Qadına siyasi şəhvətlə yanaşan müsəlman

Qadına siyasi şəhvətlə yanaşan müsəlman
3 sentyabr 2020
# 09:00

Kulis.az filosof Rahid Uluselin “Azadlığa düşmən olan Allaha dost ola bilməz” essesini təqdim edir.

Dinin Allahla münasibətlərinin klassik örnəyi xristianlıqdır ki, Tanrını göydən yerə endirib eşşəyə mindirir və sonra da çarmıxa çəkib göyə qaldırır (İisus Xristos). Humanist fəlsəfi idrak hətta bu aktda da böyük ilahi mənanın axtarışındadır: bəlkə O, bir dəfə yerüzünə Tanrı tək enir ki, İnsanın da Tanrı tək göylərə ucalmaq qüdrətinə inam yaratsın?!..

Din sosial statusunu möhkəmləndirdikcə, insan psixologiyasının ən xəlvət labirintləri ilə irəliləyib onun altşüurunda daha dərindən yuvalanmağa çalışır.

Din öz məbədini insanın iki ana hissinin – qorxuölüm duyğusunun özülü üzərində tikib, çünki yalnız buradan “o dünyaya” lağım atmaq mümkündür: Din min illərdir ki, bəşəriyyəti bu qaranlıq tunellə o tərəfə-bu tərəfə sürüyür. Ona görə insanlar gicəllənib onun qapısı ağzına düşür, məbədlərinin ruhu yox, suvağı olurlar.

Əgər o məbədlərin ürəktitrədən bir müqəddəsliyi varsa, o da gerçəkdən Allaha inanan insanların pak duyğularıdır. Bəşər tarixinin bu füsunkar mədəniyyət abidələrinin bütün arxitektonikasında o pak duyğular zərif-zərif sezilir. Ancaq Din insanların Allaha inam və etiqadı üzərində həmişə öz əzəmətini bərqərar etmək əzmini bir an da olsun yumşaltmır, əksinə, xəncər tək ovxarlayır!

Buna görə də İnsanla Allahı “kontakta” gətirmək iddiası ilə dinin tikdiyi və sahib çıxdığı altun məbədlər nə qədər tanrısallıq saçsa da, əslində, əzəldən bir-birindən ayrılmaz olan Allahla İnsan arasında getdikcə sərhədlər şəklini alır.

Allahınsa ən uca məbədi – İnsanın Qəlbidir.

Başqa bir əbədi məbəd istəyirsən – bax Göy Qübbəsinə. Əgər insanın Qəlb Məbədində ilahi çıraq yanmırsa, dünyanın bütün cah-cəlallı daş və mərmər məbədləri qaranlıqdır. Ən böyük ziyarət – Kainat yolu ilə Allaha doğrudur. Kəcavəsi – Elm. Bu yola sürü ilə çıxmırlar. Yalnız Tək! – Tək Tanrıya doğru!

İnsan yalnız özünə güvənmədiyi, inanmadığı, özünü Əhdi-Ətiq modelində anadangəlmə günahkar saydığı, “çatışmazlıq kompleksi”nə qərq olduğu yerdə ziyarətgaha üz tutur.

Semitköklü ziyarətgahların panteonu – Kəbə: arxetipik semit – iudey – ərəb ehkamçı-fatalist düşüncəsinin, apokaliptik məfkurəsinin tam ekspressiyası!

Bünövrəsindən siyasi xarakter daşıyan islam Kəbə ziyarətinin – bütpərəstlik ayini olmadığını, itaətkarlığı, rəiyyətçiliyi daha da dərinləşdirmədiyini, bəşəriyyətin tərəqqisi üçün hansısa bir əhəmiyyət kəsb etdiyini sübut etməyə heç bir əsaslı arqument tapa bilməz.

Kəbədəki Qara Daşın (Həcər-ül-əsvəd) İbrahim peyğəmbərin sındırdığı Babil bütlərindən, ABŞ banklarında trilyonlar yatıran, xaricə gedərkən çoxsaylı xidmətçilərinə ayrıca otel, bahalı ov quşlarına ayrıca təyyarə tutan harın neft krallarının eyni kəhkəşan qurmuş Babil hökmdarı Nəmruddan nə fərqi var?!

