Bizim saxta pasifistlər

Bizim saxta pasifistlər
30 noyabr 2020
# 09:00

Müharibənin baş verdiyi bütün ölkələrdə antimilitarist, sülhpərvər, pasifist çağırışların olması normaldır. Həmçinin Azərbaycanda. Normal olmayan - müəyyən azərbaycanlıların çoxsaylı fakta çevrilən ermənilərin vandalist davranışlarını necəsə özümüzə də sırımağa çalışmasıdır. Başqa cür desəm, sosial şəbəkələrdə bu məzmunda silsilə mətnlər yayanlar guya ədalətli davranış sərgiləyərək hər iki tərəfə eyni münasibət göstərirlər. Nəticədə belə “ədalətli yanaşma” ədalətsizlik doğurur. Üstəlik, bunun üçün əsaslı arqument irəli sürülmür, fikirlərini sadəcə ehtimallarla sübut etməyə çalışırlar.

Misalçün, Kəlbəcərdə ermənilərin tərk etdiyi evləri yandırması, ağacları qırması, kütləvi şəkildə mal-qaranı öldürməsi, nəticədə ekologiyanı çirkləndirməsi ilə bağlı videolar yayılır. Özü də təkcə bizim mediada yox, dünya mediasında. Bizim “bəşəri dəyərlərə” söykənən sülhpərvərlərimiz faktlara absurd şərh verirlər. Ki, azərbaycanlıların da Birinci Qarabağ savaşında imkanları olsaydı, evləri, meşələri yandırıb, ağacları kəsib, mal-qaranı öldürərdilər.

1990-cı illər müharibəsində evlərindən ekstremal situasiyalarda çıxmayan həmvətənlərimiz də olub. Amma onların meşələri, evləri yandırmaq, mal-qaranı öldürmək fikri ağıllarının ucundan keçməyib. Mənim Qarabağdan qaçqın düşən yaxın dostlarım var. Şəxsi söhbətlərimizdə belə onların bu məzmunda cinayət törətmək istəyi haqda nəsə eşitməmişəm. Əksinə, xeyli azərbaycanlı var ki, evlərini təmizləyib, açarlarını da götürüb çıxıblar. Çünki bu, genetik yaddaşdır: torpaqların onlara doğmalığı və gec-tez geri qayıtmaq əminliyi. Kəlbəcərdə baş verənlər isə onun təsdiqidir ki, ermənilərin Qarabağla bağlı genetik yaddaşı, bu yerlərə doğmalığı yoxdur. Tomas de Valın "Qara bağ" kitabında ermənilərin Şuşada mülkləri yandırması ilə bağlı maraqlı qeydləri var: "Qarabağ ermənilərinin axmaq adəti var, onlar düşmən qayıda bilməsin deyə işğal olunmuş şəhərlərdə evləri yandırırlar" - Ter-Tatevosyan deyir."

Yaxud, bu balanslı sülhpərvərlər ermənilərin törətdiyi kütləvi qətliamlara arqument tapa bilməyəndə Sumqayıt hadisələrini önə çəkirlər. Mühüm fakt bundan ibarətdir ki, Sumqayıt hadisələri pis-yaxşı araşdırılıb (hərçənd, bir sıra qaranlıq məqamlar olduğundan, onun yenidən araşdırılmasına ehtiyac var) və məhkəmə keçirilib. Baş vermiş hadisədə günahkar bilinən Əhməd Əhmədov haqda ölüm hökmü çıxarılıb və o, dərhal güllələnib. Lakin qətllərin törədilməsində adı hallanan Eduard Qriqoryana sadəcə 12 il cəza kəsilib. Bəs erməni tərəfinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə bağlı Ermənistanda istintaq aparılıbmı, məhkəmə keçirilibmi? Və ya Qarabağ müharibəsində bizim hərbçilərin erməni əhalisinə qarşı kütləvi qırğın törətməsi ilə bağlı fakt varmı? Yoxdur belə fakt!

“Azlogos”da Tural Həmidin “Bakı erməniləri: Qarabağın qurbanları” yazısında maraqlı məqam var:

“Qarabağ münaqişəsinin artıq etnik zəminə keçdiyini dövrün Sovet lideri Mixail Qorbaçov da görürdü. O, Moskvada Qarabağ hərəkatının liderləri olan Silva Kaputikyan və Zori Balayanla görüşərkən onlara belə bir sual verdi: “Bu etdiklərinizin Bakıda yaşayan 207 min erməninin taleyinə necə təsir edəcəyi barədə düşünmüsünüz?” Kaputikyan isə belə cavab verir: “Bakıda yaşayan 207 min erməninin taleyi barədə nəyə görə düşünmə zərurəti ortaya çıxmalıdır?” (Alekseyev, 2010:333)”.

Aprelin qələbə qoxusu - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Yəni erməni ziyalıları üçün Bakıda yaşayan ermənilərin taleyi əhəmiyyət kəsb etmirdi. Sumqayıt hadisələri isə erməni siyasətçilərinə məqsədlərinə çatmaq yolunda vasitə idi.

Doğrudan da, nə qədər riyakar, məzmunsuz humanist, sülhpərvər olmalısan ki, qarşı tərəfin cinayətlərini azərbaycanlıların da ayağına yazmağa cəhd göstərəsən. Bu mövqe ən azı ərazi, yaşamaq, təhsil və s. hüquqları pozulan, ədaləti bərpa etmək üçün həyatlarını qurban verən şəhidlərimizə münasibətdə etik deyil.

...Antimilitaristlər, sülhpərvərlər bir tərəfə, bizdə yalnız sözdə pasifistlər var, əməli fəaliyyətdə isə onlar yoxdur. Həqiqi pasifist özünün zərər çəkəcəyi təqdirdə belə zorakılığa müqavimətsiz müqavimət göstərəndir.

Azərbaycan kinosunda bu xətt ən yaxşı şəkildə Lətif Səfərovun o qədər məşhur olmayan “Leyli və Məcnun” (1961) filmində əks olunub. Rejissorun traktovkasında sevgi özünün ideoloji və fəlsəfi anlamına çataraq pasifizmə transformasiya olunur. İnsana sevgi, özünü qurban vermə ayrı-ayrı epizodlarda yer alıb. Epizodlardan birində, Nofəl onun uğrunda aparılan müharibədə qalib gəldiyi anda Qeys geri çəkilir. O, öz şəxsi xoşbəxtliyini qan tökülməsin deyə qurban verir. Başqa bir hissədə o, köləni xilas edərək, özü könüllü onun statusuna keçir. O, müharibəyə müqavimət çağırışı edəndə ideoloq kimi çıxış edir, onun hər sözü sloqan, çağırış kimi səslənir: “Mənə qan lazım deyil. Mənə ölüm lazım deyil. Mən qəfil oyandım. Siz də oyanın. İnsanlığın ölüm astanasında necə davrandığını görün. Ayılın. Qoy insanlar sülhə gəlsin. Ölüm zalımlar üçün qorxuludur. Qullar üçün isə sadəcə bu dünyadan digərinə köçməkdir”.

Martin Lüter Kinqə görə pasifizm şəri tətbiq etməyə yox, ona dözmək inamına əsaslanmalıdır və zorakılığa qarşı ancaq sevgi göstərilməlidir. Tarixi təcrübə isə göstərir ki, pasifizm utopiyadır. Nasizmi sevgiylə yıxmaq mümkün idimi? Yaxud Xocalını törətmiş adamlara qarşı necə sevgi göstərmək olar?! Bunu necə təsəvvür edirsiniz?

Bəzən fikirlər səslənir ki, sülh danışıqları ilə Qarabağı geri almaq mümkün idi. İndiyədək Ermənistanın dövlət xadimləri, siyasi fiqurları Qarabağı ölkələrinin vacib hissəsi kimi görürlər, sıravi ermənilər isə birgəyaşayışı həmişə rədd ediblər: Qarabağ onlarda olanda da. İndi isə xüsusən. Bu vəziyyət bir daha sülhü istisna edir.

Yeri gəlmişkən, yaxınlarda bir məlumat oxudum ki, Niderland Parlamenti qadın və kişi bərabərliyi çərçivəsində qanunda edilən dəyişiklikləri qəbul edərək qadınları da məcburi hərbi xidmət prosesinə daxil edib. Hollandiyanın müdafiə naziri Ank Bijleveld yeni qərarla bağlı açıqlama verərək “Ölkəmizin təhlükəsizliyi təhdid altında olarsa, bütün məcburi tərəflər silahlanmağa çağırıla bilər" deyib.

Beləliklə, öz ərazisinin bütövlüyünü və təhlükəsizliyini vacib sayan Qərb Azərbaycanı sülhə səsləyərək, torpaqlarının işğaldan azad olunmasına qarşı çıxanda riyakarlıq edirdi.

Azərbaycanın öz ərazisində ədalətli sülhü təmin etmək, şərə qalib gəlmək üçün bu müharibə labüd idi. Bundan sonra da təhlükəsizliyimizin təminatından ötrü milli ordumuzun daha da güclənməsi, ən yeni silahlarla silahlanmağımız, etibarlı hərbi müttəfiqlər vacibdir.

# 3519 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #