Salamın bir ovuc torpağı

Salamın bir ovuc torpağı
7 may 2020
# 10:42

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Salamın bir ovuc torpağı” yazısını təqdim edir.

Çox istərdim ki, gənc yazar Emil Rasimoğlu yazdıqlarımı ona cavab kimi qəbul eləməsin. Amma istəməyimlə də deyil, adama deyərlər, harada idin, mən yazan kimi sənin də ilhamın cuşa gəldi?! Doğru! Düşüncələrimi oxucularla paylaşmaq üçün Emil bəyin yazısı bir vəsilə, bir impuls oldu. Həm də ədəbiyyatın bir missiyası da elə budu; siqaretimizi dost və hətta tanımadığımız adamların siqaretinin odunda yandırmaq üçün bizə şans verir...

Poeziyanın yeganə səmasında nəhəng “kabus”ların dolaşdığı bir dövrdə gənc Salamın da görünməsi bir möcüzə oldu. Salamla eyni dövrdə və ondan əvvəl də istedadlar mövcud idi. Amma standartları qıra bilmək üçün onlarda inad, dözüm və qətiyyət çatmadı; bəzilərinin istedadı Salamınkından az deyildi, Salamın özü də bunu etiraf edə bilər, hətta üstünləri də vardı, sadəcə, alınmadı, həm də ortada bəxt amili də haradasa rol oynadı, elə bil ki, onların ümumiləşmiş obrazının ən parlaq ştrixləri Salamda təcəssüm etdi.

Bir sözlə, Salam “tilsimi” qırdı. Ən azından, qulaqları yağır etmiş imzalardan oxucuların canını qurtarmaq üçün çox ciddi bir fürsət qazanıldı, poetik addım atıldı. Fürsətcillər həmişə olduğu kimi, bu situasiyadan da öz maraqlarına görə istifadə edib, onu ən çox Ramiz Rövşənə qarşı qoydular. Təbii ki, Salamın da bu təriflərdən bir qədər özünü “itirdiyi” çağlar oldu.

Ramiz Rövşənin istedadına - şairliyinə söz ola bilməz! O, Azərbaycan gəraylısını batinindən zahirinəcən “təzələdi”. Ümumən, heca şeirinin damarlarındakı gözlə görünməyən kirəcləşmənin qarşısını kəsdi. Oxucu bir qədər də heyrətlənmiş oldu: Bu külək haradan əsdi?!

Birmənalı olaraq, Salamın özü də gərəkən miqdarda ədəbi-bədii düşüncəmizə təsir edə bildi. Bu gün də proses davam edir. Yüz Mehman yığıla, yaza ki, belə deyil, hər dəfə fiaskoya uğramış olacaq.

Bəs əsl həqiqət haradadır və ya harada gizlənmişdir?! (Görürsünüzmü, həqiqət “sabitqədəm” deyil, durmur bir yerdə! Həm də həqiqət niyə gizlənməlidir?!)

Şairlik təkcə istedad işi deyildir, həm də obraz məsələsidir. Fikrimi qoy izah edim. Məsələn, Yeseninin şeirlərini oxuyarkən onun obrazı gəlib durur gözümüzün qabağında. Onu haqqı vardı deməyə ki, yazdıqlarım mənim tərcümeyi-halımdır. İndi analogiya aparaq: Bizdə neçə şairin yazdığı onun obrazına çevrilə bilib? Dostlarla oturub-durmaq, içki içmək, əylənmək, yalan-gerçək dillərindən əndrəbadi şeylər quraşdırıb xatirələr söyləmək və o xatirələrin fonunda qüssəli poz almaq və s. absurd şeylərdir, obraz məsələsinə girmir bunlar.

Söhbət konkret olaraq R.Rövşəndən gedirsə, o, həmin obrazı yarada bildi. Sual doğur: Ramiz öz möhtəşəm şairlik obrazını axıracan qoruya bilirmi? Sualın cavabı ictimai-siyasi, ədəbi-psixoloji konteksti genişləndirməyi tələb edir, bizim isə vaxtımız yoxdur. Səbirsizlik edən oxucuya isə cavabım budur: Qoruya bilir!

Salam qəfil tufan kimi qopdu!

Obrazlı desək, Məlikməmməd kimi gəlib yatmış Divin – Dilin ayaqlarını dəlməyə başladı. Bəli, Dilin! Salam şeirimizdə ən böyük Dil hadisəsidir! Onun hər bir mətnini alıb baxın; yatıb, yatıb çox-çox uzaq keçmişdə qalan sözlər, informatik ifadələr, frazeologizmlər sanki neqativdən çıxan ağ-qara şəkillər kimi canlanır. Salamın obrazı da o şəkillərlə birgə xüsusi məhlulla dolu qabdan dışa sıçrayır.

Amma Salam bəzən Divin ayaqlarını dəlmək əyləncəsinə o qədər aludə olur ki, epizm unudulur. Bu da onun şeirinin dünyaya çıxma imkanlarını xeyli daraltmış olur.

Çox uzatmayaq!

Mətnin bu yerinəcən öz düşüncələrimi yazdım. İndi də istəyirəm gənc dostum Emil bəyin bəzi fikirlərinə münasibət bildirim.

Bizi doğru başa düşün, kimisə bütləşdirmək fikrindən çox-çox uzağıq. Həm də tənqidi basıb kəsmək, kiminsə atasını yandırmaq, hayıf almaq, dağıtmaq, parçalamaq anlamlarının yaxın keçmişimizdə hansı dəhşətli fəsadlara yol açdığının xronikasından da az-çox xəbərimiz vardır.

Hətta gənclərdə də bu xəstəliyin artıq metastaz verdiyini gördükdə (Emilə qədər!) donub qalırıq. Kimsə kimsəni vurmaq üçün bir dəliqanlını havalandırır, “ustacasına” Roskolnikovun baltasını ona nişan verir və özü də qıraqda dayanıb müdrik bir görkəmlə bu səhnəni seyr edirsə, vay böyük ədəbiyyatın halına!

Deyiblər, biz də təkrar edirik, tənqid hərəkətdə olan estetikadır, yaradıcılıqdır, həm də çox məsuliyyətli, ağır, bəzən dostları adamdan küsülü salan, “düşmənlər”i sevindirən çox həssas bir yaradıcılıq sahəsidir. Digər istedadlı gənc dostum Pərviz Məmmədov demişkən, “ədəbi yazılar da hüquqdakı kimi gərək faktla əsaslandırıla. Bu olmayanda ciddi qəbul etmək olmur.”

Əvvəlcə bilmək istəyirəm, Emil bəyin bu yazısındakı hikkə, qəzəb və qərəzin kökü haradan gəlir? Həqiqətənmi Salamın mətni yoxdur?! O, hansı yazıçının küncüdür? Emil bəy bilirmi ki, dünyanın bütün yazıçıları bir-birinin küncüdür?!

Mənə elə bir yazıçı göstərin ki, onun şəxsi emalatxanası olsun? (Burada: təsirlənmə anlamında – M.Q) Həqiqətən, Salam bir az Füzulidir, bir az Sabirdir, bir az Aşıq Ələsgərdir, bir az Əli Kərimdir, bir az Vaqif Səmədoğludur, bir az Ramiz Rövşəndir, bir az Vaqif Bayatlıdır və bir az da sonsuz “az”lardır.

Şairin portretini “az”ların çoxluğu mükəmməl etmirmi? Uğursuzluq bu deyildir. Hər hansı bir “az”da ilişib qalsaydı, bu, uğursuzluq olardı.

Salam öz tərcümələri ilə özünü “təzədən” yaradır. Biz yeni Salamı gözləyirik. Ara-sıra işartıları görünür. Zənnimizcə, o, yenidən daha mükəmməl və ya epik bir halətdə “zühur” edəcək.

Qaldı Salamın Sarvan (“sarban” anlamında!) ola bilib bilməməsinə, burada gənc dostum lap ifrata varmış olur və özünün də xəbəri olmadan Salam karvanının (üslubunun!) cazibəsinə düşür.

Nəhayət, əsl sənətkar bir oyunçudur, bir illüziyaçıdır. Salamın simvolik bir ovuc torpağı varsa və ya özü o bir ovuca çevrilə bilibsə, xoşbəxtdir.

# 3327 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #