Ramala baxış

Ramala baxış
22 avqust 2011
# 14:00
Ölkə telekanallarını tanıdım tanıyalı, aparıcı məsələsində problemin dizə-boğaza çıxdığının şahidiyik. Bəri başdan deyim ki, televiziya sahəsində ən arzuolunan, ən məsuliyyətli, ən əyləncəli və ən çətini olan bu işin öhdəsindən gəlmək sizə asan gəlməsin.

Danışığın, hərəkətlərin, ötürdüyün mesajlar böyük kütləyə hesablanır, reaksiyanın necə olacağını bilmirsən, iş başında ünsiyyətdə olduğun adamlar – yəni verilişin qonaqları da varsa, bu ikiqat cəhənnəm əzabıdır.

Yazmağa nə var, otur, yaz özünçün, sonra ora-burasını düzəlt, kəm-kəsirini aradan götür, istədiyin qədər vaxtın, istədiyin qədər imkanların var. Oğul ona deyərəm ki, yazıda, ağ vərəqdə və ya «WORD»də göstərdiyin qəhrəmanlığı, arxayınlığı, əhli-kefliyi insanların qarşısında göstərə bilsən.

Amma bizim hər yerindən brelok sallanan başıboş qızlarımızın, saçlarını bu gün necə yelləməkdən başqa ciddi dərd-səri olmayan oğlanlarımızın çoxuna elə gəlir ki, televiziya, veriliş onların podiumu funksiyasını daşıyır.

Filan gözəllik salonunda saçını düzəltdin, filan dükandan paltar geyinib, kamera qarşısında oturdunsa, vəssalam, xalqın ən böyük həvəsi onların saç düzümünün bu günki fərqliliyidir. Şoular, əyləncəli verilişlər, xüsusilə «qonağı müğənni, sənətçi olan» verilişlərdə aparıcılar elə bilir ki, ən böyük ararıcılıq nailyyəti hansısa bir «silikon torbası» müğənnini ağlatmaq, ondan şok etiraflar almaq, kiminsə dalınca danışdırtmaqdır. Camaat çörəyi qulağının dibinə yemir e, hamı bilir ki, o «silikon torbaları» həmin «şok etirafları» eləmək, efirdə beş dəqiqə zırıldamaqdan ötrü nə qədər pul xərcləyir...

Təbii ki, belə bir-birinin tayı olan «aparıcı-müğənni» cütlüyünün ixtiyarına verilmiş, xalqın başını qarışdırıb, zövqünü it gününə qoymaqdan başqa heç nəyə hesablanmayan, heç bir ciddi mesayı, yükü olmayan verilişlərdən başqa nələrsə də var.

Və az da olsa, o ciddi verilişləri, şouları aparan aparıcıların arasında doğrudan da intellektualları, gözüaçıqları da var. Amma belə verilişlərdə, şoularda da biz başqa xəstəliklə üz-üzə gəlirik. İntellektual aparıcılar təbii ki, bu başıboş, tamaşaçılara heç nə təqdim edə bilməyən aparıcılar bolluğunda öz intellektlərinin fərqinə varır, bilikləri onlara daha arxayın, daha sərt, daha iddialı davranmağa imkan verir və gözlərinə döndüklərim də bu imkanlardan geninə-boluna istifadə eləyir. Bir halda ki, meydan var, niyə də intellktuallıqlarını göstərməsinlər, savadsız qonaqların üzünü danlamasınlar, çağırdıqları mütəxəsisslərdən daha çox danışmasınlar?
Və bu boş, dekorativ, sonra da iddialı-intellektual aparıcıların fonunda bir aparıcı var ki, mən doğrudan da onun verilişlərinə ciddiyyətlə baxıram – Ramal Hüseynov.

Düzdü, ötənlərdə bir yazar rəfiqəm Ramalı xeyli tənqidlərə məruz qoymuşdu, o vaxt mən xanım yazarın sadaladığı qusurları başqa cür dəyərləndirdiyimi yazmaq istədim. Amma bir dostu bir dostdan müdafiə etmək xoşagəlməz işdir, odur ki, o tənqidi yazını unutdum və öz iş-gücümlə məşğul olmağa başladım.

Ta ki, bu yaxınlarda Ramalın daha bir verilişinə baxıb, sırf onun aparıcılıq xüsusiyyətlərini izləyib, nəticə çıxarana qədər.

Ramalın ən başlıca keyfiyyəti doğrudan da ciddi, sosial mövzular seçməkdir. Hələ bir dəfə də olmayıb ki, onun verilişinə baxıb, «azərbaycanda insanların belə problemi yoxdur» deyə düşünüm. Daha sonra xoşuma gələn cəhəti mövzunu seçəndən sonra ən fərqli mövqelərdə, ən fərqli cinahlarda olan həmsöhbətlər seçməsidir. Sağçı-solçu, dindar-ateist, cavan-yaşlı, millətçi-kosmopolit – hamısının söz haqqı, fikir bildirmək haqqı var.

Qonaqlarla davranışında bircə dəfə də olsun, kobudluğa, hörmətsizliyə rast gəlməmişəm. Etiraz yüklü suallar verir – amma bu suallarda azacıq da olsun, aparıcı mövqeyi yoxdur.

Mövzu ilə bağlı ancaq girişlər və sonluqlar verir. Saat yarımlıq verilişin qalan hissəsində ancaq suallar qoyur və meydanı qonaqlara verir. Bir tamaşaçı kimi bunun doğru olduğunu düşünürəm – çünki bizə maraqlı olan qonaqların deyil, Ramalın fikirləri olsaydı, məncə Ramal verilişdə elə tək danışardı. Daha qonaqlara, mütəxəssislərə ehtiyac olmazdı. Ramalın verilişdə az danışmaq özəlliyi onun mövzunu bilməməsindən deyil, özünü çox xərcləməməsindən, söz haqqını dəvət elədiyi adamlara verməsindən doğur. Bir də ki, mövzuya girişlərində onun sözügedən məsələdən nə qədər xəbardar olduğu artıq bilinir.

Təbii, Ramalın intellektinə, nə qədər mütaliə elədiyinə, istər dünyada, istər ölkədə baş verən hadisələrdən, istər mətbuatdan, incəsənətdən, ədəbiyyatdan nə qədər xəbərdar olduğuna şahidliyimi də yazardım. Amma mənim onun şəxsi keyfiyyətlərindən, verilişdə o qədər də bilinməyən şeylərdən nə qədər xəbərdar olduğumun oxucuya heç bir dəxli yoxdur.

Verilişdə təqdir elədiyim daha bir cəhət Ramalın heç bir halda, heç bir vəziyyətdə tərəf tutmamasıdır. Qonaqlarının arasında özünün çox simpatiya bəslədiyi, fikirləri ilə razılaşdığı adamlar da olur, əksinə də. Amma bir dəfə də olsun, efirdə bunu büruzə verdiyini, qonaqlardan hansınınsa fikrinə qarşı çıxdığını, bir qonağı başqa qonaqda müdafiə elədiyini görməmişəm.

Əksinə, onun verilişində ən zidd fikirli adamlar belə Ramalın ağıryana, mədəni davranışının təsirinə düşüb, bir-biri ilə hörmətlə davranır, bir-birilərinə ən zidd fikirləri ən hörmətli səs tonu, ən yumşaq sözlərlə bildirirlər.

Əgər bu ovqat bir neçə dəfə pozulubsa, onu da bir-iki dəfə onun verilişində qonaq olanda, kobudluğuma, ətiacılığıma salıb mən pozmuşam ki, bu da mənim öz cırtqozluğumdan gələn bir şey olub.

Və sonda...

Oxucular yazını bir dostun o biri dosta tərifnaməsi kimi qəbul edə bilərlər. Amma ən yaxın dostlarım barədə yazdığım ən sərt tənqidlərdən sonra bir dost barədə də təqdirimi yazmaq haqqımın olduğunu düşünürəm. Üstəlik, Ramala tənqidlərim də yox deyil – o tənqidləri də yazmaq üçün bol-bol vaxtım olacaq.

Bir də ki... Mən ateist, o qatı dindar olduğu halda, mən çılğın macərapərəst, o ən darıxdırıcı, tərbiyəli həyat tərzi keçirdiyi halda, Ramal dostum ola bilirsə, bu da onun istedadının daha bir göstəricisidir...
# 1986 dəfə oxunub

Oxşar xəbərlər

Bundan başqa sözün düzünü yazan yox imiş

Bundan başqa sözün düzünü yazan yox imiş

12:20 22 iyul 2024
Tıq-tıq xanım özünə pullu ər axtarır

Tıq-tıq xanım özünə pullu ər axtarır

09:00 20 iyul 2024
Gözəlliyə və qadınlara biganə olmayan çılğın kişi

Gözəlliyə və qadınlara biganə olmayan çılğın kişi

17:00 19 iyul 2024
Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
#
#
# # #