Roman qatili

Roman qatili
12 avqust 2011
# 09:25
Əsəd Cahangir çox zaman razılaşmadığım amma fikirlərinə hər zaman dəyər verdiyim, dərin mütaliəsi ilə seçilən tənqidçilərdəndir.

Onun dünən Kulisdə yayımlananan müsahibəsini oxuyanda bir məqama xüsusi diqqət yetirdim.

Söhbət tənqidi məqalələrin akademik üslubda yazılmasından gedir.

Əsəd özü bu üslubda yazmadığını deyir, lakin mən Əsədin yazdığı üslubun da çox yararlı olmadığını düşünürəm.

Belə ki, Əsədin tənqidi yazılarının dili ağır, mətnin həcmi böyükdür və romanı anlatmaqdansa öz düşüncələrini anlatmağa hesablanıb.

Oxu zalında, “525-ci qəzet”də dərc olunan tənqidi məqalələri oxumağı mən də çoxdan Əsəd kimi dayandırmışam.

Əsədin bir müşahidəsi də tamamilə yerindədir, ədəbi tənqid 20 il qabaq daha yaxşı vəziyyətdə idi.

Bu gün o zamanın ideoloji ülgüləri mövcud deyil, lakin o zaman tənqid daha sağlam, daha məhsuldar və daha səmərəli idi.

O zamanın qəzetlərini araşdırmağa hövsələsi çatmayan oxucular Asif Əfəndiyevin “Müdriklik səlahiyyəti” kitabını oxuyub orda Fikrət Qoca, Bəxtiyar Vahabzadəyə qoyulan dəqiq tənqidi diaqnozları görə bilərlər.

Bu yaxınlarda Kamal Abdullanın kitabı ilə bağlı təşkil olunan dəyirmi masada çıxış edib ədəbi tənqidin ümumi işə ziyanı haqda danışmışdım.

Demişdim ki, Kamal Abdulla haqqında məqalələrdən sonra heç bir adamda bu romanı oxumaq həvəsi yaranmır, zatən mürəkkəb olan roman bu məqalələrlə qəlizləşir.

Məndən əvvəlki və sonrakı çıxışlar mənim düşüncəmə qarşı olsalar da son nəticədə məni təsdiqləyirdi, çünki məqalələr kimi bu çıxışlar da kifayət qədər qəliz və anlaşılmaz idi.

O müzakirədə yalnız şair Salam Sarvan mənə dəstək verib mövqeyimi bölüşdü.

Sonra o Lent.aza verdiyi müsahibədə maraqlı bir cümlə qurmuşdu:“Düzü mən Kamal Abdulla haqqında həddən artıq nəzəri, “akademik” yazıları oxuyabilmirəm”.

Bir çox hallarda tənqidi məqalənin çap olunduğu mətbu orqanın tirajı kitabların sayından dəfələrlə artıq olur.

Bu da oxucunu oxumadığı roman haqqında tənqidi məqalə ilə üzbəüz qoyur.

Oxumadığın roman haqqında məqaləni necə oxuyasan?

Bunu etmək çətin olsa da mümkündür, belə ki, ikicə detalla oxucuda kitaba maraq oyatmaq olar.

Kulis yazarlarına da aşılamaq istədiyim düşüncəni qısaca belə ifadə edərdim: Kitab haqda yazarkən kitabdakı bir detal üzərinə yazmaq, onu esse kimi oxunaqlı hala gətirmək lazımdır.

Amma tənqidi məqalələrdə romanın süjeti, dili, üslubu, yazıçının tarixi keçmişi, gələcəyi, bədii-ideoloji xüsusiyyətləri təhlil olunur.

Özü də bir yazıda.

Bunu yazanlar sovet zamanının hazır şablonlarından istifadə edirlər, xarici mətbuata göz atmırlar ki, kitab haqda necə yazmaq lazım olduğunu görsünlər.

Ölkədə kitab bazarını öldürən məqamlardan biri də məhz budur: kitab yazılarının aşağı keyfiyyəti.

Ədəbiyyat instititun direktoru, tənqidçi Yaşar Qarayev bir dəfə yazmışdı ki, yazıçını pis dildə yazmaqda ittiham edən tənqidçi özü necə pis dildə yaza bilər?

Əsədin də adını hörmətlə çəkdiyi mərhum Yaşar Qarayevin bu təsbiti indi də aktualdır, həm də daha çox aktualdır.

Azərbaycan mediasına yeni ədəbi tənqid gətirmək lazımdır, bu formanı, bu üslubu yaratmaq Kulisin missiyalarından biri olacaqdır.
# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #