insan, haralardasa insan insanın canavarıdı.

Bəşəri-ilahi duyğuları fantan vuran Sokrat da, Freyd də, Svayq da, Mayakovski də, Apoliner də, Dostoyevski də, Meterlink də, Şou da məhz bu həqiqəti anladıqlarına görə müharibəni can-başla qəbul ediblər. Bu reallığı anladıqlarına görə qəlbiyuxa düşüncə adamları əlinə silah alıb, vuruşub, öldürüb, ölüb.

Nə isə... Bu yazını yarımçıq saxlamağa məcburam: beş min işarədən çox olanda oxunmur axı.

# 3897 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #