Savaşa dair

Savaşa dair
17 iyul 2020
# 11:16

Mirmehdi Ağaoğlunun bir hekayəsi var, müharibə haqqındadır. Mövzunu belə qoyub: müharibə başlasa Facebookda nələr olardı...

Yazıçı fantaziyası cəbhədəki gərginliklərlə reallaşdı sanki. Buna uzaqgörənlikmi deyək, intuisiyamı, yoxsa sadə məntiqmi?

Nəticə dəyişmir.

Bu gün gerçəkdən də Facebook cəbhənin doğru-yalan aynasına çevrilib.

Hər kəs sosial şəbəkənin nəhayətsiz azadlığından istifadə edərək ürəyi istəyəni yazır və paylaşır.

Və biz qələm adamları da beləcə sadə insanların, mürəkkəb insanların cəbhə, müharibə, Qarabağ haqqında fikirlərini, münasibətlərini, emosiyalarını öyrənmiş oluruq.

Adamlar nə düşünür?

Fb istifadəçilərini yazıçı-oxucu qarışıq iki əsas hissəyə bölmək olar:

1. Müharibə tərəfdarları
2. Müharibə əleyhdarları

Hər iki tərəfin də özünə xas arqumentləri var.

Birincilər: necə yəni, müharibə etməyək? Evimiz dağılıb, torpağımız alınıb, qız-gəlinimiz zorlanıb, əsir aparılıb. Adam nə qədər qeyrətsiz olar ki, bütün bu baş verənlərə göz yumub barışıq, qardaşlıq təbliğ eləsin.

İkincilər: İnsan, xüsusilə yazıçı, qələm adamı necə qan, müharibə istəyə bilər? Adamlar ölməsin, qan tökülməsin, analar ağlamasın və s.

Əslində bu münasibətlər əks uclarda yerləşməklə biri-birinə çox yaxındır.

Bir medalın iki üzü söhbəti...

Əsl həqiqət isə bu diametral əksliklərin vəhdətində, qızıl ortadadır.

İnsan bəzən savaşmaq zorunda qalır.

Əgər savaşdan başqa yol varsa, savaşı seçmək yanlışdır.

Ancaq bəzən savaşdan başqa yol qalmır.

Bizdən əvvəl yaşayan ağıllı adamlar bu konuları sistemləşdirib yazıblar.

İstər bədii, istər elmi-publisistik ədəbiyyatda, istərsə də bədii-sənədli filmlərdə müharibə haqqında nə qədər istəsəniz məlumat əldə edə bilərsiniz.

Tarix müharibəni iki yerə ayırır:

1. Ədalətli
2. Ədalətsiz

Sizi inandırım, normal adam nə qədər təbliğata uyur-uysun ədalətli, yoxsa ədalətsiz savaş apardığını çox yaxşı bilir.

İnsan ədalətli savaş aparırkən haqlı, ədalətsiz savaş aparırkən haqsızdır.

Məsələ bu qədər sadədir.

Biz basılan məmləkətimiz, əsir düşən qız-gəlinimiz, günahsız ölən qardaş-bacılarımız üçün ayağa qalxırıqsa, özümüzü müdafiə əzmi göstəririksə bunun bircə adı var: ləyaqət!

İnsan nə qədər müasir olur-olsun, nə qədər qlobal düşünür-düşünsün öz heysiyyətini itirməməlidir.

Təsəvvür edin, rus imperialistləri Əfqanıstana daxil olub görünməmiş vəhşiliklər törədirlər, bir əfqan da çıxıb humanizmdən, kosmopolitizmdən, rus-əfqan qardaşlığından danışır.

Bəzən, tarixi məqam insanın əlindən humanist olmaq imkanlarını alır.

Ona başqa şans vermir, fürsət tanımır.

Belə məqamlarda humanist nağıllar danışmaq bambılılıq kimi görünür.

Adam var, adi tənqidə görə Facebook dostunu bloka atır, amma hər kəsi bu boyda cinayətlər törədən qansızları bağışlamağa səsləyir.

Görünür, belə adamlar nələr baş verdiyini doğru-düzgün anlamayıblar.

Daş dəyən qardaşlarını saman çuvalı hesab ediblər.

Bir var təpiyi efirdə görəsən, bir var qonşuna dəysin, bir də var sənə.

Bunlar ayrı-ayrı şeylərdir.

Ancaq o da var ki, böyük insanlıq savaşın ən qəddar məqamlarında da ədalət hissini itirməməkdir.

Bizim, doğulub-böyüdüyümüz torpaqları geri alanacan, günahsız ölənlərimizin, zorlananlarımızın, əsir alınıb min-bir məşəqqətə məruz qalanlarımızın hesabını günahkarlardan, bir daha təkarar yazıram, məhz GÜNAHKARLARDAN soruşanacan savaşımız haqq savaşıdır.

Necə deyərlər, Azərbaycanın BMT tərəfindən tanınan dövlət sərhədlərinə qədər Tanrı bizimlədir.

Amma o sərhədi keçib başqa bir ölkədə adekvat əməllər törətsək, vəziyyət dəyişəcək, ədalətsiz savaş aparmış olacağıq.

Və Tanrı bizi tərk edəcək.

Şəxsi fikrə qalsa, mən də müharibə istəmirəm.

Yazılarımda savaşa səsləyən bircə cümlə yoxdur.

Təəssüf, həyat gerçəklikləri mənim istəyimdən asılı deyil.

Vəziyyət bizə başqa yol tanımalıdır.

Bu yol varsa, yazın, biz də bilək.

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #