Kür çayını kim xilas edəcək?

Kür çayını kim xilas edəcək?
7 iyul 2020
# 11:06

Taksiylə Tiflisə gedirdik. Sürücü dildən pərgar idi, bizə Bakıyla, Azərbaycanla bağlı suallar verirdi. Atam da səbrlə, təmkinlə cavablayır, həm də hiss olunurdu ki, gürcü sürücüylə danışmaq onun da ürəyincə olub.

Biz Tiflisə çathaçatda taksi sürücüsü atamdan soruşdu:

- Bakıdakılar haranın suyunu içir?

Atam Şollardan, Tağıyevdən danışdı və sonra əlavə etdi:

- Kürün suyundan içirik.

Tiflisin ərazisinə düşən Kür çayı o qədər çirkli, palçıqlıdır ki, taksi sürücüsü atamın sözlərindən şoka düşdü:

- Bico, sən nə danışırsan? O suyu necə içirsiniz? Vay, vay!

Düzü, atam izah etməyə çalışdı, dedi, sizin Kürlə, bizim Kür eyni deyil. Taksi şoferi daş atıb başını tutdu, sözündən dönmədi və maşını Tiflisin Rustavelli küçəsində saxlayıb gülümsəyərək dedi:

- Buranın suyunu içib özünüzə gəlin!

Bu sözlərdə gürcü təkəbbürü olsa da, həqiqət payı da vardı.

Tiflisdə Kür çayının üstündə körpü tikiblər, kanatla da o üzə, bu üzə keçmək olur. Çay isə palçığı da özüylə bərabərində gətirib suyu qapqara eləmişdi. Düzü, Kürün bu halına baxanda istər-istəməz gürcü sürücünün sözlərinə haqq vermək olurdu.

Mənim dayım çox güclü adam idi. Ona kənddə Koroğlu deyirdilər. Əsl roman qəhrəmanıdır. Həyatı da faciəli. Burda uzun-uzun yazıb bədii mətni kapitaliscəsinə köşənin ayağına vermək istəmirəm. Sözüm ondadır ki, dayım bir gün öz gücünü göstərmək üçün Gürcüstandakı Kür çayına tullanıb və Azərbaycan tərəfinə qədər üzüb. Gürcülərlə buna görə mərcə giriblərmiş. Həm milli hislər, həm dayımın fiziki gücünü təsdiqləmək eşqi mərcə razı olmasına gətirib çıxarıb. Axırı nə olsa yaxşıdır? Mərci udan dayım sinəsini qabarda-qabarda gürcülərin yanına qayıdanda ağzından şorultuyla qan tökülüb. Yaxşı ki, onu tez-tələsik maşına mindirib xəstəxanaya çatdırıblar. O-bu, dayım bir də Kür tərəfə baxmayıb. Qorxub Kürdən.

İndi Kür çayının quruması ilə bağlı xəbərləri oxuyanda istər-istəməz bu əhvalatlar yadıma düşdü. Həyəcan təbili çalıb ölkəyə təhlükədən xəbər verirlər, amma nədənsə tədbir tökülmür. Bu çaya nə oldu belə? Niyə bu vəziyyətə gəldi? Bir araşdırma edən, çözüm təklif edən, bu bəladan necə qurtulacağımızı söyləyən yoxdur.

Çarəsiz, Kür çayında çəkilmiş şəkillərə baxır, kimlərinsə çay haqda yazdığı irili-xırdalı statusları oxuyuruq.

Kür həm də ədəbiyyatımıza da böyük töfhə verib. İsmayıl Şıxlının "Dəli Kür"ünü xatırlayın. O əsərdə Kürün dəliqanlığı, çılğınlığı insan talelərinin fonunda qəmli bir nəğmə kimi ötüb keçir. Yaxud Əkrəm Əylislinin "Kür qırağının meşələri" povesti. Əsərin qəhrəmanı Qədirin taleyindəki qabarma-çəkilmə bizə Kürün bu gününü xatırlatmırmı?

Kür iki şairimizə təxəllüs də verib. Biri məşhur Əlisəmid Kürdür. Onun elə xarakterindəki sərtlik, həyatındakı qəfil dönüşlər, üzündəki çay kimi axıb gedən cizgilər Kürün özüdür ki var. Əlisəmidin şeirlərində də Kürün coşğunluğu, özünəməxsusluğu, sərhədlərini aşmağı var.

O biri dostumuz Həsən Kürdür. Zarafatla o vaxt ona demişdim ki, bəs Əlisəmiddən icazə almısan bu təxəllüsü götürəndə. Onun da özünəməxsus, fərqli şeirləri var. Düzü, xarakterini bilmirəm. Kür kimi aşıb-daşan, dəliqanlıdırmı, bilmirəm.

Məncə, Kür çayı bizim təkcə coğrafi ərazimizin deyil, həm də ədəbiyyatımızın, mədəniyyətimizin ərazisidir. Bu mənada adiyyatı qurumlar, söhbəti bilənlər, bu işin uzmanları yaranan bu narahatedici hadisənin səbəblərini araşdırmalı və zəhmət çəkib aradan qaldırmalıdırlar. Yoxsa biz belə getsə ancaq Ana Kür mahnısına qulaq asa-asa yıxılan bir abidə kimi Kür çayının qürub etməsinə baxıb köks ötürəcəyik.

# 5619 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #