Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq

Şəhid uşaqlarının ürək parçalayan fotoları – Onlara bu travmanı yaşatmayaq
14 iyul 2020
# 10:30

İkinci sinif şagirdi olan oğlumun müəllimi Vatsap qrupuna Xocalı faciəsi ilə bağlı məlumatlar atır və tapşırırdı ki, uşaqlarınıza öyrədin. Yadlarında nə qalsa, danışsınlar. Məlumat nəinki körpə ürəklər üçün, mənim özüm üçün də ağrılı, qorxulu və dəhşətli idi. Oxuduqca nə düşünürsən? Bu dünyaya inam hissini, öz xalqının gücünə güvəni itirirsən. Sənə elə gəlir ki, dünya cəhənnəmdir və sənin mənsub olduğun millət orda çox köməksizdir. Amansızlıqla öldürülən uşaqlar, qocalar, qadınlar haqqında oxuduqca körpə ürəklərdə qorxu yaranmırmı?

Madlen Olbraytın həyat hekayəsini oxuyurdum. Madlen Olbrayt yəhudi əsillidir və onun iyirmi altı qohumu Osvensimdə qətlə yetirilib. Ən yaxın adamları. Təsəvvür edirsinizmi? Nənələri, babaları, xalasının ailəsi. Valideynləri isə bu barədə məlumatları həmişə Madlendən gizləyiblər. Hətta valideynləri və kiçik bacısı öldürülən xalası qızı da Osvensimdə olanlar barədə Madlenlə danışmırmış. Həmin qız onlarda yaşayırdı. Madlen özü bu barədə belə deyir:

“Yəhudi əsilli olduğumu ilk dəfə qəzetlərin birində haqqımda yazılan məqalədən oxudum. Məqalədə Holokostda öldürülən qohumlarımın siyahısı ilə rastlaşdım. Valideynlərimin bunu məndən gizlətmə səbəbini də bilmirəm. Mən öyrənəndə, onlar artıq bu dünyadan köçmüşdülər. Bəlkə də nənələrim və babalarım düşmən tərəfindən qətl ediləndə, valideynlərimin onların yanında olmaması, ömürlük vicdan əzabına çevrilmişdi. Və bu acını bizə də ötürmək istəməmişdilər ”.

Bosniya və Herseqovinanın ilk prezidenti, milli savaşçısı Aliya İzzetbeqoviç türklərə yazdığı məşhur məktubunda Avropa müsəlmanlarının başlarına gətirilən faciələrdən danışır. Tükürpədici şeylər yazılıb o məktubda. Qadınların, balaca qız uşaqlarının təcavüzü, azyaşlı oğlan uşağının öz anası ilə cinsi əlaqəyə məcbur edilməsi, minlərlə insana öz əlləri ilə qəbir qazdırılması, qundaqda ağlayan çağanın susması üçün dilinin kəsilməsi haqqında.

Amma bütün bu dəhşətlər barədə danışandan sonra Aliya İzzətbeqoviç bunu da yazır:

“Biz öz uşaqlarımız ən azından təbəssüm edə bilsinlər deyə yaşadıqlarımızı yeni nəsillərə anlatmırıq, anlatmayacağıq!”

Qızım çox balaca idi. İbtidai sinifdə oxuyurdu. Onu məktəbə aparmışdım. Koridordakı divarda Qarabağ vəhşətini əks etdirən fotolardan onun diqqətini yayındırmağa çalışdımsa da, alınmadı. Şəkilləri gördü və qəfil ətimi ürpərdən sual verdi:

“Xocalıda ermənilər uşaqları öldürəndə niyə ata-anaları onları qorumurdu?”

Bu suala cavab vermək elə çətin idi! Uşaqlar üçün valideynlər kimdi? Onları bütün bəlalardan qoruya biləcək güclü insanlar! Uşaqlar bu yer üzündə ən çox kimə güvənirlər? Əlbəttə, valideynlərinə!

Amma uşaqlarımız biləndə ki, valideynlər həmişə güclü olmur, bəzən onlar uşaqlarını qoruya bilmirlər, buna gücləri çatmır, onlar necə hiss edərlər, sizcə?

Özlərinə, valideynlərinə, insanlığa inam hissini itirməzlərmi? Sabaha inamlarını necə?

Dünən Tovuzda şəhid olan ogullarımız torpağa tapşırıldı. Şəhidlərin dəfn mərasimindən şəkillər paylaşıldı, yayıldı, profildən-profilə keçdi. Bizə ən çox atalarını son mənzilə yola salan, tabutuna sarılıb ağlayan, balaca bacısının göz yaşını silən uşaqların şəkilləri təsir elədi, ürəyimiz dağlandı. Biz uzaqdan baxırdıq, və bu yaşda bizə bu cür təsir edirsə, təsəvvür edin, o uşaqlara nə qədər çətindir! Bir ömür boyu ağrı ilə xatırlayacaqları o səhnələr onların həyatına necə təsir edəcək? Onlar bir də gülümsəyə biləcəklərmi? Halbuki atalarını cəbhəyə sağ-salamat yola salanda həmişəki kimi onun dalınca gülümsəmişdilər. Ata da onlara gülümsəmişdi.

Kaş təkcə o son gülümsəmə ilə xatırlamalarına imkan versəydilər, uşaqlara o acı səhnələri sonuna qədər izlətməsəydilər...

# 7154 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #