Samirə Əfəndinin ayaqlarından danışanlar

Samirə Əfəndinin ayaqlarından danışanlar
26 may 2021
# 10:46

Kulis.az Ayxan Ayvazın “Müzakirə etikası olmayanlar” adlı yazısını təqdim edir.

Bizdə, azərbaycanlılarda müzakirə mədəniyyəti yoxdur. Gəlin, bu mövzuda razılaşaq. Bilirəm ki, “yox e, nə danışırsan, var, məsələn, filankəs müəllim” deyib sözümü ağzımda qoymaq üçün irəli yüyürəcəksiniz. Etməyin-eləməyin! Elə ilk abzasdan dediyimi təsdiq eləmiş olursunuz. Yaxşı, sizin xətrinizə daha dəqiq ifadə işlədək: bizdə təyinatı üzrə müzakirə mədəniyyəti yoxdur. Razısınızsa, keçək ikinci abzasa. Belə ki razı olsanız da, olmasanız da ikinci abzasa keçəcəm. Keçməsəm, yazı olmayacaq və siz nəsə oxuya bilməyəcəksiniz. Yəni yazını sizin xətrinizə, istəyinizə uyğun yaza bilmərəm. Üz vurmayın, mümkün deyil (Bir dəfə sırf sizin istəyinizə uyğun yazı yazaram, söz, indilik üzrlü sayın).

Baş tutan “Avroviziya 2021”də təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə aləmi qatmışdı biri-birinə. Hamımız da dedik, yəqin qalib o olacaq. Doğrusu, rəy sorğularında adı ən çox çəkilənlərdən idi. Ancaq sən saydığın say, gör “Avroviziya” milli münsif təşkilatı və digər ölkələrin xalqları nə deyir? Seçilmədik. Bunu bilirsiniz. Uzun-uzadı şərh verməyə gərək yoxdur.

Bizimkilərin müzakirə mövzusu nə idi? Yadınıza salım. Samirə Əfəndi və arxadaşları niyə elə geyinmişdilər? Ayaqları niyə görünürdü? Bəs, bizim dədə-baba rəqsimiz sayılan yallını o urvatsız, hər yeri göstərən paltarda təqdim etmək doğru deyil. Bizi avropalının qabağında biabır eləyirsiniz, mentalitetimiz, anamız-bacımız var və s. və i. Dalınca da Bolqarıstanı misal çəkirlər ki, bəs o qız avropalı olmağına baxmayaraq, soyunmamışdı.

Bir ara bizim qədim-qaim dostlarımız öz aralarında teatr yaratmışdılar və bol öpüşməli, erotik bir tamaşa hazırlamışdılar. Hər həftə eyni tamaşanı səhnəyə qoyurdular və açığı, onların öpüşmələrindən, soyunmalarından boğaza yığılmışdıq. Orda da demişdim, burda da deyim: soyunmaq sənət deyil. Yaxud əksi: soyunmamaq sənət deyil.

Əslində daha dəqiqi budur: sənət insanın fiziki görünüşünə və yaxud onun orasına-burasına baxmır, sənət mövzuya, stilə, yeniliyə, təsvir qabiliyyətinə, intellektə, ən nəhayətində istedada baxır. Yəni Samirə Əfəndi qapalı geyimdə də çıxsaydı, heç nə dəyişməyəcəkdi. Sənət deyilsə, deyil. Vəssalam. Müzakirəsiz.

Üstəgəl, Mata Hari kimi Fransanın sözünü-söhbətini Almaniyaya ötürən bir cəsus qadından niyə mahnı oxuyalar? Bu da mənə çatmadı. Biz, Avropaya çıxmağı da çox səhv anlamışıq. Avropalıda olanı ona vermək avropalı olmaq deyil. Nəysə, bu uzun söhbətdir. Həvəs olsa, bir gün uzun-uzadı yazıb baş-beyninizi apararam. İndi isə istilər düşüb, bir-birimizi yormayaq.

Ötənlərə Tahir Salahovun ölümündən sonra da bir müzakirə gündəmə çıxdı. Bəs niyə bu ünlü rəssam dörd-beş arvad alıb, özü də yerli yox, xarici? Rəssamın üslubu, Azərbaycan rəssamlığındakı yeri, yeniliyi – bunlar bir kənara qoyulub, arvad almağı problemə çevrilib. Sizə nə var? Bəyəm, evlənəndə gəlib sizdən soruşmalıydı? Ya canlı yayıma çıxıb “camaat, evlənim, ya yox” deyib sizin dəyərli fikirlərinizi almalı idi?

Dediyim tam budur: müzakirə olar, hətta vacibdir, amma yerində. Biz müzakirəni təyinatı üzrə aparmırıq. Həmişə daha lazımsız, üçüncü-dördüncü mövzulardan yapışırıq. Sonra da deyirik: ciddi söhbətlər eləmək lazımdır. Mən razıyam. Eləyək ciddi söhbətlər. Amma nə faydası? Guya TV-də sizə ciddi verilişlər verəndə oturub baxırsınız? Saxtakar olmayaq da. İndi də, bundan 5 il qabaq da nələri müzakirə etdiyinizi yaxşı xatırlayıram. Siz ciddi adamın da sənətini, yaradıcılığını deyil, şəxsi həyatını və sizə aid olmayan söhbətlərini müzakirə edirsiniz. Fikriniz-zikriniz ordadır. Bu niyə belə paltar geyindi?

Bir dəfə hansısa kanalda qonaq idim, orda müğənnilər iştirak edirdi. Söhbətin də mövzusu geyimlə bağlıydı. Dedim ki, müğənni oxuya bilir, ya yox, səsi var, ya yox. Müzakirə mövzusu bu olmalıdır. Geyiminin bizə nə dəxli? Hamıda bu xəstəlik var: sənət adamını, efirə çıxanı düzəltmək. Robot düzəltmək fikirləri var: sən belə geyin, belə danış, düz otur, saqqal saxlama və s. Yoldaşlar, sizə nə var? Yazıçıdır, gedin əsərlərini oxuyun, müğənnidir, mahnılarına qulaq asın, rəssamdı, rəsm tablolarına baxın, aktyordu, filmlərinə, tamaşalarına baxın. Bu qədər sadə. Sağ olun! Gələn görüşlərədək!

# 5227 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #