Vaqif İbrahimoğlu ilə 25 dəqiqə

Vaqif İbrahimoğlu ilə 25 dəqiqə
14 may 2011
# 11:20
Müsahibənin 14-cü dəqiqəsində dedi ki, səninlə söhbəti sevməyə başladim....

Bu bizim məqsədli şəkildə ilk qarşılaşmamız idi. 2008-ci ilin payızında onunla “Tanınmışlar” verilişimdə üz-üzə oturmuşduq. Amma nə mən suallarımda ağıllı görünməyə, nə də o cavablarında daha ağıllı olduğunu təsdiqləməyə çalışırdı. Biz sadəcə söhbət edirdik...

Mən ona maraqlı adam olduğunu deyəndə, o indicə qızardığını dinləyicilərin görmədiyinə sevindiyini bildirdi.

Söhbətimiz sanki əvvəlcədən razılaşdırılmış qaydada gedirdi. Heç kim dinləyicilərin təsəvvüründə verilişi fəth eləmək istəmirdi. Bunu iki rahat adamın bəlli bir vaxtı öz bacardıqları şəkildə özləri üçün maraqlı etmək cəhdi də adlandırmaq olardı...

Əksər hallarda onun verdiyi cavabı xırdalayıb sual halında özünə qaytarırdım. O da yenidən həmin o xırdaları bütövləyib Azadlıq Radiosunun səs hesabına yatırırdı...

Qulaqcıqlarda nəfəsinin ahəngini nəzarətdə saxlayırdım. Həyəcanlansa, bunu vaxtında duymaq istəyirdim. Əlbəttə ki, kiminsə qarşısında, yaxud hansısa verilişdə həyəcanlanacaq adam deyildi. Amma yenə də olsun, hər halda mənim ərazimdə idi və mən onu hiss etmək istəyirdim. Duyduğum qədər nəsə bir narahatçılığı vardı. Nə idi, indi də bilmirəm. Amma var idi...

O materialist deyildi. Obyektiv gerçəklik zad tanımırdı. Ətraf mühit mənim ovqatımda mövcuddur-deyirdi.

Onun üçün başqasının ovqatını təlx etmək, əslində öz ovqatına xəyanət etmək idi. Deyirdi təlx etdiyin ovqatı sonra bərpa etmək çox çətindir. Və nə yazıqlar ki, bu qovhaqov, qaçhaqaç həyatda belə şeylər az olmur...

Başqa rejissorların yaxşı tamaşalarını görəndə həddən çox sevindiyini, pis tamaşaya baxanda bir həftəlik sıradan çıxdığını bildirirdi.

Söhbətimizin 8-ci dəqiqəsində -kim aparır sizi pis tamaşaya-deyə soruşanda cavabı-dəvətdən imtina etməmək borcu-oldu. Yalnız özünə məxsus olmadığını bildirib, “əkiblər, yemişik, əkirik yesinlər” atalar misalı ilə susdu...

Müsahibənin sonunda bu günlərin hadisəsindən-yəni ölümdən danışacaqdıq. Ona qədərsə enişlərdə ilişib qalan arzulardan tutmuş nifrətə, yaddaqalan kiçik məhəbbətlərə qədər dərdləşdik...

Nifrətdən çox danışmadı. Dedi ki, nifrət çox pis məsləhətçidir. Ondan uzaq olmaq yaxşıdır.

Kiçik məhəbbətlərdən danışanda baxışlarında çox sürətlə keçən böyük bir zaman duydum (kim bilir kimlər var idi bu zamanın içində):

“Kiçik və yaddaqalan məhəbbətlər çox gözəl hallar, yaşamaq, yaratmaq üçün yaxşı stimullardır...

Mənim mənəvi bioqrafiyam valeh olmaqlarla, heyran olmaqlarla, dəlicəsinə vurulmaqlarla çox zəngindir. İnsanın yaşam tarixcəsində, bioqrafiyasında bu cür faktlar azdırsa, nə yazıqlar ona. Mən bu baxımdan çox mutluyam...” Belə yekunlaşdırmışdı bu barədə fikrini.

Nəhayət dediyim kimi, söhbət bu gün artıq özünü onun simasında insanlara Allah bilir neçənci dəfə təsdiqləyən ölümdən düşdü. Dedi ki, Allah bəndəyə yalnız bir şeyi yəqin deyib, sən öləcəksən...

“Ölümü var olmanın bir şərti kimi qəbul edəndə hər şey özünü realizə edərək sıfıra gəlib çıxır. Bizim söhbətimiz də özünü tam realizə edəndə biz onu bitirəcəyik. Söhbətimiz öləcək...”

Baxıb ona fikirləşirdim ki, bir gün onun indi yazılan səsi də bəzi başqa müsahibləriminki kimi başqa dünyadan gələcək. Özü də indikindən daha maraqlı, daha dəyərli olacaq...

Nə düşündüyümün fərqində deyildi. Davam edib deyirdi ki, “Ölmək -dirilmək, sınmaq-bərpa olmaq, bax bu bəşəriyyətin var olmasının ali qanunlarıdır. Biz özümüzü övladlarımızda, şagirdlərimizdə davam etdiririk. Ona görə də böyük mənada ölüm yoxdur...”

Söhbətin 24-cü dəqiqəsində ona Heminqueyin bir fikrini xatırladıb (Heminquey bir müsahibəsində oxucusuna deyir ki, “filankəs anadan olandan elə ölməklə məşğul idi”) siz doğulandan nə ilə məşğulsunuz-sualını verdim. Dedi ki, “mənə elə gəlir, hələ doğuluşdan əvvəldən öz gerçəkliyimi yaratmaqla məşğulam. Yalnız mənə xas olan gerçəkliyi. Mənim bütün səhvlərim də, günahlarım da bununla bağlıdır. Bu eqosentrizmdir: Mən səni uydururam, gerçəklik. Əgər sən mənim uydurmamla düz gəlmirsənsə, mən uydurmama dəymirəm. Mən gerçəkliyi sındırıram...”

Bu onun “Tanınmışlar”-a sonuncu cavabı idi. Çünki veriliş cəmi 25 dəqiqə olurdu...

P.S

19-cu dəqiqə:
Mən:
Bəsit, təsadüfi tələbədən necə zövq almalı?
O:
Ömür o qədər uzun deyil ki, mən onu bayağı, bəsit, təsadüfi adama xərcləyim...
# 4523 dəfə oxunub

Oxşar xəbərlər

Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
# # #