Seymur Baycan nədən narahatdır?

Seymur Baycan nədən narahatdır?
21 aprel 2021
# 11:02

Kulis.az yazar-tənqidçi Cavid Ramazanovun “Seymur Baycan nədən narahatdır?” yazısını təqdim edir.

"Kritikaparat" podkastındakı müzakirədə mən, Əli Novruzov və Mirmehdi Ağaoğlu Seymur Baycanı nələrdə tənqid etmişdiksə, bizə bunları təsdiq edən bir cavab yazıb.

Podkastın yayıma getdiyi günün səhəri dostlar mövzunun Seymurla birgə hansısa formatda müzakirəsi ehtimalından danışanda, mən qəti şəkildə qarşı çıxdım. Dedim, Seymur Baycan müzakirə etməyi bacarmır, ən xırda iraddan xoflanır, söhbəti dərhal şəxsi müstəviyə endirir. Onun yazılarıyla bağlı ən xırda bir iradı üzünə desək, başlayacaq ünvanımıza ağır ifadələr işlətməyə, cavab versək də axırı pis qurtaracaq, verməsək də.

Söhbəti bağladıq.

Seymurun cavabı isə gözlətmədi. Axşam düşməmiş çıxan məqaləsindəki əsas arqument belə idi:

“Yetimdən soruşdular ki, kimi ...sən, dedi, mənə çörək verəni”.

Mən podkastdakı müzakirədə Seymurun ədəbi yaradıcılığına böyük qiymət vermiş, publisistik tənqidinin isə provinsial olduğunu və köhnəldiyini demişdim. O, buna cavabında söhbəti ümumiyyətlə, küçə səviyyəsinə endirib: şəxsə ünvanlanmış təhqirlərə, alçaltmalara, nüfuzdan salmaq cəhdlərinə keçib.

Sual olunur: Seymur Baycan bu tənqidlə doğrudan da Biləcəridən o tərəfə keçə bilərmi?

21-ci əsrdə Biləcəridən o tərəfdəki hər bir Allah bəndəsinə bəllidir ki, işə yönəlmiş tənqid başqa şeydir, şəxsə yönəlmiş tənqid başqa. İnsan şəxsiyyətiylə işini ayrı tutmağı bacarmalıdır. Sən başqalarını tənqid edərkən də onların şəxsiyyətini kənara qoyub gördüyü işə münasibət bildirməlisən. Bu, nəinki mədəniyyət məsələsidir, həm də hüquqi mahiyyət daşıyır. Biləcəridən o tərəfdə sən şəxsi təhqirə, alçaltmağa, nüfuzdan salmağa girişsən, çap olunmağın bir tərəfə qalsın, ümumiyyətlə, məhkəməlik olarsan.

Normalda, yəni Biləcəridən o tərəfdə kimlər ki, şəxsiyyətiylə işini ayırd edə bilmir, rişxənd hədəfinə çevrilir. Malı qatıb-qarışdıranlara üçcə kəlmədən ibarət deyim xatırladılır: "Şəxsi qəbul eləmə!"

Yəni, bir də təkrarlayıram, iş başqa şeydir, şəxsiyyət başqa. İnsanın gördüyü iş tamamilə ideal ola bilərmi? Mümkündürmü ki, işində hansısa çatışmazlıq olmasın? Adama deyərlər, sən Allahsan-nəsən? Yeri gələndə, heç yaradılışın özü də qüsursuz deyil.

İşə yönəlmiş hər tənqid şəxsi bir şey kimi qəbul edilsəydi, bəşəriyyət hələ də qılınc-qalxan mərhələsindəydi...

Seymur Baycan mənim həyatımda bəlkə də ən vacib rol oynamış dörd-beş adamdan biridir. Ondan çox şey öyrənmişəm. Sağ olsun, çox faydalı təsirləri olub. Bunu heç vaxt danmamışam. Podkastdakı müzakirədə Əli Novruzov da, Mirmehdi Ağaoğlu da bunu dönə-dönə vurğulayıb.

Bəs Seymur niyə bu qədər narahatdır?

Niyə işiylə bağlı ərkyana deyilmiş bir-iki tənqidi boğazından keçirə bilmir?

Niyə aqressiv şəkildə dərhal müdafiə olunmağa, ucuz rəqabətə girişir?

Bəlkə, qorxur ki, kimsə onun taxtına göz dikib?

Öz adıma deyirəm: şəxsən mən göz dikməmişəm.

Nə istəyim var, nə həvəsim, nə də marağım.

Seymuru bir daha ad günü münasibətilə təbrik edirəm. Yeni yaşında ona rahatlıq və dinclik arzulayıram.

Bu qədər gərginliyə həqiqətən də səbəb yoxdur.

# 4690 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #