Biz niyə boşana bilmirik?

Biz niyə boşana bilmirik?
7 fevral 2020
# 14:07

Daha bir kişi boşandığı qadını bıçaqladı... Boşanma mədəniyyətinin formalaşmadığını göstərən daha bir dəhşətli hadisə...

Yəqin, “boşanmaq” və “mədəniyyət” sözlərini ardıcıl görməyə gözü öyrəşməyən əksər adamlar başa düşmür ki, bir ailənin qurulması gözəl hadisədirsə, alınmayan, sonu ölümlə bitəcək bir cütlüyün normal şəkildə ayrılması ondan da gözəldir.

Azərbaycanda “ailə institutu” ifadəsi altında gizlənən ağlasığmaz stereotiplərdən, bu günün adamı üçün effektini itirmiş əhəmiyyətsiz “dəyərlər”dən xilas olmağın yeganə yolu fərdi sərbəstlikdir. O da əksər gənclərdə yoxdur. Ailəsi, özü ilə bağlı məsələlərdə qəti qərarlar verə bilməyən şəxslər minlərlə...

Azərbaycan gənci hələ də valideyn və ictimai qınaq basqısı altındadır. Hər addımda “camaat nə deyər?” sualı onu narahat edir. Ailə məsələlərində də ömrünə zəhər qata-qata günü günə satır...

Bu gün əksər ailələri ayaqda saxlayan sevgi, hörmət yox, ictimai qınaqdır. İctimai qınaqla davam edən ailənin daxilindən danışmağa dəyməz; boşluqlar, saxtakarlıqlar, bir yataqda iki düşmən, nifrət, dava, xəyanət, sonda da ölüm!

Bizdə boşanma sözü təhqir kimi qəbul olunur. Ayrılmaq ailə problemlərində sonuncu yol sayılır. Halbuki bu, sonuncu yol deyil, sonuncu yol qətldir. Boşanmaq nə qədər ağır olsa da, sonda sivil hadisədir, nəinki gündəlik davalar, zorakılıq, qətllər...

Bizi boşanmağa qoymayan ikinci səbəb qohum evlilikləridir. Qohum cütlüklərin boşanması daha çətin başa gəlir, nəsil içində düşmənçilik yaradır. Lokal təfəkkürdə boşanmaq qızı boşanan ailəyə təhqir sayıldığı üçün heç kəs xalasını, bibisini, əmisini “təhqir” eləmək istəmir.

Təbii, bir ailənin dağılması arzuolunmaz hadisədir. Amma bir həqiqəti unutmayaq ki, ailələrin dağılması aktı boşanma ilə ölçülmür; bu gün Azərbaycanda boşanma olmadan dağılmış yüzlərlə ailə var - bir evdə yaşayan iki düşmən, bədbəxt övladlar...

Biz dağılmış ailələri sənəd üzərində “ayaqda saxlamaqla” bir neçə şəxsi bədbəxt etmirikmi?

Su sızan bəndin arxasından nə qədər palçıq döşəsən də, suyun qabağını almaq olmur, sızır-sızır, sonda bənd uçur. Palçığı gərək bəndin qarşısına döşəyəsən ki, su sızmasın. Ailələrin dağılmasının qarşısını almaq üçün onları hansısa sənədə qol çəkməyə məcbur etmək yetərli deyil.

Bu kontekstdə baş verən son cinayətin motivləri də göstərir ki, bizim əksər kişilər boşandıqdan sonra da keçmiş həyat yoldaşlarından qopa bilmir, hələ də özünü bir vaxtlar yoldaşı olduğu qadının mənəvi sahibi sayır, onun “qeyrət”ini qorumaqda mükəlləf hesab edir. Əvvəlki ailəsinə ən vacib dəstək olan alimentdən qaçan bu tip kişilər nədənsə, qadının geyiminə, davranışlarına qarışmağı özünə müqəddəs borc bilir.

Ölkəmizdə boşana bilmək mədəniyyəti bu müstəvidə də fiaskoya uğrayır. Bu tip kişilər özlərini övladlarından çox, keçmiş həyat yoldaşına cavabdeh sayırlar.

Əksər məqamlarda səbirli, təmkinli olmağı tövsiyə edən İslamda da bu məsələyə kəskin münasibət var. Sözümü hədislə bitirirəm: “Arvadından Allaha şikayət edən şəxslərin duası qəbul olunmur. Allah bu məsələnin həllini göstərib. Bezmisənsə, Allaha şikayət eləmə, boşan!”

# 4725 dəfə oxunub

Oxşar xəbərlər

Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
#
#
# # #