Həzrəti Mehdi kimi zühur etməyən sülh

Həzrəti Mehdi kimi zühur etməyən sülh
10 avqust 2020
# 12:53

“Sülh” anlayışı böyük dövlətlərin, güclü xalqların uydurması, düşüncəsinin məhsuludur. Bir az axtarış eləsək, görərik ki, “sülh”ün daim adı olub, özü yox, ona hava və su kimi ehtiyacı olan xalqlar həmişə sülhü dördgözlü gözləsələr də sülh Həzrəti Mehdi kimi bu vaxta qədər heç bir yerdə zühur etməyib.

Bütün böyük dövlətlərin taleyi hər zaman müharibələrlə keçib, elə indi də o cürdür. Hərəsinin başı bir müharibəyə qarışıb. Əgər kimsə sülh istədiyini deyirsə, inanmayın, yalandır.

Bəlkə də tarixin heç bir dövründə “sülh” sözü XX əsrdəki qədər çox işlədilməyib. Pikasso onun simvolunu çəkib – göyərçin. Orası da dəqiqdir ki, tarixin heç bir dövründə XX əsrdəki qədər dəhşətli müharibələr törədilməyib.

Bəs sülhə bu qədər çağırış olduğu halda niyə belə qəhətə çıxıb?

Sovet dövründə də sülh ən çox işlənən sözlərdən idi. Şairlər sülhə aid şeirlər yazırdılar, bəstəkarlar sülhə aid musiqilər bəstələyirdilər, müğənnilər sülhə həsr olunmuş nəğmələr oxuyurdular: “Sülhə gəlin, ey insanlar...” Divarları ağzında çiçək tutmuş ağ göyərçin rəsmləri bəzəyərdi, deyərdin, indicə qanad açıb uçacaqlar.

Ancaq gəlin baxaq görək, bir zamanlar vətəndaşı olduğumuz SSRİ sülh dövləti idimi? Qətiyyən. Sülh ona rifah üçün yox, nəfəs dərmək üçün lazım idi ki, bir müharibədən çıxıb o biri müharibəyə girsin, qoşunlarını ucu-bucağı görünməyən ölkənin bir başından sürüb o biri başına gətirincə vaxt qazansın, Çexoslovakiyadan çıxıb Əfqanıstana soxulsun və sair. Özü isə daxildə həmişə elə bir atmosfer yaradırdı ki, guya dünya indicə bu qırmızı ölkənin üstünə şığıyacaq. Buna görə də SSRİ-də yaşayanlar həmişə özlərini vətəndaş kimi yox, silaha sarılı əsgər kimi hiss ediblər. Hər an amansız düşmən hücum edə bilər, hər an o məşum qırmızı düymə basıla bilər. Odur ki, SSRİ xalqları həmişə səksəkədə olublar.

Sülh əslində ikiüzlülükdür.

Daha böyük, daha amansız müharibəyə hazırlaşmaq istəyənlərin qazanmaq istədiyi vaxtın adıdır sülh.

Bəlkə də mən yanılıram, amma sülh bağıra-bağıra əlini-qolunu sallayıb oturan böyük dövlət tanımıram. ABŞ? Əfqanıstana, İraqa girdi.

Paradoksa baxın: BMT-nin sülhməramlıları əllərində çiçək yox, silah tutub girirlər münaqişə ölkələrinə.

Bunu uşaqlara danışsan, qarınlarını tutub gülərlər.

Böyüklər isə anlamazlar bu paradoksu, deyərlər, elə bu cür də olmalıdır.

Kiçik dövlətlərin, kiçik xalqların isə sülh istəmək, sülhü təbliğ etmək kimi bir lüksü yoxdur. Çünki o istəsə də “vaxt” qazana bilməz. Onsuz da səsini eşidən olmur. Bu ona bənzəyir ki, böyük adamların danışdığı yerdə balaca uşaq ha çalışır ağzını açsın, ağzının üstündən vururlar.

Kiçik dövlət nə qədər car çəksə ki, sülh istəyir, xeyri olmayacaq. Böyük balıq həmişə kiçik balığı udmağa amadədir. Müharibəni nə başlatmaq onun əlindədir, nə sonlandırmaq. Bütün hallarda onun sülh istəməkdən başqa çarəsi yoxdur.

Guya müharibə istəsə nolacaq?

Bir anlıq təsəvvür edin ki, sabah Allah bir anlıq ağlımızı başımızdan alır, hirslənib hansısa böyük dövlətə hərbə-zorba gəlirik?

Nə olacağı o qədər aydındır ki, izaha ehtiyac yoxdur.

Dörd tərəfin düşməndirsə... Dörd tərəfin səndən güclü dövlətdirsə... Bağıra-bağıra dünyadan sülh tələb etmək imkanın yoxdur, çünki böyük dövlətlər səni balaca uşaq sanıb gülüb keçəcəklər.

Odur ki, kiçik dövlətlərin, kiçik xalqların yalnız bir çarəsi qalır, o da silahlanıb gözləməkdir ki, sabahkı müharibəyə hazır olasan.

Kiçik xalqların hamısı bunu bilir. Ona görə heç vaxt sülh demirlər, silahlarına söykənib mürgüləyirlər. Bizsə hələ də SSRİ-dən qalma sülh istəyindən əl çəkə bilmirik. Anlamaq istəmirik ki, SSRİ-nin vətəndaşı olub sülh istəyəndə sözünü eşidib çəkinirlər, kiçik bir dövlətin vətəndaşı kimi isə bunu deyəndə sadəcə gülüb keçirlər.

Xüsusi araşdırma aparmamışam, amma yaddaşım məni aldatmırsa, son illərdə bizdə sülhə həsr olunmuş şeirlər, nəğmələr yazılmır. Deyəsən yavaş-yavaş reallığı dərk etməyə başlayırıq.

Əlbəttə, kim istəməz ki, dünyada sülh olsun?

Mən də istəyirəm.

Amma özünüz də düşünün, bu sözlər mənim dilimdən daha inandırıcı görünər, yoxsa bir amerikalının? Ona görə də pasifizm ötən əsrin 50-60-cı illərində Amerikada təşəkkül tapdı, Azərbaycanda yaransaydı, təəccüblənərdim.

Odur ki, çox da “sülh-sülh” deməyin faydası yoxdur, onsuz bizi eşidən olmayacaq...

Yazını yazarkən, ağlıma gəldi ki, yəqin “sülh” və “silah” sözləri də ərəbcədəki “məktəb” – “kitab”, “hərb” – “müharibə” və başqa sözlər kimi eyni kökdən gəlir. Və dünyada heç vaxt həqiqi sülhün olmaması da kəlmələrin bu qohumluğundan doğur. Lakin sonra mütəxəssislərə danışanda məlum oldu ki, elə deyilmiş, “sülh” və “silah” ayrı-ayrı sözlərmiş. Açığı buna sevindim. Deməli, hələ nəyəsə ümid var.

# 6213 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #