Elit kino illüziyası

Elit kino illüziyası
2 avqust 2021
# 14:16

Bu gün Milli Kino günüdür. Lakin yazımda bayram əhval-ruhiyyəli məqamları yox, problem bir məsələni vurğulamaq istəyirəm.

Ondan başlayım ki, bir qayda olaraq, avqustun 2-si Kino Günü kommersiya kinosu ilə məşğul olanlardan çox, Mədəniyyət Nazirliyi ilə işləmiş və işləyən, peşəkar kino təhsili almış şəxslərin bayramı kimi qəbul olunur. Və özünü elit kino nümayəndələri sayanların kommersiya kinosunu təmsil edənlərə təkəbbürlü baxışlarını hiss edirəm.

Halbuki, kino tariximizə nəzər salsaq, sovetlərdən qabaq, XX əsrin əvvəllərində neft sənayesinin ölkə iqtisadiyyatının əsasını təşkil etdiyi dönəmdə, ilk filmimiz kommersiya məqsədilə, sahibkarların maliyyəsinə çəkilib.

Söhbət 1925-ci ildə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin neft sənayeçilərinin pulu hesabına ekranlaşdırılmasından gedir. Çəkilişi Azərbaycanda film istehsalı ilə məşğul olan “Filma” səhmdar cəmiyyəti həyata keçirirdi və bunun üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu...

Özəl sektordan kinoya maliyyə ayrılması tendensiyası sovet hakimiyyəti qurulanadək davam elədi.

1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra kino ideoloji təbliğat alətinə çevrildi və mərkəzləşdirilmiş qaydada idarə olunmağa başladı.

İnanıram ki, sovet hakimiyyəti qurulmasaydı, bu gün Azərbaycan kinosu çox daha fərqli yerlərdə və səviyyələrdə ola bilərdi. Və mənim də kino sahəsinin idarəetməsi ilə bağlı tənqidi məqalələrimin əksəriyyəti yazılmayacaqdı.

Öz zamanında Cəfər Cabbarlının məşhur “Hara gedir Azərkino” adlı məqaləsində qaldırdığı məsələlər indi də mahiyyətcə dəyişməyib: dövlət kino qurumunun yerli qüvvələrlə ssenari hazırlamaq üzərində işləməməsi, keyfiyyətsiz filmlərə havaya xərclənən pullar və s.

O gün olsun bir göy bayraq Turan üstə açılsın - CƏFƏR CABBARLI - ONN  İnformasiya Agentliyi

Fakt budur ki, çağdaş Azərbaycanda film istehsalını stimullaşdıran yeganə qüvvə özəl kino sektoru, kommersiya məqsədilə çəkilmiş filmlərdir. Nazirliyin kino şöbəsi indiyədək kino bazarını formalaşdırmaq üçün bir addım belə atmayıb. Xüsusən, keçmiş rəhbərliyi nəzərdə tuturam.

Kino şöbəsinin yeni müdiri Rüfət Həsənov ara-sıra müsahibələrində özəl sektoru stimullaşdırmağın, kino sənayesinin inkişafının vacibliyindən danışsa da, faktiki olaraq, biz hələ ki, bununla bağlı, ortada əməli iş bir yana, əhəmiyyətli, funksional nəzəri fikirlərlə də tanış deyilik.

Nazirlikdə yeni təyinat: Rüfət Həsənov direktor oldu -

Azərbaycanda kinonun inkişafı üçün hər şeydən əvvəl daxili film bazarını, istehsalını yüksəltmək lazımdır. Çünki bütün hallarda keyfiyyət kəmiyyətə keçəcək və rəqabət, iddia ciddi sənət əsərlərinin çoxalmasına, dəstək olmasına rəvac verəcək.

Ölkədə kino bazarı inkişaf etməlidir ki, çox məsələlər təbii şəkildə həllini tapsın. Mislaçün, istehsalçılar az büdcə ilə keyfiyyətsiz aktyor oyununa, rəssam, operator işinə üstünlük verməsinlər, kinonun bütün sahələri, kastinq sistemindən tutmuş geyim rəssamı peşəsinə qədər hər şey inkişafda olsun və kino buna tələbat duysun.

Dediyim kimi, bir növ qapalı qurum kimi fəaliyyət göstərən kino şöbəsi radikal dəyişiklik ehtiva eləyən səmərəli konsepsiya, təkliflər paketi hələ ki, ictimaiyyətin müzakirəsinə verməyib. Elə bir səmərəli, ciddi konsepsiya ki, maliyyə nazirliyi “yeni heçə nə yoxdur” deyib üstündən keçməsin və kino şöbəsi ilə hesablaşsın.

Mədəniyyət Nazirliyinin kinoya məsul olan sabiq rəhbərlərinin də, elə indiki rəhbərliyin də digər qüsuru kommersiya istehsalçıları ilə əlaqələrin qurulmaması, əməkdaşlığa cəhd edilməməsidir. Çünki dediyim kimi, özlərini elit kino nümayəndələri sayaraq, kommersiya kinosuna təşəxxüslü münasibət göstərirlər.

Ayaz Salayev APA-ya müshaibəsində deyir:

“Bir dəfə məni bir komediya filminə dəvət etdilər. Təzəlikcə çəkilən komediyalardan biri idi. Düzü, heç öz puluma o filmə bilet alıb getməzdim də. İlahi, mən dəhşətə gəldim. Mən elə bilirdim ki, güldürmək ağlatmaqdan daha çətindir. O filmi və o filmə gülən tamaşaçıları görəndən sonra başa düşdüm ki, bu günün tamaşaçısını güldürmək daha asandır. Mən təəccüb içində gah ekrana baxırdım, gah gülən tamaşaçılara. Axı, o filmi necə çəkmək olar?! Axı, o filmə necə gülmək olar? Bu, kinodur, bu, sənətdir. Bu cür pul qazanmaqdansa, kimisə soymaq daha yaxşıdır”.

Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə

Çox kommersiya filmlərinin mən də tənqidçisi olmuşam. Ancaq bütün məsuliyyətimlə deyirəm ki, o filmlərin arasında Ayaz Salayevin Qarabağ haqda çəkdiyi urvatsız çarxlardan, “Ehram TV”, "Ağ-qara gecələr” filmlərindən çox daha sanballı filmlər var.

Və Ayaz Salayev keyfiyyətsiz filmləri ilə dövlət pullarını havaya sovuranda, onun bəyənmədiyi kommersiya filmləri dövlət büdcəsinə fayda verib və kino sənayesini dirçəltmək üçün müəyyən işlər görüb.

Yəni kommersiya kino istehsalçılarının yüksək kassasını, əldə etdiyi gəlirləri (“My name is İntiqam”, “Xoxan” və s.) dövlət maliyyəsinə çəkilən heç bir film təkrarlamayıb. Belə başa düşürəm ki, yaxın illərdə bununla bağlı gözləntilərimiz özünü doğrultmayacaq da.

Ona görə, kinoya məsul rəsmilər özləri haqda uydurduqları elit kinemtoqrafçı illüziyasını kənara qoyub, kinoya faydası dəyəcək şəxslərlə, həmçinin, kommersiya kino istehsalçılarıyla əməkdaşlıqdan, təcrübə mübadiləsi aparmaqdan çəkinməməlidirlər.

Onsuz da “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin çoxu kinomuzun inkişafına fayda verməyib, rəflərdə tozlanaraq qalıb. Festivallarda qazanılmış tək-tük fərdi uğurlar çox təəssüf ki, ümumən kinonun inkişafında rol oynamır.

Öyrənmək isə heç vaxt gec deyil.

Kinomuzun bugününə baxanda bayram təbrikini ən çox kommersiya kino nümayəndələri və dövlət maliyyəsinə göz dikməyən, ölkəni festivallarda təmsil edən müstəqil kinonun nümayəndələri haqq edir.

# 3616 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #