Çörək tikəsi kimi kimsəsiz

Çörək tikəsi kimi kimsəsiz
15 sentyabr 2012
# 07:00
Sevda Sultanovanın məsləhəti ilə Cim Carmuşun “Yer üzündəki gecə” filmini izlədim. Film beş fərqli ölkədə taksi sürücüləri və taksiyə minən insanlardan bəhs edir. Müştəri taksiyə minir və yol boyu taksi sürücüsü ilə söhbət edir, sonra pulunu ödəyib taksidən düşür. Sonra kamera başqa ölkəyə keçir və hadisələr beləcə davam edir.

Filmə baxa-baxa düşünürdüm ki, əslində həyatımız da belədir. Filmdəki kimi, kimsə həyatımıza gəlir, gedənə kimi onunla hekayəmiz davam edir. Fərqi yoxdur kim hansı statusla gəlir həyatımıza; sevgili, dost, qohum, qonşu, həkim...

Getdikdən sonra kamera başqa ölkəni, yəni başqa birinin gəlişini göstərir - yenə də fərqi olmur. Həyatımız belə keçir. Qəribəsi də budur ki, kimin həyatımıza necə gəldiyini dəqiq xatırlamasaq da, necə getdiyini dəqiq xatırlayırıq.

Məsələn dəyər verdiyin insanın öldüyü barədə zəng gəlir. Xəbəri aldığın o an, olduğun o küçə, şəhər, ölkə, dünya başına fırlanır. Eləcə istiqamətini bilmədən gedirsən. Qəhər boğazından asılır. Nə ağlaya, nə də udquna bilirsən. Bir neçə gün keçir. Dəxilsiz vaxtda, dəxilsiz məkanda hönkürtü ilə ağlayırsan. Eləcə adını sayıqlayırsan. Elə bilirsən ki, ölməyib. Amma öldüyünü də bilirsən. Başqa zaman yadına düşməyən xatirələr bir-bir gözünə, boğazına oturur. İçində eləcə kədər olur.

Sevgilin məsələn. Sevdiyin insanla ayrılırsınız. Masada qalmış çörək tikəsi kimi tək, kimsəsiz qalırsan. Həmin tikənin üstünə düşmüş su kimi ruhunun burnundan axan sular üzünə düşür.

Hamı gəlib keçir masanın yanından, amma o çörək tikəsini suyun içindən alıb harasa qoymurlar. Saat hər dəqiqə, saniyəsində sənin hiss etdiklərini göstərir ancaq. Ayrılığın rəngi qoxusu bu dəfə sevgili olur. Onunla baxdığın film, tamaşa biletlərini atmaq istəyirsən. Bu dəfə də bacarmırsan. Gözünün görməyəcəyi bir yerə qoyursan. Sonrası yoxdur...

Dostun məsələn. Uşaqlığını, yeniyetməliyini və gəncliyini paylaşdığın birinin artıq ruhunun olmadığını görürsən. Sadəcə cismi var. Bir az buna görə əriyirsən. Cismini gördükcə uşaqlığın, onunla keçirdiyin günləri xatırlayırsan. Düşünürsən ki, əslində o qız, sənin uşaqlığını, təmizliyini, yeniyetməliyini, ömrünün yarısını aparır özüylə. Hərdən darıxırsan. Öz-özünə gülümsədiyin də olur keçirdiyiniz günləri xatırlayıb. Yemək deyil isidib təkrar-təkrar yeyəsən, saqqız kimidir, çürüdüsə demək sonrası yoxdur...

Həkimə gedirsən... Bütün o həngaməli təhlillərdən sonra ən əziz adamına xərçəngi yaraşdırır, ya hansısa pis xəstəliyi. Bir həkimə, bir əzizinə, bir də ayaqlarına baxırsan... Yer niyə yarılmır ki, içinə düşəsən. Bu kədərdən səni niyə xilas etmir yer? Gözlərin dolduğu üçün hər yer parıltılı görünür. Amma qəhər başından zərbə vuraraq o parıltıları bir-bir yerə atır... Yer yumşalır, amma yenə də yarılmır. Əzizinin üzünə baxmağa cəsarətin belə çatmır. Həkimi oradaca boğmaq, otağından asılmış şəkillərin çərçivələrinə salmaq istəyirsən bütün pis xəbərləri ilə birlikdə. Sonra o çərçivəni yandırmaq. Qaça-qaça gedib Yerdən atmaq istəyirsən özünü. Qışqırmaq istəyirsən, alınmır. Səsin çıxmır. Necə xəstələnə bilər əzizin? Axı, xəstəliklər insanlara yaraşmır... Sonra zaman keçir, müalicələr, xəstəxana yolları, ağrılar, göz yaşları, qəhər... Sonrası yoxdur ki, təkrarlanır hamısı...

Anan məsələn... Anama nəsə deyəcəkdim. Yanına gedib çağırdım. Niyə çağırdığımı bilmirəm. Onsuz da yanına gedib sözümü deyəndə eşidəcəkdi axı. Deyəsən, hər dəfə, yanında olsam da çağırmağımın səbəbi ondan sırf “hə”, “eşidirəm” kimi cavablar eşitməyim, onun yanımda olduğunu hiss etməyim üçündür. Bu dəfə də çağırdım. Hay vermədi. Gözləri açıq, sağa baxırdı. Bir dəfə də çağırdım. Yenə hay vermədi. O otağa niyə gəlmişdim və ona nə deyəcəkdim, bu barədə heç nə xatırlamırdım artıq. Üçüncü dəfə daha asta çağırdım – “ana”. Biləklərim kəsildi elə bil... Orqanlarım bir-birindən ayrıldı. Dünya daha tez fırlanırdı və orqanlarımı da üstümə atırdı... Dirsəklərim, dizlərim sıyrılırdı. Qabırğalarım gözümə girib kor etdi elə bil, hər yer qaranlıq oldu. Qarnımda ya da mədəmdə paltaryuyan vardı sanki. İçimdə fırlanaraq canımı acıdırdı. Nəfəs almağa çətinlik çəkdim. Boğazımı kəsdilər və qəhər elə boğazımdan asıldı. Ürəyim daha tez döyünürdü. İçimə bir qorxu düşdü, amma “yox əşi, ola bilməz” deyə düşünüb, bir də çağırdım "ana?". Fikrə gedibmiş, məni eşitmirmiş, yuxudan ayılmış kimi “Hə, qızım” dedi. Cavab verməyəcəyinə və indi cavab verəcəyinə olan ümidlərim hamısı bir-birinə qarışmışdı. Elə bildim cavab verməyəcək. Kədərin ən tünd halı bürüyür ruhunu cavabdan sonra... Sonrası da olmur...

İtirmək, ayrılıq, ölüm... Bunlar ayrı-ayrı hisslər deyil. Hamısı eynidir. Sinonim hisslərdir...

Carrmuşun həmin filminin sonunda, adı Mika olan sürücünün taksisinə 3 sərxoş dost minir. Dostlardan biri içki təsirindən yatmışdı. Digər dostlar Mikaya həmin dostlarının problemini danışır. İşə tez-tez gecikən Aki adlı dostları yeni avtomobili ilə işə gedib. Və işdən qovulduğunu öyrənib. Müdiri sənədlərini üstünə tullayıb, Aki sənədlərini tələsik toplayıb və binadan çıxıb. Binanın qarşısındakı avtomobilinin əzildiyini, bərbad halda olduğunu görüb.

Həyatımız da belə deyilmi? Həyatımız Akinin avtomobili, həyatımıza gələn insanlar da Akinin müdiri kimidir. Sevgini aşıb, həm də bağlanırıq. Sevgi daha alicənabdır bağlanmaqdan. Dünyanın harasında olsan sevdiyini sevirsən. Amma bağlanmaq...

Bağlanmaq elə deyil... Sevdiklərimizə elə bağlanırıq ki, sonra yollarımız hansısa səbəbdən ayrılanda, canımızın yarısı gedir sanki... Həyatımızın qırıntılarını toplayıb yalın ayaqla həyatımızın mərkəzinə gedirik, artıq həyatımızın əvvəlki kimi olmadığını, Akinin maşını kimi əzik, bərbad olduğunu görürük. Axı, bunu belə buraxmamışdım sonuncu dəfə deyə düşünməyimizə gərək qalmır.

Çünki, əvvələ dair heç nə xatırlamırıq. Amma həyatımızdan gedən insanların necə yola düşdüyünü çox gözəl xatırlayırıq. Sonra... Sonrası olmur zatən... Ayrılıqların, ölümlərin sonraları olmur... Kamera başqa yeri göstərir və ayaq barmaqlarının üstündə gəzərək göy üzündə xoşbəxtliyin pəncərəsini axtarmaqla həyatına davam edirsən...

Dünya çox zəifdir, hər an başımıza uça bilər. Bədənimizdən çıxan qabırğalarımız gözümüzə girib dünyamızı qaralda bilər.

Dünyadan bərk tutun, dünya fırlananda heç biriniz yıxılıb özünüzü itirməyəsiniz deyə. Siz də kiminsə əzizisiniz... Sən isə, dünya, fırlan , cəld, daha cəld, həmişə fırlan!
# 1427 dəfə oxunub

Oxşar xəbərlər

Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
Belə kino olmur!

Belə kino olmur!

11:00 25 iyul 2024
# # #