Qara Daşın stixiyasında özünün kütləvi enerjisini toplayıb sonra onu havaya sovuran axın-axın bəndələr, bütöv-bütöv xalqlar nəinki ötən yüzilliklər ərzində, heç indi – tarixin monarxiyadan uzaqlaşmasının artıq başa çatmaqda olduğu dönüş çağında belə yer üzündə bircə sanballı dövlət qura bilməyiblər.

Qara Daşı olanın Dövləti olmaz!

Qara Daşa bağlanan dünya okeanında üzə bilməz!

Çünki o enerji nə tanrısal amallarla, nə də ictimai-siyasi iradə ilə möhkəmlənən mənəviyyat gücünə, vətəndaş xarakterinə və fəallığına çevrilə bilib. Əgər çevrilsəydi, o qüdrət mütləq azadlıq ruhunu yaradardı. Azadlıq ruhu isə tapdalayan və tapdalanan miskin dövlət və cəmiyyətləri qətiyyətlə inkar edir.

Öz külü altında qalıban közərən islam dünyası indi məhz bu biçimdə – azdırılmış enerjisinin həm özü, həm də yabançılar tərəfindən sümürülməsi, quduzlaşdırılması prosesi içindədir.

Teokratik islam ölkələri təkcə maddi enerjisini (neftini və qazını) satmır, həm də mənəvi enerjilərini fatalistcəsinə tükəndirirlər.

Min il bundan qabaq olduğu kimi, bu gün də islam teokrat-monarxı hətta qadınlarla təkcə seksual yox, həm də siyasi şəhvətlə yatır ki, yalnız onun dölləri çoxalıb bütün hakimiyyət iyerarxiyasını tutsun.

Teokrat-monarx üçün bütün ölkə əhalisi – yad, onun “ali nəsli” isə doğmadır.

“Yadın” (yəni vətəndaşın!) hakimiyyətə gəlməyi – dövlətin istila olunmağı, “düşmənlər” tərəfindən ələ keçirilməsi deməkdir!

Enerji israfçıları və tamarzılarının dolaşdırıb düyünləndirdiyi, hətta bu qırğın içində də müsəlmanlar Kəbəyə “bu dünyanı” yox, “o dünyanı” sahmana salmaq üçün gedirlər: Kəbə isə onun başına dolananları daha da bütpərəstləşdirir, rəiyyətləşdirir, kölələşdirir, itaətkarlaşdırır, böyük, hədəfli və doğru mübarizələrdən yayındırıb kəsərsizləşdirir.

Allah – İnsan münasibətlərinin müqəddəsliyini alverə çevirən Kəbə bu gün ABŞ-sükanlı milyarder Səudiyyə şeyxlərinin qlobal bazarıdır ki, onun müasir tragikomediya meydanı da var: şeytana daş atma!

İslam XXI əsrdə də VII əsrin davranışları ilə yaşayır!

Bəlkə, buna görədir ki, islam dünyasının başında şeytanlar və daşlar quzğun kimi dolaşır?!

Bu əxlaqla o, yerüzündəki həyatını necə dəyişə bilər?!

İdrak buna dözə bilərmi?!

Hətta yenidən Xilafəti dirçəltmək istəyirlər!

Dünyanın ayağı altında qıvrılanlar iflas və viran olmuş “Babil qülləsi” röyası ilə 830 metrlik, 1,5 milyard dollarlıq “Bürc Xəlifə” göydələni tikirlər – “fani dünyanın” cırtdan-xəlifələri!

Bunca paranı universitetlərinə heç zaman xərcləməzlər...

Daim formal möhtəşəmliyə, çöl parıltısına, zahiri təmtərağa, başgicəlləndirici hündürlüyə can atan bu mənəviyyat bütün kərpicləri ilə UcalığınAzadlığın düşmənidir. Azadlığa düşmən olan isə Allaha dost ola bilməz.

Din özünün inteqral nöqtəsində – Kəbədəki bütpərəstlik rəmzi Qara Daşla monoteizmin sütunlarını dağıdır, Allahın vəhdaniyyətini inkar edir!..

İnsan ya bütpərəst olub – Qara Daşa inanmalı, göydələnlərdə belə ibtidai əcdadlarının mağara həyatını və dar düşüncəsini yaşamalıdır, ya da azad zəka olub – Allaha inanmalı, özünün optimal yurduna – Kainata baş vurmalıdır.

Mən Allaha inanıram: Onunla mənim aramı kəsən bütün sədləri yarıram – Nur kimi!

# 4624 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #