Axundovun yiyəsiz qalmış evi

Axundovun yiyəsiz qalmış evi
2 sentyabr 2021
# 09:01

Kulis.az Zamin Hacının “Milli ev” yazısını təqdim edir.

Şəkiyə yolum düşmüşdü, uşaqları Rəşid bəy Əfəndizadənin Mirzə Fətəli Axundovun ev muzeylərinə apardım. Deyəsən həmin gün biz o muzeylərin yeganə ziyarətçiləri idik. Bir qədər aralıda insanlar xanın sarayına pul ödəyərək girmək üçün uzun növbə yaratmışdılar. Polis pandemiya qaydalarını güc-bəla təmin edirdi.

Son 200 illik tariximizin ən görkəmli şəxsiyyətlərindən olmuş iki nəfərin muzeyində isə qu desən qulaq tutulardı. Bakıya qayıdanda internetdə 2013-cü ilin bir xırda reportajını tapdım. Orda bir cümlə qeyd vardı:

“Elə aylar olur ki, Axundovun ev muzeyini 1 nəfər də ziyarət eləmir”.

Xanın sarayını görməyə axışanlardan soruşsan, bəlkə heç buranın hansı xana məxsus olduğunu bilməzlər. O xan Şəki üçün, Azərbaycan üçün hansı işlər görüb? Əsl, necə deyərlər, “qış sarayı” harda olub, niyə dağılıb, sarayın döşəməsini niyə “yevroremont” eləyib parketlə döşəmişik və sairə - bunlar da xalqa maraqlı deyil. Əsas odur sarayın qabağında şəkil çəkdir. İnstaqrama bir növbəti “quş” qoy. (Pis mənada deyil, işarələmək mənasında).

Şəkidə mindiyim bir taksi sürücüsünün sözləri heç yadımdan çıxmır:

“Bir neçə il qabaq Xan sarayının önündəki çinarın budağı sındı, yazıq cavan gəlinin başına düşüb öldürdü. Özü də müəllimə idi”.

Sürücünün “müəllimə idi” sözləri yadımdan heç çıxmır.

Görəsən bizdə bəla niyə həmişə müəllimlərin, öyrədicilərin, xalqı aydınlığa çıxarmaq istəyənlərin başına düşür?

Ancaq onlar yorulmurdular. 19-cu əsrin qaranlığında məşəl kimi yanırdılar. Qəti pafosa varmıram. Axundov dram yazırdı, Rəşid bəy Əfəndizadə isə onu səhnəyə qoyurdu, hətta rolları ifa edirdi! Müəllim olmasına, ilk dərsliklərimizi yazmasına və ən əsası, bir dindar, ruhani ailəsindən çıxmasına baxmayaraq aktyorluqdan çəkinmirdi. O vaxtlar ki, aktyora bu ellərdə “mütrüb” deyir, ələ salırdılar, öldürürdülər. (Birdən karantində hər yerin açılmasına baxmayaraq teatrlarımızın hələ qıfıllı qalmasını xatırlayıram. Tısbağanı ya öldür, ya arxası üstə çevir, fərqi yoxdur. Kimsə mənə “teatrımıza, aktyorlara tısbağa dedi, ar olsun” söyləsə üzr istəyərək onları qartal, şahin adlandıra bilərəm, hətta deyəsən özünə Qartal təxəllüsü götürən aktyorumuz vardı).

Axundovun ev muzeyi ölkəmizdə açılan ilk xatirə-ev muzeyidir. 1940-cı ildə açılıb. O zamanlar bəlkə də rəsmi ideologiyası ateizm olan Sovet hökumətinə Axundov ciddi şəkildə lazım olmuşdu, hörmət-izzətin səbəbi məhz bu idi. Ev də gerçəkdən 1800-cü illərin əvvəlində tikilən o evdirmi, buna çox əmin deyiləm. Mümkündür təzədən, köklü şəkildə təmir-tikinti işləri aparılıb. Azərbaycanda hansısa yaşayış evinin (içində xanlar yaşayanları çıxsaq) yüz ildən artıq salamat qalması möcüzə kimi bir şeydir, bizdə şəhərlərin, kəndlərin, adamların tarixinə fikir verən yoxdur. Erməni dağıtmayanı da özümüz dağıtmışıq.

Muzey eksponatları, məzmun hissəsi də məni açmadı. Məsələn, böyürdəki yeni tikilidə nümayiş etdirilən bir-iki kitab və foto olmasa, bu evdə bir mütəfəkkirin, yazıçının doğulub böyüməsi heç təsəvvürə gəlmir. Eksponat qismində cəhrə, boşqab-qazan tipli şeyləri görəndə yad adamın, turistin (elə indiki təhsillə bizimkilərin də) ağlına gələr ki, yəqin Axundov 19-cu əsrdə azərbaycanlıların məşhur mətbəx bloqeri olubdur, xalqa yemək qayırmağı öyrədirmiş.

Tək bu deyil, başqa ev muzeylərimizdə də kompozisiyanı qab-qacaqla “zənginləşdirmək” təcrübəsi var. Başa düşürəm, bu, ev muzeyidir, ancaq bu adamlar bəyəm evdə ancaq yeyib-içiblər?

O zaman Kərbəlayi Məmmədəli ilə Rəşid bəy Əfəndizadənin hansı fərqi olub?

Axundovun ev muzeyində onun dram əsərlərinin, kitablarının satışını təşkil eləmək olardı. Bir marka, konvert, suvenir satışı düzəltmək də onun kimi. Qoy ora gələn özüylə Axundovdan nəsə xatirə aparsın.

Lakin muzeydə ədibin kitablarının heç özü də yoxdur, maketləri nümayiş etdirilir! Mulyaj. Lətifə kimi şeydir.

Muzeyə gedən dar küçənin başında 1982-ci ildə düzəldilmiş bulaq, daha doğrusu, onun zibil içindəki qalıqları durur. Görəsən niyə bu qədim şəhərə başçılıq edənlərin ağlına gəlmir ki, ora azca su versinlər, abadlıq yaratsınlar? Axundovun tökdüyü suyu 150 ildir içirsiniz, barı buna görə xəcalət çəkin.

Mən oranı tərk edəndə, daha doğrusu, elə muzeyin önündəki büstün yanında məktəbli oğluma bu sözləri dedim:

“Bax, sən bu gün Əfqanıstanda, İranda, Suriyada yaşamadığına görə bu kişiyə borclusan”.

Əmin olun, bu sözləri mən çox ürəkdən dedim.

Ümid edirəm o, bunları unutmayacaq.

# 8114 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #