Eqosunu təmin etmək istəyənlər və dost tələsi

Eqosunu təmin etmək istəyənlər və dost tələsi
9 sentyabr 2020
# 15:31

Kulis.az Etimad Başkeçidin “Dost”, “dost” deyə-deyə... və ya illüziyalardan uzaq olun, gözəl insanlar" başlıqlı yazısını təqdim edir.

Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir “sədaqətli dost” ifadəsi də əlavə eləməyi unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdanyuxarı sicilləmələrdə. Bəs filankəs “çox sədaqətli dost idi” deyə.

Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlar sayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.

Sözüm onda deyil, mən “sədaqətli dost” haqqında danışmaq istəyirəm.

Bugünlərdə oturduğum bir məclisdə məni dönə-dönə “vəfalı, sədaqətli dost” kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir…

Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, sözümün ardını gözləmədən:

- Sən oturub, çörək kəsdiyin adamları təhqir eləyirsən? – deyə bozaracaq. Mən isə “çörək kəsmək”lə bağlı da nələrsə deyəcəyəm, məsələ bir az da qəlizləşəcək. Odu ki, səsimi içimə salıb, səbirlə məclsin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.

Ondan başlayım ki, əskilərdə qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Yəni sədaqətlilik, iyerarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürlərindən idi. Ol zamanlarda taxta çıxan padşahlar and içmirdi, əksinə, təbəələr ona sədaqət andı içirdilər. Bu, bir növ ictimai müqavilə idi, bu andı pozmaq cinayət törətməyə bərabər tutulurdu.

Bəlli məsələdir, insan eqosunun özəllikləri belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür.

Bunu qədim insanlar bizdən yaxşı bilirdi.

Nəticədə, insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə “sədaqət kəməri” taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan “sədaqət kəməri” haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün alt hissəsini “blokirovka” edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə “göz oxşayır”.

Bu sırada Oskar Uayldın “Dorian Qreyin portreti” əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, “həyatında bircə dəfə sevənləri mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu, sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır”.
Uayldın “Sədaqətli dost” adlı bir hekayəsi də var – burada bir-birinə “dost” deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda məlumdur, biri o birisinin anasını ağlar qoyur.

“Sədaqətli dost” ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil məncə. Bu, “şirin şərbət” kimi səslənir. “Dost” sözündə sədaqət, vəfa və s. kimi, bu semantik sıradan olan qavramlar ehtiva olunmur məgər?
Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın), yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.

***

“Dost”, “dost” deyə-deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır.

***

Gunçıxandan günbatana yürüdüm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu...

Sufi şairlərinin “dost” deyərkən, yalnız Allahı nəzərdə tutmaları təsadüfi deyil.
Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün “sədaqət”, “vəfa”, “dost” kimi ibarələrdən çox ustalıqla nə qədər adam istifadə edir?

Bunun yalnız bir adı var – özündə olmayanlardan danışmaq!

Bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən…

# 6639 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #