Elçin və Kamal Abdulla niyə belə etdi?

Elçin və Kamal Abdulla niyə belə etdi?
14 oktyabr 2020
# 11:10

Bu günlərdə “Ədibin Evi” tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci hekayə müsabiqəsinin qalibləri elan olundu.

Azərbaycan nəsr müsabiqəsi tarixində yalnız bu hekayə müsabiqəsində rastlanan ilk təkrarlandı: birinci yerin qalibi yoxdur, üçüncü yerin qalibləri sırasında yenə də bir 8-ci sinif şagirdi var, bu məqam hekayə müsabiqəsinin birinci sayında da olmuşdu.

İki dünya bir ola, nüfuzlu nəsr müsabiqəsinin qalibi 8-ci sinif şagirdi ola bilməz!

Bu nəsr müsabiqəsidir, inşa yox! Nəsr mövzu məsələsi deyil, daha çox necəlik hadisəsidir. Bu necəlik isə illərlə yığılan zərbələr, təbəssümlər, olaylar, iqlimlər, sevgilər, xəyanətlər – nələr-nələrdən süzülüb formalaşır, özü də hər kəsdə yox, yazıçılıq istedadı olan adamlarda.

O necə müsabiqədir ki, qalibi 8-ci sinif şagirdi olur, həvəsləndirici nominasiyada fərqləndirilən şəxs 61 yaşlı şair. Həvəsləndirici müstəvidə mətni qiymətləndirilən şair Qəşəm Nəcəfzadədir.

Siz Allah, Qəşəm müəllim, həvəsləndiniz?

Adam təbrik də edə bilmir, qorxur qaliblər elə bilər, onları ələ salırsan.

8-ci sinif şagirdi ilə eyni yerin qalibi (hər ikisi üçüncü yeri tutub) yazıçı Vaqif Nəsibdir, anam onun “Uzundərə” kitabını hələ də saxlayır, hər dəfə mənə göstərib deyir ki, bu kitab səndən 7 yaş böyükdür. Bu yazıçının ilk kitabının 58 yaşı var – 1962-ci ildə “Uşaqgəncnəşr”də nəşr olunub. Xatırladım ki, Vaqif Nəsib ötən dəfə də bu müsabiqədə Şəki şəhərindən olan 8-ci sinif şagirdi Mülayim Hümbətova ilə birgə III yerə layiq görülmüşdü.

Vaqif müəllim, fürsətdən istifadə edib sizi təbrik edirəm.

Yorulmayasınız.

Kimdən başlayasan?

Birincisi, müsabiqələrdə yaş məhdudiyyəti qoyulmasa belə, gərək yazıçılar yaşına hörmət qoya.

İkincisi, nüfuzlu müsabiqənin təşkilatçıları münsiflərin qərarına bir göz yetirsə yaxşı olar. Çünki sonda bu müsabiqə təşkilatçının layihəsidir.

Üçüncüsü və ən əsası - münsiflər!

Mən 2017-ci ildə, səhv eləmirəmsə, müsabiqənin ilk sayına “Yuxu ovçusu” hekayəmi təqdim etmişdim. O hekayə dərc olunanda haqqında ədəbi mühitdə söz sahibi olan xeyli adam yüksək fikir bildirdi. Həmin hekayəmi xüsusi redaktə ilə, həvəslə o müsabiqəyə yollamağımın səbəbi, nə yalan deyim, mükafat fondunun yüksək olması ilə yanaşı şərtlərdə göstərilən bu cümlə idi: “Mətnlərin qiymətləndirilməsi Xalq yazıçısı Elçinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən aparılacaq”.

Düşünmüşdüm ki, Elçin müəllim malı-mala qatmaz. İndi elə görünə bilər ki, guya bu yazı həmin müsabiqədə mətnimin qiymətləndirilməməsi səbəbindən yazılıb. Qəti! Çünki bu hadisənin üstündən 3 il ötüb, o vaxtı müsabiqənin yekunlarına sırf bu səbəbdən reaksiya verməmişdim.

Eyni zamanda, o müsabiqədə mənimlə paralel xeyli sanballı qələm adamı iştirak etmişdi və onların hamısını da qalib hekayə şoka salmışdı. Həmin il qalib olan hekayənin ilk abzasında belə bir cümlə var idi: “Nənəm də sabah üçün azuqələri (kartof soyutması, iki yumurta, lavaş, təndir çörəyi, pendir, duz, göy-göyərti, iki pomidor, bir dənə də xiyar) hazırlayır”.

Ədəbiyyatdan iynənin ucu boyda xəbəri olan adam bilir ki, burada müəllifin mötərizənin içinə atdığı tərəvəzləri özünə hörmət eləyən müəllif mətndə əritmək üçün bəzən saatlarla tər tökür. Bu cümlədən sonra mənə hər şey aydın oldu.

Təəssüf ki, Azərbaycan ədəbiyyatı ən xırda müstəvilərdə belə ciddiyə alınmır.

Adını dilə hörmətlə gətirdiyimiz Kamal Abdullanın da bu münsiflər heyəti arasında görmək, Azərbaycan nəsri adına mənə fərdi xəcalət verir. Hələ digər tanınmışları demirəm.

Daha bir maraqlı məqam isə - mətnin əvvəlində toxunduğum qalib məsələsidir. Artıq neçənci dəfədir ki, müsabiqədə birinci yerin sahibi elan olunmur. Qaliblərin adının olduğu açıqlamada yenə də belə bir cümlə qeyd olunub: “Münsiflər heyəti müsabiqədə birinci yer üzrə mükafatın tələblərini doğruldan hekayənin olmadığı qənaətinə” gəlib.

Mənə görə bu cümlə orada qalib olan bütün iştirakçıların bir növ aşağılanmasıdır.

Necə yəni illərdir birinci yerə layiq mətn yoxdur?

# 3357 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #