Günəş yatmağa gedəndə - Xuraman Hüseynzadənin Yeni Hekayəsi

Günəş yatmağa gedəndə - <span style="color:red;">Xuraman Hüseynzadənin Yeni Hekayəsi
13 aprel 2018
# 17:33

Kəndin ayağındakı qərib ev payız gələndə düşmənə təslim olmaq istəməyən əliyalın döyüşçüyə bənzəyirdi. Birmərtəbəli, alçaq evin sol tərəfindəki şüşəsiz pəncərəyə vurulmuş köhnə qəzet külək əsdikcə təslimiyyət bayrağı kimi yellənirdi. Sağ tərəfində sıra ilə ərik, gilas, alça, gavalı ağacları əkilmişdi. Ağaclardan hərlənə-fırlana qopub tökülən yarpaqlar torpağın sinəsinə çürümək üçün töküldüklərindən xəbərsiz idilər.

Mustafa kişi oturmuşdu qapıda, əsadan yapışdığı əlinin üstünü dayaq eləmişdi çənəsinə, xəyala dalmışdı. Hərdənbir külək şiddətləndikcə ərik ağacının budaqları dəyirdi evin köhnə kirəmit damına, diksindirirdi onu. Havanın soyumağa başlamasıyla qonşuları Həmid və İsrafil də nərdlərini, damalarını, dominolarını götürüb çəkilmişdilər öz isti yuvalarına. Soyuyan hava sanki insanların da arasına sərinlik gətirmişdi.

Arvadı Zahidə şəhərə, sonbeşiyi Aybənizin evinə qonaq gedəndən tənhalığı bir az da artmışdı onun. Ağıryana, dindirməsən, dinməyən bir qadın idi Zahidə. Mustafa ilə bir-birlərini sevərək evlənmişdilər. Atası əvvəlcə elçilərə “yox” desə də qızını sevən oğlanın inadkarlığı qarşısında “ağ bayraq” qaldırmalı olmuşdu. Bu inadkarlığın səbəbi o idi ki, Mustafagil bu rayonda qərib idi. Sonralar kürəkəninin mərd xüsusiyyətlərini gördükdə ata, qızının səhv etmədiyini anlamışdı...

Zahidə Aybənizgilə gedəndən hər gün çıxıb otururdu qapıda, ömür-gün yoldaşının gələcəyi yollara baxa-baxa həyatını vərəqləyirdi Mustafa kişi. Bir də iri tut ağacının altındakı boş skamyaya baxanda darıxırdı. Qonşuları Həmidlə İsrafilin boş skamyada görünən yerlərində yaşıl, sarı, qızılı yarpaqlar küləyin uğultusuna rəqs edirdilər. Bu da Mustafa kişini lap çox darıxdırırdı. Zarafat deyil, illərin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmış dostlar idi onlar. İndi ürək ağrısı İsrafili yıxmışdı yorğan-döşəyə, Həmidin isə oğlu Bakıya köçəndən bir ayağı şəhərdə idi.

Mustafa Həmid və İsrafillə xəstəxanada tanış olmuşdu. O vaxt gənc Mustafa Kənd Təsərrüfatı İnstitutunu təzə bitirmişdi. Aqronom kimi pambıq sahələrinə baş çəkib evinə gedirdi. Atasının neçə il pul yığaraq aldığı ağ rəngli “Jiquli” ilə rayonun girəcəyindən keçərkən bir az aralıda yerdə uzanmış bir adamın ilan kimi qıvrıldığını gördü. Tez əyləci basıb maşını saxladı. Düşüb həmin tərəfə getdi. Al qan içində zarıyan təxminən 60-65 yaşlarında bir kişi idi. O, tez kişini qucağına alıb maşının arxa oturacağına uzatdı. Həyəcandan əli, ayağı əssə də özünü toplayıb sürətlə maşını rayon xəstəxanasına sürdü. Xəstəni reanimasiyaya yerləşdirdilər. Mustafa xəstənin vəziyyətini öyrənmək üçün əməliyyat otağının qarşısında saatlarla gözlədi. Bir meydan dolusu adam yığılıb gəlmişdi xəstəxanaya. Mustafa xəstəxananın həyətində skamyada oturub siqaret çəkirdi. Bu zaman cavan bir oğlan ona yaxınlaşıb soruşdu:

- Mənim atamı xəstəxanaya siz gətirmisiniz?

Mustafa ayağa qalxdı.

- Mən gətirmişəm.

Oğlan onun boynunu qucaqlayıb dedi:

- Sən mənim atamı yenidən həyata qaytardın. Bu gündən olduq qardaş.

Adının Həmid olduğunu deyən oğlan Mustafa ilə həmin gün lazım olan iynə-dərmanları almaq üçün birlikdə apteklərə baş çəkdilər. Mustafa Həmidi tək buraxmadı. Atası Səməndər yaxşılaşıb xəstəxanadan evə buraxılana kimi hər gün onun ziyarətinə gəlir, əlindən gələn köməyi əsirgəmirdi.

Səməndər, onu vurub qaçan sürücünün maşınının nömrəsini yadında saxladığı üçün həmin sürücünü həbs etdilər. Səməndərin övladları, qohum-əqrəbası onun xilaskarı olan Mustafa ilə heç vaxt münasibəti kəsmədilər... İsrafil Həmidin dostu idi. O, Mustafanı elə Səməndər kişi xəstəxanada olarkən onu ziyarətə gələndə görmüş və dostlaşmışdılar. Sonralar bu üç dost eyni məhlədə yanaşı torpaq sahəsi alıb ev tikdirmiş və qonşu olmuşdular.

Dostlarının boş qalmış yerlərinə baxanda köks ötürən Mustafa kişinin təsəllisi bu idi ki, bu səssizlik, tənhalıq müvəqqətidir. Bir azdan arvadı Zahidə də gələcək qızının evindən, yay da dönəcək geri, qonşular da qayıdacaq tut ağacının altındakı yerlərinə. Beləcə, o da tənhalıqla vidalaşacaq...

Haqsızlıq dolu illəri yorub yola salmış Mustafa kişi uzaqlarda solğun çiçək kimi təravətini, şuxluğunu itirmiş payız günəşinə baxırdı... Zahidə qızıgilə gedəndən hər gün çıxıb otururdu qapıda, ömür-gün yoldaşının gələcəyi yollara baxa-baxa həyatını vərəqləyirdi.

Gəlib keçən illərin özü ilə apara bilmədiyi xatirələr var idi. Gözlərinin qabağına gələn üzlər arasında tanıdıqları da vardı, nə vaxtsa tanıyıb unutduqları da. Dizləri taqətdən düşsə də yaddaşı hələ ki möhkəm idi Mustafa kişinin. Otuz ilə yaxın vaxt keçmişdi o zamandan. Hər şeyi dəyişdirən illər ondan da yan keçməmişdi. Qocalmışdı. Yaman qocalmışdı...

Sovetlər birliyi təzə dağılmışdı onda. Bir Allahın bəndəsi bazarda meyvə-tərəvəz, pal-paltar, öz həyətinin, bağının məhsulunu satmağı man bilmirdi. Dolanmaq lazımıydı. Çörək aslanın ağzındaydı. İnsanlar səhərdən axşama qədər özlərini oda-közə vururdular ki, həmin çörək axşam süfrələrində olsun. Coğrafiya müəllimi Sahibin dərsdən sonra qəssablıq eləməsi daha lağa qoyulmurdu. Sahib müəllim Avstraliyanın təbiətindən, Cənubi Amerikanın coğrafi mövqeyindən, Everest zirvəsindən danışdığı vaxt kiminsə sinif qapısını döyüb “Sahib müəllim, sizdə qarın-bağırsaq, içalat var?” deməsini şagirdlər təəccüblə qarşılamırdılar daha. Vaxtilə vəzifədə olanlar, imkanlılar geri yanına qara gün üçün beşdən-üçdən atmamışdısa, əzab-əziyyətə məhkum idi.

Getdikcə bir az da şiddətlənən külək uzaqlardan Mustafa kişinin burnuna yanmış yağ qoxusu gətirdi. Bu qoxu Qırlı Eyvazı xatırlatdı ona. Bazarda piştaxtaların altına tökülmüş, bir yerə yığılmış tullantı kartofları gətirib evdə pirojki bişirtdirib satan Qırlı Eyvaz qəpik-qəpik yığdığı pullarla böyük biznes qurmuşdu. O vaxt günün altında çarıq-çürük kartof dənləməkdən qapqara qaralıb qır rəngdə olduğu üçün uzun boylu, arıq Eyvaza Qırlı ayamasını vermişdilər. Çətinliklə qazandığı üçün qəpiyinin qədrini bilmişdi Eyvaz. Nə bir adama əl tutmuşdu, nə də kiminsə ac qarnını doyurmuşdu. Qırlı Eyvaza Eyvaz müəllim deyirdilər artıq.

Vəzifədə olmasına baxmayaraq çox sadə bir insan idi Mustafa kişi. Daim camaat arasında olar, el-obanın xeyir-şərindən qalmazdı. Elçi getdiyi qapıdan kor-peşman qayıtdığı olmamışdı. Əgər elçiliyə o gəlmişdisə, vəssalam-şirinçay içilməliydi. Təbii, o da hər adamın qapısına ayaq basmazdı...

Uzaqlardan gələn küləyə qarışıb Mustafa kişinin qulağına doldu bu səs: “Vartaaan!” 13 yaşına çatsa da yoxsulluq üzündən sünnət olunmamışdı Mütəllimin kiçik oğlu Əvəz. Sinif yoldaşları ona “Vartan” deyərək lağ edirdilər. Məktəbə getməkdən imtina etmişdi Əvəz. Sinif rəhbəri dəfələrlə ata-anasına sifariş göndərsə və səbəbi bilmək üçün evlərinə getsə də Əvəz iki ayağını bir başmağa dirəyib məktəbə getməyəcəyini, uşaqların onu cırnatmaq üçün verdiyi Vartan adından utandığını demişdi. Günlərin birində məktəbin qarşısından keçdikdə bir dəstə oğlan uşağının öz həmyaşıdları olan başqa bir oğlana bu cür deyib qışqırmasının, gülüş hədəfi olan oğlanın isə ağlaya-ağlaya ordan qaçmasının şahidi oldu Mustafa müəllim. Maşını tez sürüb ağlayan uşağa çatmasını istədi sürücüdən. Sürücü siqnal verərək uşağı səslədi. Uşaq maşından düşən Mustafa müəllimi görəndə qorxu qarışmış heyrətdən ağzı ayaqqabısının ağzı kimi açıq qaldı. Mustafa müəllim maşından düşüb ona yaxınlaşdı:

- Nə olub, oğlum?

Uşaq hıçqırdı:

- Sinif yoldaşlarım mənə Vartan deyirlər.

- Niyə?

Uşaq özünü tox tutmağa çalışsa da bacarmadı, ağladı.

- Kişi də ağlayarmı? Özünü ələ al, mən də sənin əmin. De görüm, niyə ağlayırsan?

Amma bu sözlər də kara gəlmədi. Uşaq ağlamağının səbəbini demədi ki, demədi. Mustafa müəllim cibindən dəsmal çıxarıb onun gözlərinin yaşını sildi, atasının adını, evlərinin yerini soruşdu.

Qamış çəpərin qarşısındakı ev çiy kərpicdən hörülmüşdü. Maşın səsinə bayıra çıxan ev sahibi Mütəllim Mustafa müəllimi görəndə sevincindən karıxdı. O boyda vəzifə sahibinin onun daxmasına gəlişi gözlənilməz idi. Tez köynəyinin yuxarıda açıq qalmış iki düyməsini də düymələdi. Salam verdi çaş-baş halda. Bu həyəcanı aradan qaldırmağa çalışdı Mustafa müəllim:

- Yaman ağlağan oğlun var ha. Bu gün-sabah əsgər gedəcək, vətəni qoruyacaq, hələ də ağlayır.

Nə deyəcəyini bilmədi Mütəllim.

- Hə, bir az elədir, - dedi dili topuq vura-vura. Səsə Mütəllimin arvadı Sürəyya, yanında iki balaca qızı çıxdı çölə. Gələn adamın yad kişi olduğunu görüb quru xına rəngində olan baş örtüyünün bir qanadını ağzına tərəf apardı. Qızlardan bir az böyük olanı gedib evdən stul gətirdi.

Mustafa müəllim dünən şahidi olduğu hadisəni danışdı, uşağın niyə ağladığını soruşdu.

- Nə bilim, ay Mustafa müəllim, 12 yaşına çatıb, hələ kiçik toyunu eləməmişik, tay-tuşları bunu başına qaxınc edir, “Vartan” deyirlər, ona görə bir az utanır, - dedi Mütəllim.

Həmin həftə Mütəllimin oğlu Əvəzi müsəlman etdirdi Mustafa müəllim. Üstəlik, evini tikdirmək üçün daş almasına da köməklik göstərdi.

Yağış kəsmiş, günəş doğmuşdu. Əvəz daha ağlamırdı...

Mustafa müəllimin xeyirxah əməllərini saymaqla bitərmi? Bitməz, əlbəttə bitməz. Neçə imkansız gəncə toy eləmiş, müalicəyə, əməliyyata ehtiyacı olan neçə xəstənin şəfa tapması üçün varını əsirgəməmişdi...

İllər zamanın yollarında dağlar, ağaclar, çəmənlər, göllər, dənizlər kimi geridə qalmışdı. Günlər, aylar, ötür, qarşıdakı mənzərələr dəyişir, heç bir maneəyə, qadağaya baxmayaraq zaman öz yoluna davam edirdi. Başqa bir dövr gəlmişdi. Əsr biznes əsri idi. Dövrün nəbzini tutanlarla o nəbzin necə vurduğuna fikir verməyənlər arasında yer ilə göy, dağ ilə dərə qədər fərq yaranmışdı. Tərsinə dönmüşdü fələyin çərxi. Borca düşmüş, borcunu qaytarmaq üçün iyirmi hektar ərazini icarə edib taxıl əkmişdi Mustafa müəllim. Ona daha “Mustafa müəllim” demirdilər...

Qızıl-qırmızı bir iyun ayıydı. Gün yuxarıdan qartal kimi hücum çəkib adamın beyninə işləyir, əllərini, sir-sifətini yandırıb qaysar edirdi. Qapısında bir daşın üstündə oturub borcunun arxasınca gələn adamlara baxırdı. Vəzifədə olduğu vaxtlarda onun qapısında bir tikə çörək üçün quyruq bulayan, ac qarınlarını doyurduğu həmin kəslər indi taxılı daşımaq üçün növbəyə durmuşdular. Əsər-əlamət qalmamışdı Mustafa müəllimdən. Sahibi olduğu super marketin fəhlələrinə belə bir əmr vermişdi bir vaxtlar siqareti dənə-dənə satan Məmmədyar:

- Bir az cəld olun! Mustafa kişi, dur bunlara kömək elə də, nə oturmusan, görmürsən tələsirik?!

İstehza ilə Məmmədyarın yekə cəmdəyinə, daz başına, boğazından uzunqulaq quyruğu kimi sallanan qalstukuna baxıb bir zamanlar onun qapısında bir qarın yemək üçün necə yaltaqlanmağını, o, əyləşsin deyə qaçıb maşının qapısını açmasını, hər kəlməsində “Qadan alım, ay Mustafa müəllim, sənə gələn dərd-bəla mənə gəlsin” deməsini xatırlamışdı Mustafa kişi... Kövrəlmişdi... “Dağıl səni, dünya” demişdi fikirli-fikirli...

Qapısında böyük bir dağa bənzəyən taxıl azaldıqca Mustafa kişinin ümidi də azalmışdı. Öləzimişdi gözlərində yanan çıraq. Axşama yaxın borclular həmin “dağı” “şümlamışdılar”.

İndi payız günəşinin solan çöhrəsinə baxa-baxa o vaxt qapısında iri bir daşın üstündə oturmasını xatırladı. O vaxtkı kimi gözləri uzaqlara dikilmişdi yenə. İnsanların fürsətcil, girəvəçil, çörəyi dizinin üstündə olmasını, nadanlığını düşünürdü.

Bir it hürdü hardasa. Başqa itlər onun səsinə səs verdi. Bir az da uzaqlardan çaqqalların səsi qarışdı itlərin hürüşməsinə. Mustafa kişi taxılı daşımağa, borc verdikləri pulun faizini, faizinin faizini aparmağa gələn borclularını xatırladı. Yadındaydı, baxışlarının son dayanacağı olan ovcundakı 3-4 qızılı sünbül dənəsinə baxmış, fikrə getmişdi onda. Alnında puçurlayan tər damcıları, gözündən axan bir damla son ümid və ovcuna sığınmış “borc” zərrələri düşmüşdü yadına. Beyninə saplanmış bu sualın cavabını çox illər düşünmüşdü: “Görəsən balalarım nə yeyəcək?”

Onun baxışları yenə uzaqlara zillənmişdi - o uzaqlara ki, orda taxıldan bir dağ ucalmış və o dağı bir günün içində “şumlamışdı” borclular...

Uzaqlarda istisi, işığı öləziyərək dağların arxasında gizlənməyə hazırlaşan günəşə baxırdı Mustafa kişi. Günəş yatmağa gedirdi. Yavaş-yavaş o da günəş kimi yır-yığış edib çəkildi evinə. Həyat yoldaşı gələnə qədər evdə onu tənhalıq qarşılayacaq, qulaq yoldaşı televizor olacaqdı. Onun dadı-tamı dəyişməyən həyatına bir də səhər tezdən qonaq gələcəkdi günəş. Yenə yarpaqları küləyin bir toxunuşuyla tökülən ağaclara, üşüyən günəşə baxacaq, əlinin üstünü çənəsinə dayaq edərək xəyala dalacaqdı.

# 2449 dəfə oxunub

Müəllifin son yazıları

# # #