Təyyarədə dünyaya gələn əfqan qız

Təyyarədə dünyaya gələn əfqan qız
23 avqust 2021
# 10:29

O günləri rəhmətlik Mehmet Ali Birandın 32.Gün verilişində Cüneyt Özdemirin Əfqanıstandan reportajına baxırdım. Talibanların arasında, atışmanın ortasında, dağıntıların içində keçən reportajın qəmli və hüznlü havası məni sarsıtdı.

Düşündüm ki, dünyaya bircə dəfə gəlirsən və Əfqanıstanda doğulursan: alnına döyüşün, silahların gurultulu səsi yazılır və sən özünü bu talenin əlindən qurtarıb daha sakit guşələrə qonaq ola bilmirsən.

Srağagün isə bir xəbər oxudum və əhvalım dəyişdi. Xəbərdə deyilirdi ki, Əfqanıstandan uçan Amerika təyyarəsində hamilə qadının doğuş sancısı tutub. Ona ilk tibbi müdaxilə edilib və uşağı təhlükəsiz şəkildə dünyaya gətirməsinə şərait yaradılıb. Təyyarə Almaniyada təcili eniş edib. Əfqan qadın və dünyaya gələn qız övladı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Xalqımız hər zamankı kimi bu xəbərin altında da bir yerə yığışmışdılar və təbii ki, yumorları da öz axarındaydı. Ən maraqlı rəylərdən biri isə bu idi:

"Bizdə uşaq təyyarədə dünyaya gəlsə, oğlan olsa adını Təyyar, qız olsa Təyyarə qoyardılar".

Bu rəy nə vaxtsa oxuduğum bir xəbər başlığını yadıma saldı: "Maşın Təyyarəni vurdu". O vaxt bu xəbər xeyli populyarlıq qazanmışdı. Hamı girib xəbəri oxumaq üçün linki tıklamışdı. Açanda isə mənə və eləcə də o xəbərlə maraqlanan hər kəsə bəlli olmuşdu ki, sən demə, Bakıda Təyyarə adlı bir xanımı maşın vurub.

Zarafat bir yana qalsın, o uşağın bu cür fərqli bir şəkildə dünyaya gəlməsi və Əfqanıstandan uzaqlarda gözlərini bu fani dünyaya açması əslində onun bəxtinin yaxşı olacağına işarədi. Bizim əziz xalqımız uşağın indi əfqanmı, yoxsa əfqan əsilli alman olduğunu da bir xeyli müzakirə etdi. Mən isə uşağın adına bərk sevindim: ən azından bu uşaq hər gün bomba səslərinin olmadığı uzaq bir yerdə dünyaya gəldi. Düzdü, təhlükə hər yerdədir və dünyanın heç bir yeri təhlükəsiz sayılmaz. Hətta terror haqda oxuduğum bir kitabda dünyada ən çox terror aktının olduğu yer kimi Almaniya göstərilmişdi. İnsanlar orda rahat şəkildə silahla təmin oluna və terror eləyə bilirlər. Hətta Norveç kimi dünyanın ən hüzrlü yerində belə terror aktı gerçəkləşmişdi. Yəni Salam Sarvanın da dediyi kimi, neyləsən də baş daşı qəbirdən çöldə qalır. Ancaq mən çalışacam öləndən sonra baş daşım qəbirdən çöldə qalmasın. Bunun üçün vəsiyyətimdə ayrıca bir bölmə ayıracam.

Ümid edirəm, Əfqanıstandan köçən və təyyarədə dünyaya gələn uşaq üçün həyat göy üzü kimi təmiz və pak qalacaq. Nə olar, o göy üzü bomba və mərmi tüstüsü ilə kirlənməsin. Məncə, bütün uşaqlar kirlənməmiş göy üzündə altında yaşamalıdırlar.

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #