Tutuquşu yetişdirən təhsilimiz

Tutuquşu yetişdirən təhsilimiz
12 mart 2020
# 17:51

Kulis.az Qismət Rüstəmovun "Tutuquşu təhsili" yazısını təqdim edir.

On ildən artıqdır təhsil sektorunun içindəyəm, auditoriyalardayam. Həyəcanla, amma böyük həvəslə birinci dəfə dərs deməyə hazırlaşdığım günlərdə özüm üçün dəyişməz bir qayda müəyyənləşdirmişdim: Qətiyyən müəllimə oxşama! Bu illər ərzində bəzən təəccüblə (adətən nəsildaşlarımdan), bəzən isə istehzayla (adətən orta yaşdan yuxarı olanlardan) eyni sözü çox eşitmişəm: müəllimə oxşamırsan! Məncə, bu, tərifdir. Beləsini də eşitmişəm: şairə oxşamırsan. Bu isə indiyə qədər eşitdiyim ən yaxşı tərifdir.

Bizim təfəkkürümüzdə sovet təbliğat maşınıyla formalaşmış, yaddaşımızın axtarış sətrinə “şair, müəllim, alim, sənət adamı” yazanda çıxan obrazlardan nə qədər qaça bilsək, o qədər yeni əsrə, gələcəyə uyğunlaşa biləcəyik. Ustad-şəyird münasibətləri, köhnələrin “örnək almaq”, təzələrin “rol model” dedikləri məsələ başqa şeydir, keçmişə buqələmunluq eləmək başqa şey, qarışdırmayın.

Bir roman tutumunda iynəli atmacaları olan Bernard Şounun məşhur bir replikası var: “Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim”. Bugün, deyəsən, dünya Şounun məntiqinə gəlib. Bizim əzbərlətməyə, əzbərləməyə fokuslanmış, tutuquşu sürüləri yetişdirən təhsil sistemimiz müəllimlərin də, şagirdlərin də bədbəxt olması üçün idealdır. Nə qədər müəllimliyin müqəddəsliyindən, möhtəşəmliyindən danışsaq da, onu güzəranı Cəbiş müəllim kimidir. Bizdə müəllimin maaşı bütün müqəddəs dəyərlərin aybaay təhqir olunmasıdır. Çünki bizdə müəllimlik diplom alandan, evlənəndən sonra evdə oturmaqdansa ailə büdcəsinə yüngülvari dəstək olmaq üçün (“işığı sən ödə, internet mənlikdir” janrında) elə evin yanındakı məktəbə düzəlməkdir, ya da, əslində, maddi problemi olmayan, sadəcə evdə oturmaqdan darıxanların evdən çıxması üçün bəhanədir. Təsəvvür edin, ölkə doludur bu utancverici cümləni quran müəllimlərlə: “Boş vaxtlarımda kitab oxuyuram”.

Kitabı boş vaxtda oxunan, “olmasa da olar” bir nəsnəyə çevirən ölkənin gələcəyi çox böyük təhlükə altındadır. Bugünkü problemlərimiz hamısının altında “boş vaxt tapıb” oxumadığımız kitablar durur.

Dünyanın aparıcı təhsil ekspertlərinin yaxın 20 illə bağlı verdikləri proqnozlar adamı vahimələndirir: bugün məktəbə getməyə başlayan uşaqların üçdə ikisinin çalışacağı sahələr hələ icad edilməyib! Çoxuna fantastik gəlsə də, ya da bunu fantastik kimi təqdim etmək sərf etsə də, əslində, məsələ çox ciddi dəyişiklikdən gedir. Elə yaxın tarixlərdə Amerikanın Çikaqo şəhərində yerləşən “Northwestern Univercity” bizim əsrin inqilabi xəbərlərindən birini yaydı: təbii yumurtalığı çıxarılan bir siçana 3D printerlər vasitəsilə istehsal edilən bir yumurtalıq qoyuldu və siçan sağlam doğuş həyəta keçirdi. Yəqin ki, gələcəyin marketlərində leqal şəkildə insan orqanları satılacaq, hətta müvafiq avadanlığın olsa, evdə özün də düzəldə bilərsən, nə desən olar. Güman ki, bizimkilərin ağlına tez bu gəldi: pivə sezonunda böyrəkdən-qaraciyərdən düzəlt, sonra vur ki vurasan!

Bir başqa ağlasığmaz xəbər: Çində genetikasına müdaxilə edilmiş əkizlər dünyaya gəldi. Əkizlər hələ anadan olmamışdan QİÇS xəstəliyinə səbəb olan CCR5 geni de-aktiv edildi. Ölümsüzlüyün qapılarından biri aralandı...
Təkcə bu iki fakt göstərir ki, bizi, bizdən də çox övladlarımızı tamam başqa gələcək gözləyir. İnsanları həmin gələcəyə hazırlamaq məqsədiylə XXI əsrin təhsil anlayışında da köklü dəyişikliklər baş verir. Dünyanın aparıcı təhsil müəssisələrinin illik təqdim etdiyi hesabatlarda XXI əsrin təhsil strategiyası ilə əvvəlki əsrlər arasında bir necə ana fərq gözə dəyir. Əvvəla əzbərə söykənən təhsili sıradan çıxıb, dünyada bu qədər virtual mənbə, vikipediya və s. varkən quru-quru fakt əzbərlətmək geridəqalmışlıqdır, anaxronizmdir. Bu geridəqalmış metod istər real həyatda, istər sosial şəbəkələrdə düşük psevdo-patriot ittihamlara gətirib çıxarır, sən demə, problemimiz budur ki, gənclərimiz hansı rayonumuzun hansı tarixə işğal olunduğunu bilmir. Əslində isə problem tarixləri əzbərləməkdən başqa heç nə bilməməkləridir.

Yeni əsrin təhsil metodikasında bir başqa vacib məsələ prezentasiya, təqdimat qabiliyyəti sayılır. Bu da bizim təhsil üçün xarakterik deyil, indi-indi həyatımıza daxil olur. İpli qovluqların içində israrla öz bəkarətini qorumaqdan sarılıq tutmuş mühazirə vərəqləri artıq bilgi daşıyıcısı deyil. İndi tələbələrin əlindəki ən ucuz smartfonda belə daha çox informasiya əldə etmək imkanı var. Bu, bizim vacib bir məqama gətirir: müəllimin obrazı və hazırlığı. Cəbiş müəllim nostalgiyası ucuz sentimentallıqdan başqa bir şey deyil. Ümumiyyətlə bizdə tez-tez qarışdırılan həssaslıqla sentimentallığı yaxşı ayırmaq lazımdır.

Dünyada əvvəllər STEM olan, bugün isə STEAM qısaltmasıyla ifadə olunan, sadə dildə desək, bir təhsil paketi, təhsil modeli işləkdir. Açılışı belədir: S(Science – elm, fənn, ixtisas), T(technology – texnologiya), E(Engineering – mühəndislik), A(Art – sənət), M(Matematic – riyaziyyat). Əvvəllər dörd istiqaməti özündə birləşdirib STEM adlanan bu modelə sənətin də faydaları və prinsipləri əlavə edildi və STEAM alındı. Yaxın tarixdə isə mərkəzinə STEAM modelinin qoyulduğu bu sistemin peykləri kimi başqa sahələr də əlavə edildi: Coğrafiya, tarix, hətta rəqəmsal savad. Bəli, yeni əsrdə belə bir istiqamət var: rəqəmsal dünyanın qaydaları, orda özünü ifadə etmək, özünü apara, bilgi almaq və bölüşmək öyrədilir. Uşağın əlində planşetə almaq çıxış yolu deyil, onunla necə davranmağı öyrətmək lazımdır. Amma hələ e-mail adresi olmayan, özü texnologiyanı ibtidai sinif şagirddən az bilən müəllimlər bu yeni və çox vacib sayılan sahəni necə öyrədə bilər?

Dünyadakı müxtəlif təhsi ocaqlarının “əsas dərslər” adıyla təqdim etdikləri siyahılara baxdım, hamısında birinci yerdə ingilis dilidir. Belə bir söz var, ingilis dili artıq xarici dil deyil, dünyanın ana dilidir. Bu, qaçılmaz gerçəklikdir. Mənə xoş gələn bu oldu ki, bütün siyahılarda ədəbiyyat və sənət tarixi ilk beşlikdədir. XXI əsrdə yaradıcı düşünmə (creativity) təkcə təhsildə yox, iş mühitində də ən vacib şeylərdən sayılır.

Təzə əsrdə müəssisələr yaxşı işçidən nələri gözləyir? Bu maraqlı sual ətrafında biznes dünyasının tanınmış mütəxəssislərindən sayılan Geri Hamel fikirləri maraqlıdır. O deyir ki, XX əsrdə müdirlər üçün əsas itaət, sədaqət, (lap bizim AYB-dəki kimi), çalışqanlıq, zəhmətkeşlik ən çox təriflənən keyfiyyətlər idi. XXI əsrin tələbi isə sərbəst qərar vermək, məsuliyyəti öz üzərinə götürmək, təşəbbüskarlıqdır. Çalışqanlıqdan çox, yaradıcı ehtiras vacib sayılır. Bizdə hələ də ikinci sənayə inqilabı ilə üçüncü arasındakı tələblər işləkdir: sözəbaxandır, təşəbbüs irəli sürmür, çünki müdür ən düzünü bilir, məsuliyyət də onundur. Deyəsən XXI əsr dünyada özünü ədəbiyyatçılara oxşatmaq istəyir.

2020, 12 mart

# 5017 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #