Sevginin fabulası ətrafında - II

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

23 noyabr 2022
# 17:00

Kulis.az Vüqar Vanın “Sevginin fabulası ətrafında - 2” adlı yazısını təqdim edir.

Bu yazını sevdiyi adamlarla evlənənlərə həsr edirəm.

Kiçik, lazımsız bir haşiyə çıxaq və dərhal yazıya başlayaq. Özümə yeni təxəllüs götürmüşəm. “Babazadə”ni “Van” eləmişəm. Oxucular ürkməsin. Mənəm.

Bu yaxınlarda meyxanaçı, lotu və oğru şair Baləlinin sevgi haqqında şeirini eşitdim və bu yazı həmin şeirdən ilhamlanaraq yarandı.

Şeir belədir:

Sevgi bir kitabdır, hərf bilmiyən,
Onu rahatlıqla oxuya bilər.
Heca anlamayan, rədif bilmiyən,
Sözü bir-birinə toxuya bilər.

O bir kitabdır ki, üz qabığına,
Müəllifin adın özün yazırsan.
Sonra həsrət qalıb gün işığına,
Hərflər aparan yolda azırsan.

Məhəbbət o deyil iş gücün atıb,
Hər dəfə yoluna çıxasan onun.
Sevgi o deyil, ox kimi batıb,
Gözünə, qəlbinə batasan onun.

Sevgi o deyil ki, əlindən tutub,
Bütün ümidlərini yıxasan onun.
Sevgi o deməkdir, o yıxılanda
Yetişib əlindən tutasan onun.

Sevgi o deyil ki, saatını satıb,
Barmağına bir üzük taxasan onun.
Sevgi o deməkdir, bir saat görüb,
Əvəzinə dünyanı satasan onun.

Qoymaram dodağın ölümdən deyə,
Mən özüm ölərəm bilirsən niyə?
Torpağın altında yatarsan deyə,
Torpağın üstündə gəzə bilmərəm.
Mən bu ayrılığa dözə bilmərəm.

Bu şeiri eşidəndən sonra, məni tok vurdu. Dəhşətə gəldim. Füzulidən üzübəri belə sevgi şeiri yazan olmayıb. Deyir, sevgi bir kitabdır. Doğrudan da, çox qiymətli sözlərdir. Bu şeiri eşidəndən sonra mənə bir sıra məsələlər aydın oldu. Nədir bu məsələlər?

Sevgi haqqında çoxdan yazmaq istəyirdim, amma bir neçə həftədir xeyli götür-qoy edirdim ki, yazım, yazmayım? Nə yazım? Təzə nə deyə bilərəm sevgi haqqında? Deyilməyən nəsə qalıbmı? Amma məlum oldu ki, Baləli ağına-bozuna baxmadan bir sevgi şeiri yazıb və bunu ən məşhur televiziya kanalların birindən səsləndirir. Öz-özümə dedim ki, vəssalam. Sən artıq matsan.

Baləli məsələni həll edib. Baləlinin həyatla heç bir problemi qalmayıb. Baləli həyatı acığa düşüb yaşayır. Baləli cənnətdən qovulmuş adamlardan biridir. Baləli ayrı bir dalğadadır. Bu şeiri yazan və onu ən məşhur televiziya kanallarının birindən səsləndirən meyxanaçı necə olubsa bir sıra sadə həyat həqiqətlərinə çatıb.

Bu sadə həyat həqiqətlərindən biri də budur ki, sevgi bayağılıqdır. Sevəndə düşükləşirsən. Səviyyəsiz olursan. Sevgi Baləli kimi bir şeydir. Əgər Baləli hiss olsaydı, mütləq sevgi olardı. Bu haqda az sonra.

Var belə adamlar. Heç bir kitab oxumur, heç bir film izləmir, adi bir cümlə qura bilmir, bakenbordlarını kvadrat formasında kəsdirir, çeçələ barmağının dırnağını uzun saxlayır ki, dişlərini, qulağını eşsin. Amma baxırsan ki, bir sıra sadə həyat həqiqətlərinə çatır. Bu nə hikmətdir başa düşmürəm?

Yəqin, həyat bu insanları özü bir mərtəbəyə gətirib çıxarıb. Baləli də bunlardan biridir. Onun yazdığı şeirdirmi? Yox. Bu sevgi haqqında şeirdirmi? Heç yox. Bu nədir bəs? Heç nə. Bu sadəcə Baləlinin həyatla bir zarafatıdır. Baləli bizi dolayır, o meyxanaçı hamını ələ salır. Güclü ironiyası var onun. Baləli bu şeiri yazmaqla, sevgi haqqında indiyə qədər nə qədər şedevr əsər varsa – Füzulidən Şekspirə kimi – hamısı ilə məzələnib. Başqa ad tapmaqda acizəm.

Dostlar, oxucular qınasalar da, qınamasalar da, bu yazını yazmağı özümə borc bilirəm. Sevgi haqqında nə yazsan, təkrara girir. Sevgi haqqında nə desən, pafoslu çıxır. Sevgi haqqında nə eləsən, sentimental, bayağı, banal olur. Əslində, niyə özümüzü aldadırıq? Sizə alternativ üsul təqdim edirəm.

Hamımızın içində Baləli var. Hamımızın içində bayağılıq, səviyyəsizlik, düşüklük, bambılılıq var və bu səviyyəsizlik, bayağılıq şkalası içimizdəki Baləlinin miqdarından asılıdır. Ola bilər ki, kiminsə içində 1 dənə Baləli var. Ola bilər ki, kiminsə içində 7 dənə Baləli var. Ola bilər ki, kiminsə içində 19 dənə Baləli var. Gəlin, bu yazıda əl-ələ verək və həmin Baləliləri üzə çıxaraq.

Bu yaxınlarda bir dostumgildə qalası oldum. Necəsə divanda yuxulamışam, amma şüurum yerində idi. Səsləri və hərəkətləri hələ eşidirdim. Dostum ədyal gətirib üstümə sərdi, səliqəylə çiyinlərimi, ayaqlarımı örtdü, işığı söndürüb getdi.

Vallah, çox bayağıdır, bilirəm. Çox düşük sözlərdir bunlar, bilirəm. Amma bu hərəkət mənə o qədər xoş təsir bağışladı ki, dərhal onun ölümünü fikirləşdim. Dedim, pərvərdigara, axı mənim bu dostum birdən sabah ölsə, görəsən, nə edərəm? Nə edə bilərəm? Kiçik bir sevgi məni o qədər bayağılaşdırdı ki, az qaldı orda dostumun gələcəkdə öldüyü üçün ağlayım.

İncil “sev” əmri ilə başlayır. Vay, vay, vay. Görün necə gözəldir. Quran “oxu” ilə başlayır. Tövrat “yaşat”la. Biz isə nə sevirik, nə oxuyuruq, nə də yaşadırıq. (Bu hissəni xarici bir mətndən oğurlamışam)

Bəli, sevgi adamı kifayət qədər bayağı, kifayət qədər səviyyəsiz edir. Təxminən, Baləli kimi. Amma nə edək? Kim deyir ki, səviyyəsiz, bayağı olmaq pisdir? Mən demirəm. Kim deyir bəs? Səviyyəsiz, bayağı olmaq pis bir şey deyil.

Sevgi adamı yüngülləşdirir. Ayaqların yerdən üzülür, havada süzülürsən, ağzına nə gəlir danışırsan, ağlına nə gəlir edirsən. Sevgi adamı xoşbəxt eləyir. Sevgi məntiqin düşmənidir.

Sevgi adamı xoşbəxt elədiyi üçün azərbaycanlılar sevən adama, sevilən insana, geniş mənada, sevgiyə qarşı çox amansızdır. Sənin ayaqların yerdən üzülüb, xoşbəxtsən, içində kəpənəklər uçuşur, sevgi ilə dolusan, xam və şirin xəyallar qurursan, bu sevgini kiməsə danışırsan, kimləsə bölüşürsən. Dərhal qarşısındakı azərbaycanlıdırsa deyir:

– Sevgiylə qarın doymur e, arvad ət istəyəndə onda sənə deyəcəm. Sevgiyə çörək batırıb yeyəcəksiz?

Qalırsan mat-məəttəl ki, adam nə qədər həyasız ola bilər? Hə, tutaq ki, sevgi qarın doyurmur, indi mən nə edim? Neynəməliyəm? Sevgi qarın doyurmur, doyurmur da. Bu sevginin funksiyası da deyil heç. Sevginin funksiyası insanın xoşbəxt və bədbəxt eləməkdir. Kim deyir ki, sevgi qarın doyurur?

İndi guya bunlar söz bilirlər də. Sevgiyə çörək batırıb yemək olmur. Ba, ba, ba. İki gözlərimiz aydın. Bəlkə, mən sevgiyə çörək batırıb, yeyəcəm? Sənin nəyinə lazımdır? Bəlkə, mənim arvadım ət yeməyəcək, vegeterian olacaq? Bəlkə, heç mən evlənməyəcəm?

Sevən adama dəli, məcnun, axmaq, sarsaq, avara adam kimi baxırlar. Onun hisslərini, əzablarını ciddi qəbul etmirlər. Sevən adam gözlərinin düşmənidir. Ölüm ayağında ona bir stəkan su verməzlər. Ya gərək yaxşı pulun ola sevəsən, ya da sevməyəsən.

Bu məsələ, çox uzun söhbətdir, yaxşısı budur, yavaş-yavaş yığışdırım yazının əl-ayağını.

Söhbət təkcə qarşı cinsə sevgidən getmir. İnsan sevgi ilə yaşayır. Əgər içimizdəki sevgi hissi ölsə, biz də quruyub ölərik. Təbiətə, heyvanlara, özünə, pula, işinə, uşağına, peşənə, nəyəsə sevgin olmasa, demək ki, yaşaya bilməyəcəkən.

Füzulinin sevgi haqqında dəhşətli bir beyti var:

Güli-rüxsarinə qarşı gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Burda çoxları elə bilir ki, Füzuli deyir, səni görəndə mənim gözümdən qanlı su axır. Axar suları bulandırır-filan. Yox, elə deyil. Elə deyil. Gözdən necə qanlı su axa bilər? Belə şey mümkün deyil. Bəs nə deyir burda? Deyim necədir. Dəhşətdir, doğrudan da, hikmət dəryasıdır.

Deyir ki, sənin gül çöhrəni görəndə gözümdən yaş axar. Yanaqların o qədər gözəldir, o qədər qırmızıdır ki, onun əksi mənim gözümdən axan şəffaf yaşda əks olunar və elə bilərəm ki, gözümdən qanlı su axır.

Adam bunu necə yazar? Sevgi haqqında bundan gözəl misra nə ola bilər? Təbii ki, Baləlinin “sevgi bir kitabdır” şeirini də unutmuruq. Hərənin içində bir Baləli olduğu kimi, hərənin içində ümid edirəm ki, ən azı 0,1 dənə Füzuli var.

Siz də bəyəndiyiniz şeirləri [email protected] ünvanıma göndərə bilərsiz. Zarafat edirəm, elə düşüklük eləməyin.

Əksər adamlar sevgini çox səviyyəsizləşdiriblər. Sevgi haqqında o qədər mənasız, düşük, lazımsız sözlər deyirlər ki, avtomatik olaraq, sevginin gücü azalır. Sevgi banallaşır.

Yalandan nə deyim burda sizə? Deyirlər ki, sevgi inanmaqdır, nə bilim sevgi həqiqətdir, sevgi sənsən, sevginin dünəni yoxdur, sevginin srağagünü yoxdur, sevgi ən gözəl sənət əsəridir, sevmək yaşamaqdır, sevmək. Sevmək sevdiyi olmaqdır. Sevməkdə iki olub sonradan bir olmaqdır. İki bədən, iki ürək, iki qəlb yoxdur sevgidə. Tək bir ürək, tək bir qəlb vardır sevgidə. Sevmək paylaşmaqdır. Sevdiyiylə sevdiyini paylaşmaqdır. Sevdiyi ilə ürəyini bölüşməkdir sevmək. Sevgidə son yoxdur. Sevgilər heç bir zaman bitməz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır.

Belə düşük-düşük söhbətlər edən insanlar görsəniz dərhal ondan uzaqlaşın. Hisslərinizi istismar edib, sizdən istifadə edirlər. Adətən belə adamlar motivator, həyat kouçları-filan olur. Boş-boş sevgi haqqında danışır.

Kiməsə sevmək-sevilmək arzulaya bilmərəm. Kimin taleyində nə varsa, nə qərar verəcəksə, necə yaşamaq istəyəcəksə elə də yaşayacaq. Boş-boş xeyir-dua verməyin nə mənası var?

# 2861 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #