"Məktəblər bağlansın" deyən valideynlərin saçdığı təhlükə

"Məktəblər bağlansın" deyən valideynlərin saçdığı təhlükə
18 avqust 2020
# 11:29

“Bir məktəb qurmaq hardasa bir həbsxananın bağlanmasına səbəb olmaq deməkdir" - V.Hüqo

Son günlər sosial şəbəkələrdə valideynlərin “məktəblər bağlansın, onlayn təhsil sisteminə keçilsin” kimi arzu və hətta tələbləri ilə rastlaşırıq və bu məni bir valideyn olaraq ciddi narahat edir. Böyük bir kütlə sanki illərdir bu vəziyyəti arzulayırmış və indi şərait yaranan kimi içlərindəki bu arzunu dilləndirir, müxtəlif səbəblər gətirməklə həyəcanla öz iddialarını müdafiə edirlər. Qorxunc mənzərədir.

Məktəb uşaqların həyata atıldığı ilk dayanacaq, ilk pillədir. Ana qoynundan, uşaq otağından, bağça həyətlərindən, öz həyatından ayrılıb, ilk dəfə bayıra addım atıb, başqa insanlar, həyatlar, başqa qaydalarla tanış olduğu yerdir. Dörd divardan daha artıq şey deməkdir məktəb! Tısbağa kimi burnunu qınından çıxardıb rəngbərəng dünyanın çalarları, qoxuları, qorxuları ilə tanışlıq yeridir. “başqa” sözünü tam mənası ilə kəşf edib, dərk etdiyimiz yerdir məktəb. Məktəb – ilk sevgi deməkdir. İlk ayrılıqdır!

İlk dostluğu, düşmənliyi, ilk qələbəni, uduzmağı, satqınlığı, xəyanəti öyrəndiyimiz yerdir məktəb. Bölüşməyi öyrəndiyimiz yer. İlk azadlıq istəyimizdir, ilk məsuliyyət duyğumuzdur, ilk məcburiyyətimizdir. Qaça bildiyimiz ən uzaq məsafədir məktəb!

Niyə uşaqlarınızı yarış atına çevirmək istəyirsiniz?

“Məktəb vaxt itkisidi, bağlansın” – deyib, həyəcanlanan valideynlər, hörmətli valideynlər, burdan qazandığınız zamanı nəyə yönəltməyi, necə istifadə etməyi düşünürsünüz? Hmmm...

Şahmat dərsinə çatmaq? Musiqi məktəbinə yazılmaq? Rəqs kursuna vaxtında yetişmək? Yoxsa repititor yanına getmək? Evdə, dörd divar arasında uşaqları həbs edib, manqurt kimi az qala dərsi qaşıqla kəlləsinə tıxamağa çalışırsınız. Bəs, neçəniz öz uşağından gələcəklə bağlı arzu və planlarını soruşmusunuz? Yaxud , uşağınız sizə gələcəkdə ayaqqabı dizayneri olmaq istədiyini desə, gülmədən, əsəbiləşmədən, ələ salmadan dayana bilərsiniz? Mühəndis, həkim, hüquqşünas olmağı uşaqlar özü arzulayır həqiqətən? Ya bunu arzulamağa məcbur edilirlər? Axı, hər şeyin ən yaxşısını, ən xeyirlisini istəyir valideyn, ən doğrusunu məhz o bilir. “Əlimdə əlacım olsa, şprislə başına dolduraram dərsi uşağın” – bunu ətrafınızdan az eşitmisiniz? Dürüst olun! – bu ölkədə bütün valideynlərə ancaq bir şey maraqlıdır – “xeyirli və savadlı uşaq yetişdirmək”! Yox bir, danışan banan!

Məktəblərdəki rüşvət, tanışlıq, hədiyə qarşılığındakı sistemdən şikayət edir şəhərli valideynlər. Əzizlərim, bu sistemi də axı elə sizin özünüz yaratmısınız. Kapitalist dünyada hər şeyi, hər mərasimi, hər xüsusi günü şişirtməyə həvəsli olan valideynlər özləri qurub bu dəyirmanı. Hər bayramda hansı valideynin müəllimə aldığı hədiyə daha dəyərlidir, kimin gül buketi daha iridir, kimin “paket”ində neçə əllilik var? – siz bu kimi problemlər, suallarla əlləşdikcə, “mənim uşağım kiminkindən əskikdir” , “uşaq pisikməsin” deyə bir ayda o uşağın əyləncəsinə ayıra bilmədiyiniz qədər məbləğləri bir hədiyə, bir “paket” üçün sərf edib xoşbəxt olduqca, o uşaqlar öz dünyalarında küsür, barışır, sevir, ayrılır, dərsdən qaçır, təəssüf ki, zorlanan da olur, intihar edən də...

Sizin təsəvvürünüzdəki məktəblə o uşaqların hər səhər yarıyuxulu, yarı xoş, yarı zor durub yollandığı o məktəb sanki başqadır. Elə yaşayırsınız, sanki heç uşaq olmalısınız. Məncə bu qədər həyəcanlanıb, özünü itirməyə gərək yoxdur, valideyn olmaq bir qədər yaşı böyümüş uşaq deməkdir, bir az məsuliyyət hissi, bir az da problemləri böyümüş uşaq. Məncə, belə düşünsək, bir qədər “relax” ola bilərik.

İnanın mənə, uşaqlar hec vaxt sasanilərin üçüncü hökmdarının hakimiyət illərini bilmədiyi üçün, yaxud da fizikadan məsələni səhv həll etdiyi, triqonometrik funksiyaların qrafikini qura bilmədiyi üçün sizin qədər əsəb, stress, narahatlıq yaşamayacaq. Və böyük ehtimalla bunların çoxu gələcəkdə o qədər də əhəmiyyət kəsb etməyəcək.

***

Bizə rəsm dərsini doxsan yaşlı qulağı kar, gözdən zəif, köhnə riyaziyyat müəllimi keçirdi. Üçüncü mərtəbədəki dərsə vaxtında çata bilmək üçün qırx dəqiqə əvvəl çıxırdı müəllimlər otağından. Hər dərs bizə on dənə alma, armud, bayraq ya da ağac çəkdirirdi. Hamısı da eyni ölçüdə olmalı idi. Etiraz edəndə deyirdi ki, kəsin səsinizi, mənə prezident xüsusi tapşırıq verib.

Məktəbin riyaziyyat müəllimlərindən biri isə dərsdən sonra həvəsli, bacarıqlı uşaqlar üçün pulsuz rəsm dərnəyi qurmuşdu. Rənglər, çalarlar, simmetriya, asimmetriya - rəsmə aid hər şeyi öyrədir, balaca rəssamlara sərgilər təşkil edirdi. Düzdür, bizim məktəbdən heç vaxt rəssam çıxmadı, amma o dərnəklərə yazılmaq üçün ağlayan, icazə alan, dərslərindən vaxt ayıra bilən çox uşaqlar tanıdım.

Kənd məktəblərində vəziyyət başqa cürdür. Qışın şaxtasında, selləmə yağışların altında, palçıq yollarla hər səhər məktəbə daban döyən müəllimlər var. Uçuq, sökük divarların arasında balaca beyinlərə böyük arzular, hədəflər aşılayan insanlar var. Universiteti bitirib ucqar bölgələrə təyinat almış iyirmi yaşlı cavan oğlanları, qızları o ucqar kənd uşaqları necə sevir, bilirsinizmi? Çünkü bu müəllimlər onlara uzaqlardan başqa ümidlər, başqa maraqlar, arzular, xəyallar gətirir. Maaşından pul ayırıb uşaqlar üçün kitab, dəftər, qələm, hətta yeni ayaqqabı alan bu müəllimlərin bayram hədiyyələri bir dəstə şehli nərgiz, ya da əl işi “açıqca”lar olur...

Məncə məktəb bütün uşaqların mütləq yaşamalı olduğu yerdir. Həyata başlanğıc, hətta həyatın özüdür elə.

# 7285 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #