Nəvə olmaq istəyi
Nənəmi hamıdan çox mən istəyirdim.
Elə o öləndə də hamıdan çox mən ağlamışdım.
Zirzəmiyə girib xəlvətcə uzun parcaya bükdüyüm şəklini açır, baxır ağlayırdım...
Ölümündən bir müddət sonra tez-tez yuxuma girməyə başladı. Üç qat tumanı əynində, yun şalı belində, hökmü sifətində. Hər dəfə də bir təpənin üstü ilə harasa gedirdi. Görən kimi çağırırdım, dayanırdı. “Məni də özünlə apar” - deyib ayaqyalın qaçırdım ona tərəf. Gülüb “Nənən qurban, get ayaqqabılarını geyin, gəl”, - deyirdi.
Hər dəfə də ayaqqabılarımı geyinib qayıdanda görürdüm nənəm yoxdur, gedib.
Müxtəlif fasilələrlə bir xeyli davam etdi o dünya ilə bu dünya arasındakı bu qaçdı-tutdu oyunu.
Onda mən üçüncü sinifdə oxuyurdum. Bir gecə hamıdan xəlvət ayaqqabılarım ayağımda yatdım. Amma yuxuda yenə ayaqyalın idim...
O gecədən sonra nənəm bir də heç vaxt yuxuma gəlmədi. Böyüyəndə bildim ki, sən demə, yuxuda ölən adama qoşulub getmək pis əlamət imiş. Və öz aləmimdə anladım ki, ölənə qədər bütün tapşırıqlarını həvəslə yerinə yetirdiyim nənəm niyə məni özü ilə aparmırmış...
İndi mənim bəzi tay-tuşlarımın nəvəsi var. Yəni nəvə dövrüm artıq xeyli uzaqdadır. Amma yenə də bəzən çox narahat olanda, gecə ürəyimdən ayaqqabılı yatmaq keçir. Gəlsin aparsın deyə...
Hardasa təpənin üstündə qat-qat tumanlı, beli yaylıqlı, zəhmli bir arvad görsəniz, bilin ki, o, mənim nənəmdi – Güldəstə. Deyin, mən yenə nəvə olmaq istəyirəm. Ona su gətirmək, papiros almaq, təndirə çırpı yığmaq, bəhməz bişirəndən sonra teştin kənarlarındakı şirəni dırnağımla qoparıb çeynəmək, axşam hinə salmazdan əvvəl toyuqları saymaq və gecə onun ayaqları altında yatmaq istəyirəm.
Ağladım...

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025