Ramiz Əzizbəylinin şirin aldanışı

Ramiz Əzizbəylinin şirin aldanışı
10 iyun 2021
# 12:26

Ramiz Əzizbəylini şəxsən 2013-cü ildə “Yeni səhifə” verilişimdə qonaq olanda tanımışdım.

İmir Məmmədli ilə televiziyaya gələndə və ordan çəkiliş məkanına gedəndə sadə adamların ona olan münasibətindən mənim üçün hər şey bir daha bəlli olurdu; Ramiz Əzizbəylini xalq sevirdi, o, həqiqətən də Xalq artisti idi və qarşısında XALQ yazılmış bütün gözəl ifadələrə layiq idi.

Ramiz Əzizbəylini küçədən axışan insanların əlindən alıb studiyaya salana qədər xeyli əziyyət çəkmişdim.

O, xalqımızın nə istədiyini çox gözəl bilirdi və bütün işləri ilə də tamaşaçıların sevimlisi olmağı bacarmışdı. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi deyir.

Düzdür, böyük Vaqif Səmədoğlunun pyesi, Orxan Fikrətoğlunun ssenarist kimi unikallığı “Bəxt üzüyü”nün film taleyini, bəxtini yetərincə aydın etmişdi, bununla belə, həmin filmin rejissoru Ramiz olmasaydı, yəqin ki, “Bəxt üzüyü” də eləcə, əksər yaxşı filmlərdən biri kimi Xəzərin sahillərində mürgüləyə-mürgüləyə mamırla örtüləcəkdi.

Ramiz Əzizbəylinin bütün müsahibələrində bir giley var, o, nədənsə gileylənirdi, amma lazımi məqama gələndə gileyini dəqiq anlada bilmirdi. Hətta, bunu da deyirdi ki, dövlətin bol-bol mükafatlarını almışam, alıram, sənətin təminatı ilə yaşayıram.

Amma yenə də gileylənirdi. Kütlənin sentimental ruhuna yetəri həssaslıqla vaqif olan Ramiz Əzizbəyli çoxlarının yetə bilmədiyi bir yerə çatdı. Rejissor sənəti hər nə qədər kamera arxasında qalan, xalqla birbaşa əlaqədə olmayan sənət olsa da, Ramiz Əzizbəyli xitab etdiyi toplumun gözünün içinə baxmağa tribuna tapdı, tamaşaçı ilə üz-üzə, göz-gözə sevgi bölüşdü.

Ramiz Əzizbəylinin gileyi özünə idi...

Xalqın sevimlisi bir möhtəşəm iş görəndə sevilir, bir də öləndə xatırlanır. Toplumun öz sevimlisinə iki cür reaksiyası var: anidən möhkəm alqışlamaq və ağlamaq. Durğun günlərdə, kədərli anlarda bu qüvvənin, yəni, xalqın sevgisinə ümid olmaq çox adamları bədbəxt edib.

Xalq Ramizi o günə qədər alqışladı ki, o, insanları güldürür, ağladır...
90-cı illərdə sənətin belini qıran amansız gedişat yaşıdları kimi Ramizin də ömrünün gül illərini soldurdu. Ramizin uğurlu silsiləsinin arası kəsiləndə ortada biganəlik qaldı və o biganə biyabanlıqda Ramiz xeyli müddət kədərlə uzaqlara baxdı.

Həmin giley də, elə bu məqamdan qaynaqlanırdı. İçində böyük dəryalarda üzmək sevdası dalğalanırkən, o “sənət xəzərində” əl-qol açdı. Tam bu üzdən Azərbaycanın dünyəvi rejissorlarının filmlərinə də sevgiylə yaxınlaşa bilmirdi. Xalq sevgisini çox da önəmsəməyib üzünü uzaq üfüqlərə dikən rejissorların işləri Ramiz Əzizbəylinin sevə-sevə danışdığı məhsullar deyildi.

Son illər içindəki bu şirin aldanış onu giley-güzara gətirib çıxardı. Hər nə qədər sevilsə də, bir gün anladı ki, artıq o böyük gəmi buralardan çox-çox uzaqdadır, xiffətini çəkdiyi o sahillərə bir daha yetə bilməyəcək.

Ancaq bu sualın cavabı da, hər kəsin köksündə ayrı biçimdədir: xalqın sevimlisi olmaq gözəldir, yoxsa sənətin fədaisi?

Ramiz Əzizbəylini isə indi bu sual düşündürmür, onun gəmisi bizə heç bəlli olmayan sehrli bir ümmana yelkən açdı...

# 3074 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
# # #