Bunu yazan da qatil, oxuyan da

Bunu yazan da qatil, oxuyan da
3 oktyabr 2012
# 05:00
“Heç kim təminat verə bilməz ki, avtobusda yanında oturan adam qalxıb səni bıçaqlamayacaq”.
Rafiq Tağı

26 sentyabr

Mingəçevir sakini, 1986-cı il təvəllüdlü Qarayev Rauf Eldar oğlu və atası 1957-ci il təvəllüdlü Qarayev Eldar Qüdrət oğlu Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində adı hələlik açıqlanmayan şəxslə baş verən dava zamanı bıçaqlanıblar. Rauf Qarayev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, atası isə ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

***

24 sentyabr

Maştağa qəsəbəsində yaşayan İslam Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi şəkildə birgə yaşadığı Sevinc Həsənovanı qətlə yetirib.

***

25 sentyabr

Şəmkir rayonu. 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Bəsti Məmmədovanı qətlə yetirib. O, arvadını döyəndən sonra “Mazda” markalı maşınla üstündən bir neçə dəfə keçib. Qadın aldığı xəsarətdən ölüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

***

25 sentyabr

Masallı rayon sakini, 56 yaşlı Mahmudağa Mahmudov qardaşı nəvəsi, 20 yaşlı Oqtay Mahmudov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətlin motivi məlum deyil.

***

22 sentyabr

Ağdaş rayonu Qoşaqovaq kənd sakini Ramil Yadigarov həmkəndlisi Gündüz Məmmədovu qətlə yetirib. Onun həmyerlisini qısqanclıq zəminində öldürdüyü bildirilir.

***

22 sentyabr

Kürdəmirdən Bakıya meyvə satmaq üçün gələn, 1958-ci il təvəllüdlü Cəfərov Cavanşir Ağaverdi oğlu qonaq qaldığı qohumunun evində, ev sahibi, 1982-ci il təvəllüdlü Hüseyn Nəci oğlu Zeynalov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.

***

21 sentyabr

İmişli şəhərində yeni tikilmiş evlərdən birində yaşayan Elnur Əliyev qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirib. Həyat yoldaşı aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

***

21 sentyabr

Göygöl rayon sakini 1990-cı il təvəllüdlü Elvin Kərimov həmyerlisi Şirin Bayramovu bıçaqla qətlə yetirib. Hadisəyə səbəb isə öldürülənin E.Kərimovun anası Elvira Kərimovaya mesaj yazması və onların arasındakı əlaqə olub. E.Kərimov Ş.Bayramovu qətlə yetirdikdən sonra anasına da hücum edib və ona da xəsarət yetirib.

***

17 sentyabr

Bakı şəhərində 30 yaşlı Elçin Əlibala oğlu Əsədullayev keçmiş həyat yoldaşı, 29 yaşlı Lətafət Məmmədovanı küçənin ortasında bıçaqlayıb. L. Məmmədova aldığı 6 bıçaq zərbəsindən hadisə yerindəcə keçinib. Hadisə qısqanclıq zəminində törədilib.

***

13 sentyabr

Gədəbəy rayon sakini, 1961-ci il təvəllüdlü Ramiz İmanıyev qısqanclıq zəminində qardaşı arvadı, 1965-ci il təvəllüdlü Lətifə Sahibovanı döyərək qətlə yetirib.

***

06 sentyabr

Sabirabadda iki qardaş həmkəndlilərini 16 bıçaq zərbəsi ilə qətlə yetiriblər. 1986-cı il təvəllüdlü Məmmədov Əliağa Ədalət oğlu qardaşı ilə birgə həmkəndlisi, 1989-cı il təvəllüdlü Həsənov Nurəli Ramiz oğlunu əvvəlcə döyüblər və daha sonra ona 16 bıçaq zərbəsi vuraraq qətlə yetiriblər. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

***

05 sentyabr

Səhər saatlarında Şərifzadə küçəsi 134 saylı binanın qarşısında üzərində zorakılıq əlamətləri olan 35-40 yaşlı kişi meyiti tapılıb. İlkin müayinədən sonra həmin şəxsin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. Aparılmış araşdırmalar nəticəsində qətlə yetirilmiş şəxsin Qasımov Əlisəftər Əmirbəy oğlu olması müəyyən edilib. Hazırda qətlin kim tərəfindən, hansı şəraitdə, nə səbəbindən baş verməsi araşdırılır.

***

01 sentyabr

Gəncə şəhərində Səməd Vurğun küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində 1988-ci il təvəllüdlü Əhmədov Elmir Əlixan oğlu ilə 1993-cü ildə anadan olmuş Cəfərov Əbülfəz Vasif oğlu arasında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı oğlan E.Əhmədovu bıçaqlayıb. İkinci xəstəxanaya çatdırılsa da, ölüb.

***

31 avqust

Türkan qəsəbəsində 1987-ci il təvəllüdlü Şabanov İlkin Dəyanət oğlu həmkəndlisi 1937-ci il təvəllüdlü Quliyev Məzahir Xanı oğlunu bıçaqlayaraq qətlə yetirib. 25 yaşlı İ.Şabanov hadisəni törədərkən sərxoş vəziyyətdə olub. Onun özündən 50 yaş böyük ağsaqqalı qətlə yetirməsinin səbəbləri hələlik məlum deyil.

***

31 avqust

Sabirabad rayonunda Xankeçən kəndi ərazisində kənd sakini, 1985-ci il təvəllüdlü Abıyev Gülhüseyn Xanhüseyn oğlu həmkəndlisi Zeynalov Azad Səmid oğlunu və ərazi üzrə sahə müvəkkili, baş leytenant Eldəniz Quliyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

***

30 avqust

İsmayıllı rayonu Aşıq Bayramlı kəndində 1984-cü il təvəllüdlü Ağayeva Şahnaz Ayaz qızı şəxsi münasibətlər zəminində tanışı, 1969-cu il təvəllüdlü Elməddin Əhmədovu bıçaqlayaraq qətlə yetirib. Hadisənin səbəbləri məlum deyil. 28 yaşlı Ş.Ağayeva 2 uşaq anasıdır. Onun öldürdüyü E.Əhmədov isə evli olub və 3 uşaq atasıdır.

***

22 avqust

Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsində 1972-ci il təvəllüdlü Mehman Mirzəyev qonşusu, 1974-cü ildə anadan olmuş Elxan İbadovu bıçaqlayıb. 2 bıçaq yarası almış E.İbadov ağır vəziyyətdə Dəmiryolu Xəstəxanasına çatdırsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisə E.İbadovun evinin qarşısında baş verib.

***

30 günün statistikası.

18 cinayət.

18 ölü.

Ağır yaralananlar da var.

Aralarında gənc olanlar da var.

Qocalar da.

Yeniyetməsi var.

Qadını var.

Namus cinayəti var.

Söyüş üstündə öldürən var.

Sərxoş olub bıçağa əl atan var.

Sözləri çəp gəlib silahı danışdıranlar var.
İnsanlar başlarının yerinə əllərini işlədirlər. Adi pörtləşiklik bir anın içində cinayətə çevrilir.

İnsan həyatının bu qədər ucuz tutulduğu bir cəmiyyətdə adam heç zaddan bir alçağın bıçağına tuş gəlməkdən qorxur.

Məşhur bir lətifədə deyildiyi kimi: “Mən bilirəm, o televizyondu, sən bilirsən televizyondu, öküz ki bilmir o televizyondu”.
# 1105 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #