Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?

Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
21 aprel 2021
# 11:55

Bu gün Rəşad Dağlının ad günüdür. Yetim dünən həbs olunub. Bir ildə eyni səbəblə üç dəfə polisə düşdü: karantin qaydalarını pozduğuna görə...

Rəşad Azərbaycanda ən çox azarkeş kütləsi olan şəxslərdəndir.

Dediyi meyxanalar – xüsusilə də deyişmələrdə “1 nömrə”dir.

Meyxana aləmində ən yaxşıların fərqləndirilməsi üçün “meyxana tacı” deyilən bir rəmzi ad var. Bu ad Məşədibabadan Aydın Xırdalanlıya, Xırdalanlıdan Rəşad Dağlıya keçib.

Bəs, Rəşad bu adı layiqincə daşıya bilirmi?

Rəşadın istedadına, meyxana meydanlarındakı çevik performansına, rəvan və axıcı meyxanalarına söz ola bilməz. Həqiqətən də - həqiqət dediyimiz əksər meyxanaçıların etirafı və xiridarların rəyidir - Rəşad dövrünün ən yaxşısıdır.

O, Aydından sonra meyxana meydanının boş qalmasının qarşısını aldı.

Amma etiraf edək ki, Rəşadın klassik ədəbiyyat bilgisi, mütaliəsi, sənət anlayışı “meyxana kralı”na bab səviyyədə deyil. Məsələn, Pünhan Alatavalı, rəhmətlik Vüqar Biləcərilinin endiyi mətləblərdə, dediyi ağır bəhrlərdə Rəşad Dağlı suda balıq kimi ola bilmir. Səri bəhrində göstərdiyi pəhləvanlığı çox dərinlərdə alınmır.

Düzdür, qəliz bəhrlərdə Dağlı susub oturanlardan olmur, lakin, yenə deyirəm, biz onu qəliz bəhrlərdə Vüqarla, Pünhanla ən yaxşı halda tən görə bilərik, Rəşad bu müstəvidə krallıq edə bilmir.

Rəşad Dağlı enerji, sima baxımından sevimli tipdir. Üzündə milyonların sevimlisi olma potensialı var, hansı ki, bu potensial artıq reallığa çevrilib.

Rəşad məclisdə meyxana demək üçün ayağa qalxan kimi azarkeşlər qışqırır, əl çalır. Sırf bu üzdən biz Rəşadın ilk misralarını demək olar ki, heç vaxt başa düşmürük. Bu sevgi sayəsində Rəşad çox vaxt meyxanaları 3 misralı deyir, ilk misranı demir, qarqara edir.

Rəşad da əksər meyxanaçılar kimi bu sənətin ənənə zəncirini davam etdirir, yazılmamış qaydalara hörmətlə yanaşır.

İndi isə gələk daha vacib məsələyə...

Aydın Xırdalanlı nümunəsi üzərindən baxanda biz Rəşadın gənc meyxanaçılara münasibətində uçurum görürük.

Biz Rəşada ustad deyə biləcəyikmi?

Bu günə qədərki performansına baxsaq, Rəşada ustad deyə bilmirik. Çünki o, özündən sonrakı nəslə yol açmır, onlara ürəklə xeyir-dua vermir. Sanki içində bir məğlubiyyət qorxusu da yox deyil. Bu hiss ustada yaraşmaz.

Əminəm, Rəşad “əsl ustad müəlliminə qalib gəlib tələbəsinə məğlub olandır” fikrindən xəbərsizdir.

Meyxana aləminə az-çox yaxınlığım mənə imkan verir ki, bəzi gənc meyxanaçıların gileylərini anonim də olsa, ictimailəşdirim. O gənclər Rəşad Dağlının öz avtoritetindən istifadə edərək gənclərin yolunu bağladığını iddia edir.

Bir vaxtlar Rəşadla üz-üzə deyişən, hətta bəzi meydanlarda Rəşada layiqli rəqib olan o gənclər günlərin birində “meyxana kralı”nın qəzəbinə tuş gəlir, Rəşad həmin gənclərin olduğu məclislərdən imtina etməyə başlayır. Təbii, məclis sahibi də bu seçim qarşısında qaldıqda Rəşadı seçir və həmin gənclərdən imtina edir.

Beləliklə, bir çox istedadlı gənclər Rəşadlı toylardan, məclislərdən kənarda qalır.

Rəşadın bütün bahalı toyların ən başda gələn meyxanaçısı olduğunu nəzərə alsaq, həmin gənclər bütün bahalı toylardan uzaq qalır.

Həmin gəclərin iddiasına görə Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara adətən elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya adətən sadiq qalırlar...

Bu iddiaları bir kənara qoyaraq, yenidən Rəşad Dağlının keyfiyyətlərinə dönək. Həqiqətən də, o, gəlmiş-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta, deyişmə müstəvisində bəlkə də ən yaxşıdır.

Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı xatırlamıram, o, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi. Aydına məğlubiyyəti isə yenə də klassik baza və klassik sənətkarlıq metodlarındakı naşılığı ilə əlaqəli idi.

Rəşad Dağlı dövrünün həqiqi meyxana kralıdır.

Əminəm, o, tezliklə yuxarıda qeyd olunan qüsurlardan arınacaq. Hələ 40-a çatmamış bir şəxsdən ariflik gözləmək bir az insafsızlıq olar.

“Xızı qartalı”na daim zirvə arzulayırıq.

Ad günün mübarək, sənətkar!

# 13265 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #