Haluk Bilginerin "Şəxsiyyət" problemi

Haluk Bilginerin "Şəxsiyyət" problemi
28 noyabr 2019
# 11:15

Cahilin yanlışları ağrıdıcı deyil, adamı öldürən aqillərin xəyanətidir.

Tarık Akan 3 il əvvəl öldü, sevgili 3-5 adamın əhatəsində...

Tarık ömrü boyu ideallarına xilaf çıxmadı. Sənəti heç vaxt satmadı. Dövrünün ən kütləvi, şöhrət gətirən sektoru olan “Yeşilçam”dan sıyrıldı, əsl kinoya qurban getdi.

Türkiyənin ilk “Palma budağı” alan “Yol” filmi hər nə qədər Yılmaz Güneyin, Şərif Görənin əsəri idisə, bir o qədər də baş rol ifaçısı Tarıka məxsus idi. Tarık bu filmdə təkcə aktyor deyildi, Yılmaz Güneyin həbsxanada pıçıldadıqlarını qaranquş dimdiyində su daşıyan kimi filmə gətirirdi, hamı yorulanda çəkiliş meydançasında fəhləlik edirdi. Bir sözlə - fədai!

Haluk Bilginerin isə 5 il öncəyə qədər sıraladığı uğurlar tamam ayrı məna kəsb edirdi. O, Zeki Demirkubuzun “Masumiyyet” filmi ilə Antalya və Ankara film festivallarında qalib olmuşdu.

Ən əsası, Nuri Bilge Ceylanın “Kış uykusu” filmi... Haluk bu film sayəsində intellektual, sənət yükü ağır gələn filmlərin yarışdığı bir meydanda – Kannda ən yüksək pilləyə qalxmışdı. Baş rol aldığı əsər festivalın ən yaxşı filmi seçilərək “Palma budağı” qazanmışdı.

Son 5 ildə Haluk Bilginerin serial sahəsinə yuvarlanması, eyni zamanda “puhu tv”-nin internet seriallarında görünməsi ona nə qədər populyarlıq qazandırdısa da, bu kütləviliyin fonunda - saxta səhnələrdə bir o qədər də sənətkarlığı öləzidi.

“Şahsiyet”lə sənətdə şəxsiyyətini laxladan Bilginer Tarık Akanın seçim etdiyi yol ayrımında sənəti deyil, populyarlığı seçdi.

İstənilən halda, Haluk Bilginerin türk dilində çəkilmiş, problemi, mozaikası, ssenarisi xas Türkiyə mənzərəsi olan Ceylanın “Kış uykusu” filmi ilə Kann Festivalının ən yüksək pilləsinə qalxması – “Palma budağı” alması (düzdür, burada mükafat rejissora verilir), onun konyunktura müstəvisində var olan “Emmi” mükafatı almasından daha ciddi hadisə idi.

Təbii ki, “Kış uykusu”nun Kann nailiyyəti, ümumilikdə Kann Festivalı ABŞ mükafatları qədər kütləvi deyil və bu mükafatlar qədər təbliğ olunmur. Təbliğata uyan Türkiyə isə yenə də bərbəzəyə dəyər verir, aktyorları Kann qazananda lazımı reaksiya gözə dəymir, televiziya sahəsində verilmiş pafoslu bir mükafatın səsi ərşə dirənir.

Haluk Bilginerin bu mükafata layiq görülməsini təkcə “puhu tv” istehsalı olan “Şəxsiyyət” filmi ilə əlaqələndirməyib, başqa səbəblər göstərən kinomanlar da var. Məsələn, Türkiyə mətbuatında qeyd olunur ki, o, 2014-cü ildə verdiyi müsahibədə “Türk milliyətçiliyini başa düşmürəm” ifadəsi işlədib. Aktyor bu fikrini filmdəki “Mənim və qızımın varlığı türk millətinin varlığına ərməğan olsun” fikrinə münasibət bildirərkən dilə gətirib.

2010-cu ildə isə Haluk Mahsun Kırmızıgülün “Nyu Yorkda 5 minarə” filmində ABŞ-da yaşamaq məcburiyyətində qalmış “Dəccal” obrazını oynayıb. Bütün bu hadisələri “Emmi”yə yozan türk kinomanlar da var. Necə ki, Pamuk “Nobel” alanda “Erməni soyqırımı” məsələsinə isti münasibət göstərməsi önə çəkilmişdi.

İndi isə gələk Azərbaycana... Biz həmişə Türkiyənin uğuruna – şair demişkən, “on hasar o yana oynayan uşaq” kimi sevinmişik. Dərd orasındadır ki, biz Türkiyənin uğuruna da, kədərinə də onların ağzı ilə sevinib, onların gözləri ilə kədərlənirik. Haluk Bilginerin “Emmi” qazanmasına da həmçinin.

O gün olsun, bizdə də, bədii film cəhənnəm, serial sektoru inkişaf etsin, olmayan “Haluk Bilginer”imiz sənəti seriala satsın, “Emmi” alsın. Bizim evimizdə də qazan asılsın, qonşuya sevinməkdən yazıq olmuş xalqımız bu şakərindən qurtulsun.

# 6534 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #