Müharibə heyvanları

Müharibə heyvanları
13 sentyabr 2012
# 05:00
Hacıkənd qəsəbəsinin meşədən saqqal buraxmış dik dağlarının lap yuxarı yamacında gözlənilmədən bir maral peyda oldu. Ömrünün 50-60 ilini ovçuluğa həsr edən adamlar da belə bir möcüzə ilə rastlaşmadıqlarını söyləyib tələsik tüfənglərini rahladılar. Maral hara, kənd qulağında boynunu uzadıb dünyadan xəbərsiz yatmaq hara?!

Amma deyəsən usta adamlar iki bir, üç bir vəziyyəti anlamağa başlamışdılar. Axşam Murov tərəfdə güclü atışma olub, maral güllə və partlayış səslərindən ürkərək gəlib bu yerlərə çıxıb. Hətta gecənin qaranlığında meşənin nisbətən seyrək yerinə yürüyərək təhlükə ilə üz-üzə qaldığının fərqinə varmayıb. Qəribədir ki, qəsəbənin itləri də görməyib onu! Yoxsa başında ağac budaqlayan bu qəribə varlığı yatmağa qoymazdılar.

Maral qımıldamırdı da! Görünür gecə qaçaraq yol gəldiyindən çox yorğun idi. Bəlkə yaralanmışdı. Bəlkə hərbçilər onu ovlamağa çalışmışdılar.

Vaxt az idi. Ovçular biri-birinə hay salıb maralı meşə tərəfdən aypara şəklində mühasirəyə aldılar. Boş qalan tərəf yalnız qəsəbə idi! Heyvancığaz yəqin ki özünü evlərin arasına vuracaq qədər ağılsız deyildi.

Usta ovçulardan biri izah elədi: ehtiyatla yanaşın, ayağınızın altında qalan adi bir ağac şıqqıltısı onu ürküdə bilər! Maral ovlamaq hər oğulun işi deyil.

Budur, heç ilk güllə açılmamış, maral sıçrayıb ayağa qalxdı. Onun məxməri tükləri, uzun boynu, şahanə duruşu, ehtiyatla sağa-sola boylanması qənirsiz bir gözəllik yaratdı birdən birə. Ağbirçək arvadların hansısa yaşmağını açıb pıçıldadı: “Hayıf! Buna güllə atmaq günahdı!” Ovçular da bir anlıq gözəlliyin sehrinə düşdülər... Fəqət özlərini tez ələ aldılar. Maral həmişəki kimi onlardan cəld tərpəndi. İlk güllə açılanda o artıq yerindən götürülmüşdü. Amma hara... Sağa-sola bircə dəfə boylanmaq kifayət etdi ki, hər tərəfdən mühasirəyə düşdüyünü anlasın. Anlasın və heç kəsin gözləmədiyi tərzdə qəsəbə evlərinin üstünə şığısın... Alçaq kollardan düzəldilmiş çəpərlərdən aşa-aşa lap həyətlərə, uşaqların və yaşlı qadınların yanına süzsün.

Bu zaman ovçular da onu gülləyə basmaqdan ehtiyat etdilər. Maral heyrətdən ağzı açıla qalan uşaqların və gözləri dolan arvadların da yanında dayanmadı, təbii ki! Onu qovalayan itlərə məhəl qoymadan qarşısına çıxan çəpərlərin üstündən ox kimi vıyıldadı. Qəsəbənin yuxarı məhəlləsini ikiyə bölərək qaçıb gəldiyi yerlərə tərəf üz çevirdi və getdikcə artan sürətlə balaca təpəni meşəyə tərəf aşıb görünməz oldu! Nə qədər təhlükəli olsa da, yaşadığı yerlərə qayıtmağı üstün tutdu. Ovçular əlində tüfəng məğlub görkəmdə susub qalmışdılar...

Bu əhvalatı niyə xatırladım: müharibə insanlar qədər heyvanlara da əziyyət verir. Məsələn günü bu gün Ağdamın, Tərtərin sərhəd yerlərindəki iribuynuzlu heyvanlar, atlar erməni snayperlərinin qurbanı olur. İşğal olunan kəndlərin əsas atributlarından biri də öz qapısında öldürülən itlərdir! Ulaqları əsir alıb dağlarda işlədirlər: texnika gedə bilməyən yüksəkliklərə snayper daşıdırlar.

Qarabağın, Zəngəzurun yüksək yerlərindən Arana gətirilən inəklər istiyə dözməyib qızdırır, milçək kimi qırılıb körpə buzovlarını mələr qoyurdu. Qəribədir, onların südü balalarını istilikdən doğan xəstəliklərdən qoruyurdu, ancaq özləri dözmürdü. Kasıb bir ailənin inəyinin ölməsi insan itirmək qədər ağırdır!

Bizim bir pişiyimiz vardı, qaçqınlıqda o qədər ora-bura köçmüşdük ki, hər evimiz yüklənəndə özü atılıb maşına minirdi.

İtimizi isə, köç gəldiyimiz günlərin birində avşar itləri boğdu. O çox yaxşı it idi! Bizimlə uşaq kimi oynayır, quyruğunu bulayıb üstümüzə sırmanır, yaltaqlanırdı! Darıxmağa qoymurdu bizi... Onun yanında heç kimdən və heç nədən qorxmurduq həm də! Güclü, zəhmli və məğrur idi. Üstünə çoxlu it töküldü deyə yordular, əldən saldılar. Mən və qardaşım balaca idik, itimizə kömək edə bilmədik. Qohumlardan yanımızda heç kim yox idi. Uzaqdan baxan adamlar isə haya gəlməyə ərindilər. İtimiz ağır yaralandı və bir qamışlığa sürünüb başını yerə qoydu. Bizdən küsmüşdü elə bil! Üzümüzə baxmırdı. Birdən qardaşım əlacsızcasına hönkürdü. Mən ağlaya bilmədim deyə çox sarsıldım. Müharibənin təpiyini bu qədər ağır hiss eləməmişdim. Hətta kəndimiz alınanda da!
# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #