Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar

Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
19 oktyabr 2020
# 12:44

Məşhurların hər kiçik addımı rezonans doğurur. Elə cəbhədən çəkdirdikləri fotolar da.

Tünzalə Ağayeva, Zabit Səmədov, Şəbnəm Tovuzlu və başqaları...

Sıravi adamlar hər gün onlarla bu tip fotolar paylaşır. Həmin fotoları izləyicilər bəyənir, bu görüntü demək olar ki, heç kəsdə əks fikir yaratmır. Demək, məşhurların fotolarının səs-küy yaratmağı foto, məqsəd yox, məşhurla bağlıdır.

Əksər adamların bu şəkillərə yazdığı əsəbi rəylərin səbəbi də insanların əsasən başqa yerdən topladığı kini yüksək bir tribunaya boşaltmaq istəyidir. Bəzi adamlar məşhurları acılayanda enerjilərinin boşa xərclənmədiyini düşünürlər.

O gün olsun, məşhurlarımız da bunu başa düşsün.

Mahiyyətinə varanda görərik ki, məşhurların cəbhədən hərbi formada foto paylaşması neqativ nəticəyə gətirib çıxara bilməz – xırda istisnaları nəzərə almasaq.

Məşhur cəbhəyə qədər gedirsə, əyninə forma geyinirsə, ona “bacarırsan vuruş”, “özünü reklam etmə”, “tayların orda şəhid olur, sən öz hayındasan” kimi rəylər yazmaq düzgün deyil. Ora qədər gedən adam müharibəyə aparılarsa, inanın, döyüşdən də yayınmaz.

Bu fotoların paylaşılmasında yeganə ehtiyatlı davranılmalı məqam fotoya düşən coğrafiya, koordinatlarla bağlıdır. Çünki hərb işində elə xırda detallar var ki, bu məqamlar mülkilər üçün önəmli görünmür, lakin həmin nöqtələrə hərbçi gözüylə baxanda böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də məşhurlar foto çəkdirərkən, yaxşı olar ki, həmin məqamları nəzərə alsın.

Məşhurların cəbhədən etdikləri paylaşımlar onların izləyicilərinin diqqətinin orduya yönəlməsi baxımından da əhəmiyyətlidir. Bildiyimiz kimi, indiki döyüşlərdə arxa cəbhənin fəaliyyəti əlahiddə əhəmiyyət kəsb edir.

Təbii, könül istərdi məşhurlar əsgərləri imitasiya etməkdənsə, arxa cəbhədə daha effektiv işlərlə məşğul ola, cəbhəyə vermək istədikləri enerji üçün daha dürüst ünvan tapa, gücünü bacardığı yönə xərcləyə. Belə olduqda onlar həm xalqa, həm dövlətə, həm orduya daha lazımlı xidmət göstərmiş olarlar.

Məsələn, döyüş getdiyi ərəfədə "Qarabağ" futbol klubunun Polşanın "Legiya" komandasını 3:0 hesabı ilə udması futbolçularımızın döyüşə verdiyi ən böyük töhfədir. Lakin onun ardınca Kiprlə qarşılaşmada yaxşı oyun göstərə bilməyən milli komandamızın üzvü Qara Qarayevin "fikrimiz Qarabağdadır, ona görə istədiyimiz kimi oynaya bilmədik" deməsi başadüşüləndir, amma qeyri-peşəkarlıqdır. Hər birimizin olduğumuz işdə daha fəallaşmağımız müharibənin xeyrinədir.

O formanı geyinib, daha effektiv iş görə bilən insanlar var. Qoy o formanı həmin adamlar geyinsin.

Lakin bu cümlələr, sadəcə istəkdir. Bizdə belə kütləvi proseslərdə adətən cəbhələr qarışır, ictimaiyyət hamı bir əsgərə çevrilir. Bu da ayrı bir müstəvidə vacib məqamdır. Hərçənd çox yaxşı olardı ki, biz yalnız orduya yollandığımız an əsgərə çevrilək, o günə qədər isə peşəmizin əsgəri olaq.

# 6106 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #