16 yaşlı Fatimə Rafiq Tağının kəndçisiymiş...

16 yaşlı Fatimə Rafiq Tağının kəndçisiymiş...
30 yanvar 2020
# 12:33

16 yaşlı Fatimə toyundan iki həftə sonra öldürüldü... Masallının Xoşçobanlı kəndində... Bu, ömrünün qırx ilini cəmiyyətin tibbi, mənəvi sağlamlığına həsr edən, bunun əvəzində bizdən bıçaq yarası alaraq dünyadan köçən həkim, yazıçı, publisist Rafiq Tağının doğulduğu kənddir.

Qətl təzəcə baş versə də, hadisə ilə bağlı məhkəmə keçirilməsə də, artıq bir hökmü rahat verə bilərik...

Evləndikdən sonra 2 həftə ərzində nə dəyişə bilər ki, 19 yaşlı ər 16 yaşlı – həyat yoldaşını deməyə dilim gəlmir – qızı öldürə!?

Onlar arasında hansı şəxsi konflikt baş verə bilər ki, bu yara 15 gün ərzində böyüyə, ölümlə bitə! Onların hər ikisi demək olar, azyaşlıdır. Məsələn, qətl törədilən an oğlan əsgərlikdə hərbi salam verə, qız hansısa məktəbin işıqlı pəncərəsindən təbəssümlə çölə baxa bilərdi...

Mən Fatimənin qatilini tanıyıram. Siz də tanıyırsınız. Yazının əvvəlində Rafiq Tağını söz xətrinə xatırlamadım. Qatil Rafiq Tağının bağrına bıçaq sancan şəxsdir. Sonra bıçağının qanını ovcuna silərək cibinə qoyub, indi də həmin qanlı əllərlə 16 yaşı qızcığazı boğub. O, azadlıqdadır, nə qədər, təhsil cəmiyyətdə sözünü deyə bilmir, nə qədər, kitab evlərimizə ayaq açmır, nə qədər, televiziyamız zəhərli proqramlardan arınmayıb, nə qədər, milli və dini xurafat at belindədir, o qatil aramızda yaşayacaq. Gah bıçağını çıxaracaq, gah qanlı əlləri ilə birinin boğazından yapışacaq, bir başqasını 17-ci mərtəbədən itələyəcək, gah da kiminsə boynuna ip salıb salxım meyvə kimi hansısa ağacdan sallandıracaq. O “meyvələri” biz yetişdiririk. Və hələ ki, özümüzü yeməklə məşğuluq.

Hadisənin Rafiq Tağının doğulduğu kənddə baş verməsi, bəlkə də, bizim üçün bir eyhamdır. Mənası odur ki, “16 yaşlı gəlini əri öldürüb” xəbərindən sonra heç kəs rahat yatmamalıdır. 16 yaşlı qız evlənməli deyildi, çünki bütün azyaşlıları toylarından 2 həftə sonra öldürürlər; bu və ya digər şəkildə.

Bu eyham ona işarədir ki, Rafiq Tağının qatili yanımızdadır, içimizdədir, hər an soyuq bir metalı qarın boşluğumuza soxa bilər.

Ehtiyatlı olmalı deyilik, qorxmalıyıq. Bu, bizim günahımızdır. Hamımızın.

Bu gün Azərbaycanın bütün kəndləri Rafiq Tağının kəndidir – sözün hər iki mənasında.

# 9517 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #